Ana Sayfa > Ölkə > YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib
YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilibBu gün, 18:29. Yazar: azer |
![]() 4 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qürurla yazılan tarix, nəsillərə ötürülən Zəfər!” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “8 Noyabr – Zəfər Gününün Azərbaycan dövlətçilik tarixində yeri və əhəmiyyəti” mövzusunda çıxış edərək bu tarixi Qələbənin xalqımızın milli qürurunun, dövlətimizin gücünün və müstəqil siyasətinin təntənəsi olduğunu vurğulayıb. YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Zəfərimizin siyasi və ideoloji əsasları, milli birliyin Qələbədə rolu” mövzusunda çıxışında Azərbaycan xalqının birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun gücü sayəsində tarixi Zəfərin əldə olunduğunu qeyd edib. Bildirib ki, bu Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun və milli həmrəyliyin məntiqi nəticəsidir. Daha sonra Zəfər tariximizə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmə baxış zamanı iştirakçılara Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və tarixi Qələbəyə gedən şanlı yol bir daha xatırladılıb. Tədbirdə çıxış edən Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva “Zəfərdən doğan milli qürur və Vətənə bağlılıq hissinin gələcək nəsillərə aşılanması” mövzusunda fikirlərini bölüşüb. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və Zəfər tariximizin daim yaşadılmasının vacibliyini diqqətə çatdırıb. Mingəçevir Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zahid Qasımlı “Zəfər tariximizin təbliğində informasiya siyasətinin və ictimai maarifləndirmənin rolu” mövzusunda çıxış edərək qazanılmış tarixi Qələbənin həqiqətlərinin ictimaiyyətə, xüsusilə də gənc nəslə düzgün çatdırılmasının əhəmiyyətindən danışıb. Millət vəkilinin köməkçisi, ehtiyatda olan mayor Pərviz Məmmədov isə “Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi strategiyası və qələbəni şərtləndirən amillər” mövzusunda çıxışında Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, müasir hərbi strategiyası, peşəkarlığı və qəhrəmanlığının Zəfərin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Çıxışlarda qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının iradəsinin, milli birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür. 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşına əbədi həkk olunmuş, gələcək nəsillər üçün qürur və örnək mənbəyinə çevrilmişdir. Dəyirmi masa ətrafında aparılan müzakirələrdə Zəfər tarixinin qorunması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qazilərimizin fədakarlığının daim uca tutulması və milli vətənpərvərlik ideyalarının təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Daha sonra tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib. Geri dön |