Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov:"Zəfərin zirvəsində dalğalanan bayrağımız bizim əbədi istiqlalımızdır"

Eltun Süleymanov:"Zəfərin zirvəsində dalğalanan bayrağımız bizim əbədi istiqlalımızdır"


Bu gün, 11:16. Yazar: azer
Eltun Süleymanov:"Zəfərin zirvəsində dalğalanan bayrağımız bizim əbədi istiqlalımızdır"

“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri üçrəngli bayrağımızın xalqımızın mənəvi dünyasında tutduğu yeri, onun milli qürurumuzla və dövlətçilik düşüncəmizlə vəhdətini dolğun ifadə edir. Bayraq bizim üçün yalnız dövlət atributu deyil. O, Vətənimizin bütövlüyü, xalqımızın azadlıq iradəsi, şəhidlərimizin müqəddəs xatirəsi, qəhrəman əsgərlərimizin şücaəti və müstəqil gələcəyimizə inamımızdır.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, hər dəfə üçrəngli bayrağımıza baxarkən tariximizin şanlı səhifələri gözlərimiz önündə canlanır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən milli bayrağımız istiqlal amalımızın rəmzinə çevrilmiş, uzun və keşməkeşli tarixi yol keçərək müstəqil Azərbaycanın səmasında yenidən ucalmışdır. Bu yol xalqımızın azad yaşamaq iradəsinin, milli kimliyinə bağlılığının və dövlətçilik əzminin təcəssümüdür. Azərbaycan Bayrağının hər rəngi, hər bir elementi özündə dərin məna daşıyır. Mavi rəng milli mənsubiyyətimizi, qırmızı rəng müasirlik və tərəqqi amalımızı, yaşıl rəng isə mənəvi dəyərlərimizə bağlılığımızı ifadə edir. Aypara və səkkizguşəli ulduzla tamamlanan üçrəngli bayrağımız milli düşüncəmizin, tarixi yaddaşımızın və azadlıq ideallarımızın bütöv ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra uzun müddət rəsmi dövlət rəmzi kimi dalğalana bilməyən bayrağımız xalqın qəlbində yaşamaqda davam etdi. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağımızın yenidən ucaldılması müstəqilliyə gedən yolun mühüm tarixi hadisələrindən biri oldu. 1991-ci il fevralın 5-də bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi bərpa edildi, oktyabrın 18-də dövlət müstəqilliyimiz haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə onun müstəqil dövlətimizin rəmzi kimi statusu möhkəmləndi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət rəmzlərinin əhəmiyyətini vurğulayaraq demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu çağırış xalqımızın milli həmrəyliyini, dövlət müstəqilliyinə sədaqətini və Vətən qarşısında məsuliyyətini ifadə edən mənəvi bir manifestdir. Çünki bayraq ətrafında birləşmək yalnız eyni rəmzə ehtiram göstərmək deyil, həm də ortaq tarixə, ortaq taleyə və ortaq gələcəyə sahib çıxmaq deməkdir. Azərbaycanın müasir tarixində üçrəngli bayrağımızın mənası Vətən müharibəsində qazanılmış tarixi Qələbə ilə daha da zənginləşdi. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi xalqımızın birliyini, Azərbaycan Ordusunun gücünü və ərazi bütövlüyümüzün bərpası əzmini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər milli tariximizin şərəfli səhifəsinə çevrildi. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması xalqımızın onilliklər boyu qəlbində yaşatdığı arzunun gerçəkləşməsi idi. Azad edilmiş şəhər və kəndlərimizdə dalğalanan üçrəngli bayrağımız yalnız əraziyə qayıdışın deyil, dövlət suverenliyinin, tarixi ədalətin və milli iradənin ifadəsi oldu.

Cənab Prezident İlham Əliyev 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılış mərasimində gələcəyə inamını ifadə edərək demişdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaq. Bu fikirlər illər sonra tarixi reallığa çevrildi. Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması xalqımızın yaddaşına əbədi həkk olundu. Bayrağımızın yüksəkliklərdə dalğalanması, eyni zamanda, sülhə, quruculuğa və gələcəyə doğru inamlı addımlarımızın rəmzidir. Azad edilmiş torpaqlarda aparılan bərpa və yenidənqurma işləri, doğma yurdlarına qayıdan insanların sevinci və həmin ərazilərdə həyatın canlanması üçrəngli bayrağımızın təcəssüm etdirdiyi ümidləri daha da gücləndirir. Bakıda Dövlət Bayrağı Meydanının yenidən açılması və 2024-cü il noyabrın 8-də burada Dövlət Bayrağının ucaldılması müasir tariximizin əlamətdar hadisələrindəndir. Meydanda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində Vətən müharibəsinin tarixi Zəfərinə həsr olunmuş “Zəfər qalereyası”nın nümayiş etdirilməsi də bu baxımdan xüsusi məna daşıyır. Burada işğaldan azad edilmiş ərazilərdə bayrağımızın ucaldılmasını əks etdirən fotolar və tarixi Qələbəmizlə bağlı materiallar gələcək nəsillərə ötürülən yaddaş salnaməsidir. Xüsusilə gənc nəsil bilməlidir ki, bu bayraq asanlıqla qazanılmayıb. Onun hər rəngində xalqımızın tarixi, hər dalğalanışında istiqlalımızın nəfəsi, hər yüksəlişində isə gələcəyimizə inam var. Bayrağı sevmək Vətəni sevmək, onun tarixini öyrənmək, milli-mənəvi dəyərlərini qorumaq və Azərbaycanın tərəqqisi naminə çalışmaq deməkdir. Ümummilli Lider Heydər Əliyevin “bu bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikri müstəqil Azərbaycan dövlətinin əbədiliyinə olan inamı ifadə edir. Bu inam bu gün də yaşayır. Dövlət Bayrağı Günü xalqımızın keçmişinə ehtiram, bu gününə qürur və sabahına inam günüdür-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Geri dön