Ana Sayfa > Özəl > Arıqlama iynələrindən istifadə edənlərə xəbərdarlıq – Üzdə erkən qocalma əlamətləri yarana bilər
Arıqlama iynələrindən istifadə edənlərə xəbərdarlıq – Üzdə erkən qocalma əlamətləri yarana bilərBu gün, 19:39. Yazar: vasif |
![]() Son dövrlər artıq çəkidən xilas olmaq üçün istifadə edilən arıqlama iynələrinin sürətli çəki itkisi ilə əlaqəli bəzi estetik dəyişikliklərə səbəb ola biləcəyi bildirilir. Türkiyəli dermatoloq, professor Özlem Su Küçük xəbərdarlıq edib ki, qısa müddətdə çox çəki itirmək üz dərisinin sallanmasına, qırışların dərinləşməsinə və insanın olduğundan daha yaşlı görünməsinə gətirib çıxara bilər. Mütəxəssisin sözlərinə görə, piylənmə və şəkərli diabetin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid preparatlarla arıqlayan bəzi insanlarda üz nahiyəsində nəzərəçarpan dəyişikliklər müşahidə edilir. Xüsusilə sürətli çəki itkisi zamanı yalnız piy deyil, əzələ kütləsi də azala bilər. Nəticədə yanaqların çökməsi, almacıq sümüklərinin daha qabarıq görünməsi, gözaltı nahiyədə çökəklik və boyun dərisində sallanma yarana bilər. Professor bildirib ki, həftədə bir kiloqramdan artıq çəki itirən şəxslərdə belə dəyişikliklər daha nəzərəçarpan ola bilər. Onun sözlərinə görə, bu səbəbdən üz dolğusu və digər kosmetik prosedurlara maraq da artır. Lakin hər hansı estetik müdaxilədən əvvəl dermatoloqla məsləhətləşmək vacibdir. Həkim vurğulayıb ki, bu dəyişikliklər yalnız arıqlama iynələrinə xas deyil. Piylənmə əməliyyatı keçirən və ya başqa üsullarla qısa müddətdə çox çəki itirən insanlarda da oxşar hallar müşahidə oluna bilər. Qeyd edək ki, bu preparatların birbaşa bioloji qocalmanı sürətləndirdiyi sübut olunmayıb. Söhbət əsasən sürətli çəki itkisi nəticəsində üzün görünüşündə yaranan dəyişikliklərdən gedir. Həkim təyinatı ilə istifadə edilən dərmanları özbaşına dayandırmaq olmaz. Geri dön |