Ana Sayfa > Siyasət > Aydın Hüseynov: “Üçrəngli bayrağımız milli qürurumuzun və zəfərimizin rəmzidir"

Aydın Hüseynov: “Üçrəngli bayrağımız milli qürurumuzun və zəfərimizin rəmzidir"


Bu gün, 13:04. Yazar: azer
Aydın Hüseynov: “Üçrəngli bayrağımız milli qürurumuzun və zəfərimizin rəmzidir"

“Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın azadlıq iradəsini, dövlətçilik ənənələrini və müstəqil yaşamaq əzmini özündə birləşdirən müqəddəs rəmzdir. Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü bu rəmzə ehtiramımızı ifadə etməklə yanaşı, milli tariximizə, müstəqilliyimizin əldə olunması və qorunması uğrunda mübarizəmizə nəzər salmaq üçün də mühüm fürsətdir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin quruculuq irsi ilə sıx bağlıdır. Məhz 1918-ci il noyabrın 9-da qəbul edilən bu bayraq xalqımızın milli istiqlal ideyasının dövlət rəmzinə çevrildi. Onun mavi, qırmızı və yaşıl rəngləri türkçülük, müasirlik və islamçılıq prinsiplərini ifadə etməklə milli kimliyimizin, mənəvi dəyərlərimizin və dünyaya açıq baxışımızın vəhdətini nümayiş etdirir. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü bu ideoloji düstur zamanın sınağından keçərək bu gün də öz əhəmiyyətini qoruyur. Dövlət Bayrağı Gününün təsis edilməsi isə milli rəmzimizə göstərilən ehtiramın dövlət səviyyəsində təsdiqidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu günün hər il qeyd olunması bayrağımızın ictimai həyatımızdakı mövqeyini daha da möhkəmləndirib. Bayrağa sevgi, əslində, Vətənə, dövlətə və xalqın tarixi yaddaşına sədaqətin ifadəsidir.”

Milli Məclisin deputatı Aydın Hüseynov bunları aia.az-a verdiyi açıqlamasında bildirib.

Millət vəkili fikirlərini davam etdirərək bildirib ki, üçrəngli bayrağımızın müstəqil dövlətimizin rəsmi atributu kimi bərpası Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü ilə birbaşa bağlıdır: “Sovet hakimiyyətinin hələ mövcud olduğu mürəkkəb şəraitdə Naxçıvanda milli bayrağın qaldırılması və dövlətçilik rəmzləri ilə bağlı qərarların qəbul edilməsi müstəqilliyə aparan yolun mühüm siyasi hadisələrindən idi. Ulu Öndərin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi təsdiqləndi, daha sonra onun bütün Azərbaycan üçün dövlət rəmzi kimi qəbul olunması istiqamətində addımlar atıldı. Bu təşəbbüs milli yaddaşın qorunması ilə yanaşı, gələcək müstəqil dövlətin ideoloji əsaslarının möhkəmləndirilməsinə xidmət edirdi. Müstəqilliyin bərpasından sonra bayrağımız Konstitusiyada təsbit edilən dövlət rəmzlərimizdən birinə çevrildi və onun istifadəsi qanunvericiliklə tənzimləndi. Bayrağın təsviri, rəngləri, aypara və səkkizguşəli ulduz kimi elementləri dövlətçiliyimizin hüquqi çərçivəsində öz əksini tapır. Lakin bu rəmzin əhəmiyyəti yalnız hüquqi normalarla məhdudlaşmır. Bayraq xalqın ortaq mənsubiyyət hissini gücləndirir, fərqli nəsilləri və cəmiyyətin müxtəlif təbəqələrini vahid milli məfkurə ətrafında birləşdirir. Heydər Əliyevin dövlət rəmzlərinə sevgi ilə bağlı çağırışları da bu baxımdan xüsusi məna daşıyır: bayrağa hörmət ailədən, məktəbdən və gündəlik vətəndaş davranışından başlayır. Dövlət rəmzlərinə ehtiram hər bir vətəndaşın konstitusion vəzifəsi olmaqla yanaşı, milli məsuliyyətinin də göstəricisidir”.

Sonda Parlament üzvü bunu da qeyd edib ki, bu gün Azərbaycan Bayrağı yalnız dövlət müəssisələrinin üzərində deyil, xalqımızın qazandığı tarixi uğurların, milli birliyin və gələcəyə inamın ifadəsi kimi ucalır: “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, burada Dövlət Bayrağı Muzeyinin fəaliyyət göstərməsi milli dövlətçilik tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Muzeydə müxtəlif tarixi dövrlərə aid bayraqların və dövlətçilik irsimizi əks etdirən eksponatların nümayişi keçmişlə bu gün arasında mənəvi körpü yaradır. Xüsusilə, Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunan ekspozisiyalar üçrəngli bayrağımızın müasir tariximizdəki yerini daha aydın göstərir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Dövlət Bayrağımızın həmin torpaqlarda ucaldılması suverenliyimizin bərpasını və tarixi ədalətin təntənəsini təcəssüm etdirir. Şuşada, Xankəndidə və digər doğma yurdlarımızda dalğalanan bayraq artıq yalnız arzu və mübarizə rəmzi deyil, xalqımızın iradəsinin və dövlətimizin gücünün gerçək ifadəsidir. Ulu Öndər Heydər Əliyevin bayrağımızın daim yüksəklərdə dalğalanacağına dair inamı bu gün müstəqil Azərbaycanın reallığında öz təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyimizin möhkəmləndirilməsi, azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin həyata keçirilməsi bu rəmzin daşıdığı mənanı daha da zənginləşdirir. Bayrağımızın əzəməti onun ölçüsü ilə deyil, arxasında dayanan xalqın birliyi, dövlətin qüdrəti və gələcəyə yönəlmiş məqsədləri ilə müəyyən olunur. Onu qorumaq, uca tutmaq və gələcək nəsillərə sevgi ilə ötürmək hər birimizin mənəvi borcudur” – deyə, Aydın Hüseynov fikirlərini tamamlayıb.

Geri dön