Ana Sayfa > Siyasət > Tarixi ədalətin bərpası, milli dirçəliş
Tarixi ədalətin bərpası, milli dirçəlişBu gün, 12:00. Yazar: azer |
![]() Azərbaycan xalqının çoxəsrlik şanlı tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr tarixi sadəcə bir təqvim günü deyil, milli qürurumuzun, sınmaz iradəmizin və əzəmətimizin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı tarixi Sərəncama əsasən, hər il noyabrın 8-i ölkəmizdə Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün 30 illik həsrətə son qoyan Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin, Ordumuzun rəşadətinin və xalqımızın dəmir yumruq kimi birliyinin əbədi rəmzidir. Şuşa şəhəri günü Azərbaycanın tarixinə yazılan ən şərəfli səhifələrdən biri olmaqla yanaşı, həm də bütün Türk dünyasının fəxarət mənbəyidir. XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa strateji mövqeyi, əzəmətli qalaları və zəngin mədəni mühiti ilə qısa müddətdə bölgənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Sıldırım qaya üzərində ucalan bu möcüzəvi şəhər Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Mir Möhsün Nəvvab kimi saysız-hesabsız dahi şəxsiyyətlər bəxş edərək Azərbaycanın mədəniyyət paytaxtı statusunu qazanmışdır. Şuşa sadəcə binalardan və küçələrdən ibarət bir məkan deyil, hər daşında, hər qayasında milli ruhumuzu və kimliyimizi yaşadan müqəddəs bir ocaqdır. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə Şuşa ağır günlərini yaşadı. 30 ilə yaxın bir müddətdə şəhərin tarixi abidələri, məscidləri, muzeyləri və mədəni irsi vəhşicəsinə dağıdıldı, saxtalaşdırılmağa cəhd edildi. Lakin Azərbaycan xalqı Şuşasız keçən hər bir günü nisgil və həsrətlə yaşasa da, onun azad olunacağına olan inamını bir an belə itirmədi. Dövlətimizin yürütdüyü uzaqgörən siyasət, iqtisadi güc və Ordu quruculuğu bizi pillə-pillə böyük Zəfərə yaxınlaşdırdı. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə dastan yazdı. Şuşanın azad edilməsi əməliyyatı isə dunya hərb dərsliklərinə düşəcək misilsiz bir qəhrəmanlıq nümunəsi oldu. Azərbaycanın məğrur xüsusi təyinatlıları, cəsur əsgər və zabitlərimiz ağır hərbi texnikanın keçə bilmədiyi sıldırımlı qayaları, sıx meşələri yüngül silahlarla keçərək, əlbəyaxa döyüşdə düşməni darmadağın etdilər. Noyabrın 8-də Şuşa qalasında üçrəngli bayrağımızın dalğalanması ilə müharibənin taleyi həll olundu və düşmən təslim olmağa məcbur edildi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. İşğaldan azad olunduqdan dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Qısa müddət ərzində Şuşanın tarixi görkəmi özünə qaytarıldı, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Vaqif məqbərəsi, Bülbülün ev-muzeyi, Natəvanın sarayı daxil olmaqla onlarla tarixi abidə əsaslı şəkildə bərpa olundu. Tarixi ənənəyə uyğun olaraq Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalı və Vaqif Poeziya Günləri yenidən dirçəldildi. Bu gün Şuşa təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının və beynəlxalq aləmin diqqət mərkəzindədir. 2023-cü ildə TÜRKSOY tərəfindən "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi şəhərin qlobal miqyasda nüfuzunu bir daha sübut etdi. Şuşada keçirilən beynəlxalq konfranslar, diplomatik görüşlər və mədəniyyət tədbirləri bu qədim şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Böyük Qayıdış proqramı çərçivəsində Şuşaya doğma sakinlərin qayıdışı artıq reallığa çevrilib. Şəhərdə müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, otellər və infrastruktur obyektləri istifadəyə verilir. İllər boyu yurd həsrəti ilə yaşayan şuşalılar indi öz baba ocaqlarında yeni, işıqlı həyat qururlar. Küçələrdə uşaq gülüşləri eşidilir, məktəblərdə zəng səsi ucalır və Şuşa öz əzəli ruhuna qovuşur. Kamran Əmirov, YAP Qusar rayon təşkilatının sədri Geri dön |