Ana Sayfa > Özəl > Çörək, kartof və yağdan imtina edənlərə xəbərdarlıq – Mütəxəssis ən böyük səhvi açıqladı

Çörək, kartof və yağdan imtina edənlərə xəbərdarlıq – Mütəxəssis ən böyük səhvi açıqladı


Bu gün, 21:00. Yazar: vasif
Çörək, kartof və yağdan imtina edənlərə xəbərdarlıq – Mütəxəssis ən böyük səhvi açıqladı




Sağlam qidalanmaq və artıq çəkidən xilas olmaq istəyən insanların bir çoxu çörək, kartof və yağ kimi məhsulları gündəlik rasionundan çıxarır. Lakin mütəxəssislər bunun hər zaman düzgün yanaşma olmadığını bildirirlər.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, əsas səhv ayrı-ayrı qidaları zərərli hesab etmək və balanslı qidalanma prinsipini unutmaqdır.

Ekspert bildirib ki, karbohidratlardan tamamilə imtina etmək orqanizmin enerji balansına mənfi təsir göstərə bilər. Çörək, kartof, taxıl məhsulları, meyvə və tərəvəzlər düzgün miqdarda qəbul edildikdə sağlam qidalanmanın tərkib hissəsidir.

Mütəxəssis xüsusilə tam taxıllı çörək, paxlalılar və qarabaşaq kimi məhsullara üstünlük verilməsini tövsiyə edib.

Onun sözlərinə görə, kartofun faydalı və ya zərərli olması daha çox hazırlanma üsulundan asılıdır. Qaynadılmış, buxarda və ya sobada bişirilmiş kartofla bol yağda qızardılmış kartofun sağlamlığa təsiri eyni deyil.

Yağları qidalanmadan tamamilə çıxarmaq da düzgün hesab edilmir. Çünki yağlar bəzi vitaminlərin mənimsənilməsində, hüceyrələrin fəaliyyətində və hormonların yaranmasında mühüm rol oynayır. Bununla belə, doymuş yağları məhdudlaşdırmaq, zeytun yağı, balıq və çərəzlərdəki faydalı yağlara üstünlük vermək tövsiyə olunur.

Məhsəti Hüseynova sağlam hesab edilən məhsulların həddindən artıq istehlakının da zərərli ola biləcəyinə diqqət çəkib.

Ekspert bildirib ki, şəkər əvəzinə istifadə olunan bal və bəhməzin də tərkibində şəkər mövcuddur. Quru meyvələr, qoz, fındıq, badam və zeytun yağı faydalı olsa da, yüksək miqdarda qəbul edildikdə artıq kalori və çəki artımına səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, qoz-fındıq və badamın gündəlik bir ovuc miqdarında istehlakı faydalı yağ və zülal mənbəyi ola bilər.

“Sağlam qidalanmaq ac qalmaq və sevdiyimiz məhsullardan imtina etmək deyil. Əsas məsələ müxtəlifliyi qorumaq, keyfiyyətli qidalar seçmək və porsiyalara nəzarət etməkdir”, – deyə ekspert vurğulayıb.

Məhsəti Hüseynova əlavə edib ki, düzgün qidalanma qısamüddətli pəhriz deyil, uzun müddət davam etdirilə bilən sağlam həyat tərzi olmalıdır.
Geri dön