Ana Sayfa > Siyasət > Üçrəngli bayrağımız milli qürurumuzdur
Üçrəngli bayrağımız milli qürurumuzdurBu gün, 13:16. Yazar: azer |
![]() Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın azadlıq iradəsini, milli kimliyini və müstəqil dövlət qurmaq əzmini özündə birləşdirən müqəddəs rəmzdir. O, tariximizin müxtəlif mərhələlərində xalqımızın istiqlal arzularını ifadə edib, dövlət müstəqilliyimizin bərpası ilə yenidən milli qürur mənbəyinə çevrilib. Bu gün üçrəngli bayrağımızın ölkəmizin hər yerində, eləcə də vaxtilə işğal altında olmuş ərazilərimizdə əzəmətlə dalğalanması milli iradəmizin, tarixi ədalətin və dövlət suverenliyimizin təntənəsidir. Noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü isə bu müqəddəs rəmzin xalqımızın həyatında tutduğu yeri bir daha dərk etmək, onun tarixi mənasını gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Dövlət Bayrağının mahiyyətini açıqlayarkən onun dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olduğunu xüsusi vurğulayırdı. Ulu Öndərin bu fikri bayrağımıza münasibətin mahiyyətini müəyyənləşdirir: söhbət yalnız dövlət atributuna ehtiramdan deyil, müstəqilliyin dəyərini anlamaqdan, milli tarixə sahib çıxmaqdan və dövlətin gələcəyinə məsuliyyətlə yanaşmaqdan gedir. Məhz buna görə də hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçrəngli bayrağımızın hansı tarixi mübarizənin nəticəsi olduğunu bilməli, onun daşıdığı mənəvi dəyərləri yaşatmalıdır. Dövlət Bayrağı Gününün tarixi Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal salnaməsi ilə sıx bağlıdır. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilib və Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bu hadisə xalqımızın müstəqil dövlətçilik iradəsinin rəsmi ifadələrindən biri kimi tarixə düşüb. Bayrağımız 1920-ci ilin aprel ayınadək dövlət statusunu qoruyub. Cümhuriyyətin süqutundan sonra onun rəsmi istifadəsi dayandırılsa da, üçrəngli bayraq xalqın istiqlal düşüncəsində yaşamaqda davam edib. Bayrağın rənglərində ifadə olunan ideoloji məzmun da milli dövlətçilik tariximizin mühüm səhifəsidir. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri milli istiqlal ideologiyamızın əsas istiqamətlərini müəyyənləşdirib. Üçrəngli bayrağımız bu ideyaları birləşdirərək milli mənsubiyyətimizə, mənəvi dəyərlərimizə və müasir dünyanın ümumbəşəri ideallarına bağlılığımızı ifadə edir. Onun rəngləri keçmişlə gələcək, milli köklərlə müasir inkişaf arasında mənəvi körpü yaradır. Müstəqillik tariximizin mürəkkəb mərhələsində bayrağımızın yenidən dövlət rəmzi kimi ucaldılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edildi. Həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə də qərar verildi. Sovet hakimiyyətinin hələ mövcud olduğu bir vaxtda atılan bu addımlar milli dövlətçilik iradəsinin cəsarətli ifadəsi idi. Naxçıvanda qəbul edilmiş qərarlar Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesinə də təsirsiz qalmadı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağımızı yenidən dövlət rəmzi elan etdi. Həmin il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan dövləti öz tarixi rəmzlərini bərpa etdi. Beləliklə, bayrağımızın yenidən yüksəlişi xalqımızın müstəqillik mübarizəsinin mühüm nəticələrindən birinə çevrildi. Bu tarixi irsin qorunması dövlət səviyyəsində ardıcıl siyasətlə müşayiət olunur. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib. Həmin günün qeyri-iş günü olan bayramlar sırasına daxil edilməsi onun ictimai və mənəvi əhəmiyyətini daha da artırıb. Dövlət Bayrağı Meydanının yaradılması, burada Bayraq Muzeyinin fəaliyyət göstərməsi də milli rəmzimizə göstərilən ehtiramın mühüm ifadəsidir. Meydanın 2024-cü il noyabrın 8-də yenidən açılması və dünyanın ən böyük bayrağının burada dalğalanması dövlətçilik qürurumuzun əyani təcəssümüdür. Bu gün üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanması xalqımızın keçdiyi tarixi yolun və qazandığı nailiyyətlərin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə Dövlət Bayrağının ucaldılması milli yaddaşımıza qızıl hərflərlə yazılıb. Bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması suverenliyimizin, milli birliyimizin və gələcəyə inamımızın təntənəsidir. Bu müqəddəs rəmz qarşısında hər birimizin borcu müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək və Azərbaycan bayrağının daim yüksəklərdə dalğalanması üçün məsuliyyətlə çalışmaqdır. Emil Tağıyev, YAP Xaçmaz rayon təşkilatının sədri. Geri dön |