Ana Sayfa > Siyasət > Zəfər Günü – Milli birliyimizin və sarsılmaz iradəmizin iftixarıdır
Zəfər Günü – Milli birliyimizin və sarsılmaz iradəmizin iftixarıdırBu gün, 10:10. Yazar: azer |
![]() 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli əzminin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasına olan sarsılmaz iradəsinin təcəssümüdür. 44 gün davam edən Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə ölkəmizin uzun illər davam etmiş işğala son qoymaq qətiyyətini, müstəqil siyasət həyata keçirmək imkanlarını və ümummilli məqsədlər naminə bir araya gəlmək gücünü bütün dünyaya göstərdi.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan bu tarixi uğur güclü hərbi hazırlığın, uzaqgörən siyasi strategiyanın və xalqla ordunun sarsılmaz birliyinin nəticəsi idi. Qələbəyə aparan yolun əsasını qoyan mühüm amillərdən biri də Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik kursunun cənab Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi oldu. Silahlı Qüvvələrin gücləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və cəmiyyətdə milli həmrəyliyin inkişaf etdirilməsi ölkəmizin tarixi Qələbəyə hazırlanmasında mühüm rol oynadı. Müharibə dövründə Ali Baş Komandanın nümayiş etdirdiyi qətiyyət xalqın dövlətə və orduya inamını daha da gücləndirdi, “Dəmir yumruq” ifadəsi isə ümummilli birliyin və həmrəyliyin rəmzinə çevrildi. Vətən müharibəsi dövründə Azərbaycan təkcə hərbi əməliyyatlar meydanında deyil, eyni zamanda informasiya və diplomatiya sahəsində də ciddi mübarizə aparmalı oldu. Cənab Prezident İlham Əliyevin xarici media qurumlarına verdiyi müsahibələr, konkret faktlara söykənən çıxışları və fəal diplomatik fəaliyyəti ölkəmizə qarşı aparılan qərəzli təbliğatın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistan tərəfinin yaydığı əsassız məlumatların və yalanların təkzib olunması dövlətimizin haqlı mövqeyinin dünyada daha düzgün dərk edilməsinə imkan yaratdı. Millət vəkili qeyd edib ki, informasiya müstəvisində qazanılan nailiyyətlərin təməlində də xalqın birliyi və siyasi həmrəylik dayanırdı. Müharibənin bütün gedişində Azərbaycan vətəndaşları öz dövlətinə və ordusuna dəstəyini nümayiş etdirdi. Cəbhə xəttində böyük şücaət göstərən hərbçilərimizlə yanaşı, arxa cəbhədə fəaliyyət göstərən insanlar da Qələbənin əldə olunmasına öz töhfələrini verdilər. Hərbi əməliyyatların diplomatik və siyasi fəaliyyətlə uzlaşdırılması qarşıya qoyulan hədəflərə daha qısa müddətdə nail olunmasına şərait yaratdı. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Zəfərin ən mühüm və həlledici hadisələrindən biri kimi xalqımızın mənəvi qüdrətini, milli ruhunu və tarixi köklərinə bağlılığını bir daha nümayiş etdirdi. 2023-cü ilin sentyabrında isə Azərbaycanın öz suverenliyini ölkənin bütün ərazisində tam bərpa etməsi dövlətçilik tariximizin yeni səhifəsini açdı. Eyni zamanda, əldə olunan Qələbənin nəticələrinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də mühüm əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı yenidənqurma işləri, müasir infrastrukturun yaradılması və “Böyük Qayıdış” proqramının icrası azad olunmuş torpaqlarda sosial və iqtisadi həyatın bərpasına xidmət edir. Tarixi Zəfər Azərbaycanın qarşıdakı inkişaf mərhələsi üçün etibarlı təməl formalaşdırıb. Hazırda ölkəmiz hərbi sahədə əldə etdiyi nailiyyətləri quruculuq prosesləri, iqtisadi tərəqqi və regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində gördüyü işlərlə davam etdirir. Ölkə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan dövlət siyasəti Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmləndirilməsinə, milli maraqlarının etibarlı şəkildə müdafiəsinə və tarixi Qələbənin yaratdığı imkanların gələcək nəsillər üçün qorunub saxlanılmasına xidmət edir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |