Ana Sayfa > Siyasət > Zəfər Azərbaycanın regional mövqeyini köklü şəkildə dəyişdi
Zəfər Azərbaycanın regional mövqeyini köklü şəkildə dəyişdiBu gün, 12:14. Yazar: azer |
![]() 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazın siyasi mənzərəsini dəyişdirən mühüm hadisədir. 2020-ci ildə qazanılan tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasına yol açdı, milli iradəmizin və dövlətçilik gücümüzün təntənəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində qarşısına qoyduğu strateji məqsədə nail oldu. Bu uğur güclü ordunun, düşünülmüş dövlət siyasətinin və xalqın vahid amal ətrafında birləşməsinin nəticəsi idi. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə çalışdı. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları sülh prosesinin irəliləməsinə mane olurdu. Belə bir şəraitdə Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atdı. Vətən müharibəsində əldə edilən Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, beynəlxalq hüququn prinsiplərinin təmin olunmasının əhəmiyyətini də göstərdi. Azərbaycan sübut etdi ki, milli maraqların qorunması, güclü dövlət quruculuğu və ardıcıl siyasət tarixi ədalətin bərpasında həlledici rol oynayır. Zəfərin əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmır. Prezident İlham Əliyevin müharibədən sonra həyata keçirdiyi siyasət regionda yeni münasibətlər sisteminin formalaşmasına, sülh gündəliyinin irəli aparılmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlib. Sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın regional sabitlikdə maraqlı olduğunu göstərir. Ölkəmiz öz milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün də siyasi iradə nümayiş etdirir. Bu tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, türk dünyasının həmrəyliyinə də yeni impuls verdi. Azərbaycanın hərbi qüdrəti, müasir müdafiə strategiyası və informasiya müstəvisində apardığı məqsədyönlü fəaliyyət müharibənin nəticələrinə təsir göstərən mühüm amillərdən oldu. Dövlət başçısının qətiyyətli rəhbərliyi sayəsində ölkəmiz mürəkkəb geosiyasi şəraitdə müstəqil qərarlar qəbul etmək və milli prioritetlərini həyata keçirmək imkanlarını nümayiş etdirdi. Zəfər bir daha təsdiqlədi ki, xalqın öz liderinə inamı, milli birlik və dövlətin gücü qarşıya qoyulan məqsədlərə çatmağın əsas şərtlərindəndir. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri tarixi Qələbənin yeni mərhələsini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məntəqələri salınır, yollar, enerji infrastrukturu və sosial obyektlər inşa olunur, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. “Böyük Qayıdış” proqramı çərçivəsində insanların doğma yurdlarına qayıtması işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasını təmin edir. Bu proseslər Azərbaycanın təkcə keçmişin yaralarını sağaltmadığını, həm də gələcək inkişaf üçün müasir və dayanıqlı təməl yaratdığını göstərir. Zəfər Gününün əsas mesajlarından biri də qazanılmış uğurların qorunması və gələcək nəsillərə ötürülməsi məsuliyyətidir. Azərbaycanın hərbi-siyasi qüdrətinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının artırılması və regionda etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 8 Noyabr xalqımızın qürur mənbəyi olmaqla yanaşı, sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsi üçün qarşıda duran vəzifələri də xatırladır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfər Azərbaycanın müstəqil gələcəyinə, milli birliyinə və dövlətçilik ənənələrinə olan inamı daha da gücləndirir. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri. Geri dön |