Ana Sayfa > Siyasət > Üçrəngli bayrağımız tariximizin, qürurumuzun və zəfərimizin nişanəsidir
Üçrəngli bayrağımız tariximizin, qürurumuzun və zəfərimizin nişanəsidirBu gün, 08:57. Yazar: azer |
![]() Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın azadlıq uğrunda mübarizəsini, milli mənsubiyyətini və müstəqil dövlətçilik ideallarını özündə əks etdirən ən müqəddəs rəmzlərdən biridir. Tarixin müxtəlif dövrlərində xalqımızın istiqlal düşüncəsinin ifadəsinə çevrilən bu bayraq dövlət müstəqilliyimizin yenidən bərpasından sonra milli qürur və birlik simvolu kimi öz layiqli yerini tutub. Bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün bölgələrində, o cümlədən uzun illər işğal altında qalmış torpaqlarımızda qürurla dalğalanması milli iradəmizin, bərpa olunmuş tarixi ədalətin və dövlət suverenliyimizin parlaq göstəricisidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü isə xalqımızın həyatında xüsusi yeri olan bu müqəddəs rəmzin tarixi əhəmiyyətini bir daha xatırlamaq, onun mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev Dövlət Bayrağımızın mahiyyətindən bəhs edərkən onun Azərbaycanın dövlətçiliyini və müstəqilliyini təcəssüm etdirdiyini dəfələrlə qeyd edib. Ulu Öndərin bu yanaşması bayrağımıza olan ehtiramın əsl mahiyyətini ortaya qoyur. Çünki bayrağa hörmət yalnız dövlət atributuna münasibətlə məhdudlaşmır, eyni zamanda müstəqilliyin qiymətini bilmək, milli tariximizi qorumaq və dövlətimizin gələcəyi qarşısında məsuliyyət daşımaq deməkdir. Bu baxımdan hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər üçrəngli bayrağımızın hansı tarixi mübarizənin və milli arzuların nəticəsində yarandığını dərindən bilməli, onun ifadə etdiyi mənəvi prinsipləri yaşatmalı və gələcək nəsillərə ötürməlidir. Dövlət Bayrağı Gününün yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri və istiqlal mübarizəsi ilə birbaşa əlaqəlidir. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında qəbul olunub və həmin gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binanın üzərində ucaldılıb. Bu mühüm hadisə xalqımızın müstəqil dövlət qurmaq iradəsinin rəsmi təsdiqlərindən biri kimi tarixə yazılıb. Üçrəngli bayrağımız 1920-ci ilin aprel ayına qədər dövlət rəmzi statusunu qoruyub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağın rəsmi istifadəsinə son qoyulsa da, o, xalqımızın azadlıq və istiqlal düşüncəsində yaşamaqda davam edib. Üçrəngli bayrağımızın hər bir rəngi dərin ideoloji və mənəvi məna daşıyır. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq ideyaları Azərbaycan milli dövlətçilik düşüncəsinin əsas prinsiplərini formalaşdırıb. Bayrağımızda birləşən bu üç istiqamət xalqımızın milli kimliyinə, tarixi-mənəvi köklərinə və müasir dünyanın inkişaf prinsiplərinə bağlılığını ifadə edir. Bu baxımdan üçrəngli bayraq yalnız dövlətimizin rəsmi atributu deyil, həm də keçmişimizlə gələcəyimizi, milli dəyərlərimizlə müasir inkişaf hədəflərimizi birləşdirən mühüm mənəvi simvoldur. Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtələrindən biri də üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi olub. Bu tarixi proses Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə sıx bağlıdır. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi təsdiq edilib. Eyni zamanda, həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” ifadəsinin çıxarılması haqqında qərar qəbul olunub. Sovet hakimiyyətinin hələ qüvvədə olduğu bir dövrdə atılan bu addımlar xalqımızın milli azadlıq və dövlətçilik iradəsinin cəsarətli nümayişi idi. Naxçıvanda qəbul edilən qərarlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolda mühüm siyasi və mənəvi təsir göstərdi. Növbəti mərhələdə, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağımıza yenidən dövlət rəmzi statusu verdi. Həmin il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan dövləti öz tarixi dövlətçilik atributlarını bərpa etdi. Bununla da üçrəngli bayrağımızın yenidən ucaldılması xalqımızın uzun illər davam edən müstəqillik mübarizəsinin mühüm qələbələrindən biri oldu. Milli dövlətçilik irsimizin və bayrağımızın tarixi əhəmiyyətinin qorunması bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Cənab Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edilib. Bu əlamətdar tarixin qeyri-iş günü hesab olunan bayramlar sırasına daxil edilməsi onun cəmiyyətimizdəki ictimai və mənəvi mövqeyini daha da gücləndirib. Bakıda Dövlət Bayrağı Meydanının salınması və burada Bayraq Muzeyinin yaradılması da dövlətimizin milli rəmzimizə verdiyi yüksək dəyərin göstəricisidir. Meydanın 2024-cü il noyabrın 8-də yenidən istifadəyə verilməsi və dünyanın ən böyük bayrağının burada dalğalanması Azərbaycan xalqının dövlətçilik qürurunu və milli kimliyini əks etdirən mühüm hadisədir. Hazırda üçrəngli Dövlət Bayrağımızın ölkəmizin ən uca məkanlarında dalğalanması xalqımızın tarixi mübarizəsinin, birliyinin və əldə etdiyi böyük uğurların rəmzinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilərdə Azərbaycan bayrağının yüksəldilməsi milli tariximizin ən qürurverici hadisələri sırasında yer alıb. Uzun illər həsrətində olduğumuz doğma torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması dövlət suverenliyimizin tam bərpasını, xalqımızın sarsılmaz birliyini və gələcəyə olan inamını nümayiş etdirir. Bu müqəddəs rəmz hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Bizim əsas vəzifəmiz müstəqil dövlətimizi qorumaq, dövlətçilik ənənələrimizi daha da möhkəmləndirmək, milli birliyimizi daim gücləndirmək və üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanması naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməkdir. Anar Abbasov, YAP Nərimanov rayon təşkilatının sədr müavini. Geri dön |