Ana Sayfa > Manşet / Siyasət > Azad Şuşa tarix ilə müasirliyin vəhdətini özündə birləşdirir

Azad Şuşa tarix ilə müasirliyin vəhdətini özündə birləşdirir


Bu gün, 11:12. Yazar: azer
Azad Şuşa tarix ilə müasirliyin vəhdətini özündə birləşdirir

Şuşa şəhəri əsrlər boyu Azərbaycanın mədəniyyətini, incəsənətini, ədəbiyyatını və milli ruhunu yaşadıb. Şuşanın adı çəkiləndə göz önündə yalnız möhtəşəm təbiət mənzərələri deyil, həm də muğamın, poeziyanın, sənətkarlığın zəngin ənənələri canlanır. Buna görə də bu şəhərin işğaldan azad edilməsi xalqımız üçün sadəcə hərbi qələbə deyil, tarixi ədalətin bərpası idi.

2020-ci il noyabrın 8-də Şuşanın azad olunması Vətən müharibəsinin gedişində həlledici dönüş yaratdı. Mürəkkəb relyefə və çətin döyüş şəraitinə baxmayaraq, Azərbaycan Ordusunun qəhrəmanlığı, peşəkarlığı və yüksək döyüş əzmi nəticəsində şəhər düşmən işğalından qurtuldu. Şuşa əməliyyatı hərb tariximizdə xüsusi yer tutmaqla yanaşı, Azərbaycan əsgər və zabitlərinin Vətənə bağlılığının, cəsarətinin və fədakarlığının parlaq nümunəsinə çevrildi. Həmin gün xalqımızın uzun illər davam edən həsrəti sona çatdı.

Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi hər bir azərbaycanlının qəlbində fəxarət hissi doğurdu. Bu sözlər illərlə doğma yurdlarından ayrı düşmüş insanların sevincini, şəhidlərin qanı bahasına əldə edilən Qələbənin mənəvi gücünü özündə əks etdirirdi. Şuşanın azadlığı həm də Azərbaycanın öz tarixi torpaqlarında suverenliyini bərpa etmək iradəsinin təntənəsi oldu.

Şuşanın milli yaddaşındakı yeri onun yetişdirdiyi görkəmli şəxsiyyətlərlə də müəyyən olunur. Bu şəhər Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab kimi sənətkarların adı ilə Azərbaycan mədəniyyətinin salnaməsinə daxil olub. Şuşanın hər küçəsi, hər tarixi məkanı xalqımızın keçmişindən xəbər verir. İşğal dövründə şəhərin mədəni irsinə vurulan zərbələr isə bu tarixi yaddaşı silmək cəhdləri idi. Lakin xalqımızın milli kimliyi və mədəni irsi bütün çətinliklərə baxmayaraq yaşadıldı.

Şuşa azad edildikdən sonra şəhərin tarixi simasının bərpası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Tarixi abidələrin, məscidlərin, muzeylərin və mədəniyyət ocaqlarının yenidən qurulması ilə yanaşı, şəhərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən Şuşada keçirilməsi bu şəhərin öz mədəni missiyasına qayıtdığını göstərir. Şuşanın 2022-ci ildə “Şuşa İli” çərçivəsində diqqət mərkəzində olması, sonrakı illərdə Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması onun beynəlxalq miqyasda tanınmasına əlavə töhfə verib.

Şəhərin gələcəyi ilə bağlı həyata keçirilən tədbirlər yalnız binaların və yolların yenilənməsi ilə məhdudlaşmır. Əsas məqsəd Şuşanı tarixi ruhunu saxlayan, insanların rahat yaşadığı, mədəni həyatın canlandığı müasir şəhərə çevirməkdir. Bu baxımdan, təsdiqlənmiş Baş plana uyğun quruculuq işləri, Zəfər yolunun istifadəyə verilməsi və sosial infrastrukturun yaradılması xüsusi əhəmiyyət daşıyır. Şuşanın yenidən qurulması Azərbaycanın dağıdılmış ərazilərdə həyatın bərpasına, tarixi irsin gələcək nəsillərə çatdırılmasına verdiyi önəmin ifadəsidir.

Bütün bu işlərin ən sevindirici nəticəsi isə insanların doğma torpaqlarına qayıtmasıdır. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə, 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər məskunlaşıb. Ümumilikdə 420 ailənin, 1 579 nəfərin doğma yurduna qayıtması Böyük Qayıdış prosesinin konkret nəticələrindəndir. Bu qayıdış Şuşanın yenidən sakinlərinin səsi, uşaqların gülüşü və gündəlik həyatın ritmi ilə canlanması deməkdir.

Bu gün Şuşa həm keçmişimizi, həm də gələcəyimizi birləşdirən mənəvi mərkəzdir. Onun azadlığı xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun qəhrəmanlığının nəticəsidir. Şuşada aparılan bərpa işləri, mədəni tədbirlər və məskunlaşma prosesi isə Qələbənin quruculuq mərhələsinin uğurla davam etdiyini göstərir.

8 Noyabr – Şuşa şəhəri günü hər bir azərbaycanlı üçün qürur və minnətdarlıq tarixidir. Bu gün biz Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərin fədakarlığını unutmuruq. Şuşa bundan sonra da milli ruhun, mədəni irsin və dövlətçilik iradəsinin canlı təcəssümü kimi yaşayacaqdır.

Heydər Əsədov
Milli Məclisin deputatı
Geri dön