Ana Sayfa > Siyasət > Manaf Manafov:"Şuşa – tariximizin şanlı səhifəsi, qələbəmizin rəmzidir"

Manaf Manafov:"Şuşa – tariximizin şanlı səhifəsi, qələbəmizin rəmzidir"


Bu gün, 11:43. Yazar: azer
Manaf Manafov:"Şuşa – tariximizin şanlı səhifəsi, qələbəmizin rəmzidir"

Qarabağ Zəfərinə gedən tarixi yolun əsası Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik siyasəti ilə qoyulmuşdur. Ümummilli Liderin müəyyən etdiyi siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən dövrün yeni reallıqlarına uyğun davam etdirilməsi Azərbaycanın qarşısında duran mühüm tarixi hədəflərin həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. Dövlətimizin iqtisadi imkanlarının genişləndirilməsi, beynəlxalq nüfuzunun yüksəldilməsi, güclü və müasir ordunun formalaşdırılması, eləcə də cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi tarixi Qələbəyə aparan yolun əsas istiqamətlərini təşkil edirdi. Azərbaycan uzun illər işğal altında qalan ərazilərini geri qaytarmaq məqsədilə siyasi, iqtisadi və hərbi imkanlarını vahid məqsəd ətrafında birləşdirdi. Beləliklə, beynəlxalq hüquqla təsbit olunmuş haqqımızı öz qüvvəmizə arxalanaraq təmin etdik. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, hərbi qulluqçularımızın fədakarlığı və xalqımızın Ali Baş Komandanın ətrafında nümayiş etdirdiyi sarsılmaz həmrəylik Qələbəmizin əsas dayaqları oldu. Bu mübarizənin taleyini müəyyənləşdirən ən mühüm hadisələrdən biri də Şuşanın azadlığa qovuşması idi. Şuşa uğrunda qazanılan Qələbə Azərbaycanın hərbi imkanlarını, siyasi qətiyyətini və milli ruhunun yenilməzliyini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Bu tarixi nailiyyət bir daha təsdiqlədi ki, qüdrətli dövlət, düşünülmüş strategiya və xalqla ordunun sarsılmaz birliyi ən mürəkkəb vəzifələrin öhdəsindən gəlməyə imkan verir.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm və şanlı hadisələrindən biri olmaqla xalqımızın tarixi yaddaşında əbədi yer qazandı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müharibənin başlanğıcından etibarən Şuşa azad edilmədən Qələbənin tam hesab edilə bilməyəcəyini bildirməsi bu şəhərin Azərbaycanın milli və tarixi taleyindəki əvəzsiz mövqeyini göstərirdi. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun mürəkkəb dağlıq ərazidə, sıldırım qayalıqları və çətin keçilən yolları aşaraq həyata keçirdiyi hərbi əməliyyat yüksək peşəkarlığın və misilsiz qəhrəmanlığın təzahürü oldu. Şuşanın azadlığa qovuşması qarşı tərəfin hərbi müqavimətini ciddi şəkildə zəiflətdi və müharibənin sonrakı gedişinə həlledici təsir göstərdi. Bu hadisənin əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmırdı. Şuşa Zəfəri xalqımızın qətiyyətinin, tarixi ədalətin bərpasına sadiqliyinin və dövlətçilik iradəsinin parlaq ifadəsinə çevrildi. Dövlət başçısının Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək şəhərin azadlığını elan etməsi ölkəmizin hər bir vətəndaşının yaddaşına həkk olundu. Həmin gün səsləndirilən tarixi müjdə uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların sevinc və ümidlərini gerçəkləşdirdi. Şuşanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolunda ən vacib mərhələlərdən birinin tamamlanması demək idi. Eyni zamanda, xalqımızın öz milli kimliyinə, zəngin mədəni irsinə və tarixinə sahib çıxmaq əzmi bir daha öz təsdiqini tapdı. Bu şanlı hadisə gələcək nəsillər üçün Vətənə sədaqətin, fədakarlığın və milli birliyin gücünü nümayiş etdirən unudulmaz tarixi nümunə olaraq qalacaqdır.

Müsahibimiz daha sonra bildirib ki, Şuşanın azadlığa qovuşmasından sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin həyata keçirilməsi tarixi Qələbənin konkret quruculuq nəticələri ilə davam etdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, onun zəngin tarixi-memarlıq irsinin qorunması üçün zəruri hüquqi və təşkilati tədbirlərin görülməsi dövlətimizin bu qədim şəhərin gələcəyinə verdiyi yüksək qiymətin göstəricisidir. Şuşanın 2040-cı ilədək inkişaf perspektivlərini müəyyən edən Baş plan şəhərin özünəməxsus tarixi görünüşünün saxlanılması, müasir infrastrukturun qurulması və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması kimi mühüm məqsədləri özündə birləşdirir. Tarixi-mədəni abidələrin bərpası, Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş büstlərinin yenidən əvvəlki məkanlarına yerləşdirilməsi milli-mənəvi irsimizə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir. Zəfər Yolunun salınması, yeni yaşayış sahələrinin, turizm məkanlarının və sosial obyektlərin inşası şəhərin müasir tələblər əsasında yenidən formalaşmasına xidmət edir. Şuşanın müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi, türk və islam dünyasında nüfuzunun getdikcə artması onun regional və beynəlxalq miqyasda əhəmiyyətini daha da yüksəldir. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıyan Şuşa hazırda həm milli-mədəni irsimizin yaşadıldığı, həm də Azərbaycanın quruculuq və inkişaf imkanlarının nümayiş olunduğu mühüm məkana çevrilib. Şəhərdə aparılan bərpa işləri təsdiqləyir ki, Azərbaycan yalnız öz ərazilərini işğaldan azad etməklə kifayətlənməyib, eyni zamanda milli-mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində də yeni mərhələyə qədəm qoyub. Şuşanın tarixi Zəfəri və sonrakı dirçəlişi Azərbaycanın dövlətçilik salnaməsində daim fəxarət və qürur mənbəyi kimi yaşayacaqdır- deyə, Manaf Manafov fikirlərini tamamlayıb.
Geri dön