Ana Sayfa > Siyasət > Dəmir yumruq ətrafında birləşən xalqın möhtəşəm Zəfəri
Dəmir yumruq ətrafında birləşən xalqın möhtəşəm ZəfəriBu gün, 11:10. Yazar: azer |
![]() 8 Noyabr Azərbaycan tarixində sadəcə əlamətdar bir gün kimi deyil, xalqımızın milli iradəsinin, dövlətçilik qətiyyətinin və tarixi ədalətin bərpasına olan inamının təntənəsi kimi xüsusi yer tutur. Zəfər Günü uzun illər ərzində xalqımızın ürəyində yaşayan torpaq həsrətinin başa çatmasını, milli qürur və ləyaqətimizin yenidən ucalmasını, Azərbaycanın öz gələcəyini müəyyənləşdirmək gücünə malik olduğunu nümayiş etdirən tarixi hadisədir. Müasir Azərbaycanın qüdrətli dövlətə çevrilməsinin əsasını Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi strategiya təşkil edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimiz ciddi sınaqlarla üzləşdiyi, ölkədə siyasi qeyri-sabitlik, idarəetmə böhranı və iqtisadi tənəzzülün hökm sürdüyü bir vaxtda Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtması dövlətçiliyimizin qorunmasında həlledici rol oynadı. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin edildi, milli maraqlara əsaslanan dövlət siyasəti müəyyənləşdirildi, iqtisadi imkanların səfərbər olunması və beynəlxalq əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldı. Bununla da Azərbaycanın gələcək tərəqqisi üçün etibarlı təməl yaradıldı. Həmin dövrdə ordu quruculuğunun prioritet istiqamətə çevrilməsi, ölkənin müdafiə imkanlarının artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bütün bunlar göstərir ki, 2020-ci ildə əldə edilən tarixi Qələbə təsadüfi və qəfil baş verən hadisə deyildi. Bu uğur uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin, hərtərəfli hazırlığın və məqsədyönlü inkişafın məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qarşıya qoyulan tarixi hədəfə çatmaq üçün sistemli və çoxistiqamətli siyasət həyata keçirdi. İqtisadi qüdrətin artırılması, enerji strategiyasının uğurla reallaşdırılması, xarici tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, müasir silahlı qüvvələrin formalaşdırılması və müdafiə sənayesinin inkişafı vahid strategiyanın tərkib hissələri kimi inkişaf etdirildi. Nəticədə Azərbaycan hərbi sahədə olduğu kimi, iqtisadi və diplomatik müstəvidə də müstəqil qərarlar qəbul etmək və milli maraqlarını müdafiə etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin uzun müddət ərzində apardığı hazırlığın, siyasi qətiyyətin və xalq-ordu birliyinin mühüm sınağına çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında döyüş əməliyyatlarında yüksək peşəkarlıq, böyük cəsarət və qəhrəmanlıq göstərdi. Cəbhədə əldə olunan nailiyyətlər xalqımızın sarsılmaz iradəsi, arxa cəbhədə nümayiş etdirilən fədakarlıq və cəmiyyətin vahid məqsəd ətrafında səfərbər olunması ilə daha da gücləndi. Prezident İlham Əliyevin müharibə müddətində xalqa ünvanladığı müraciətlər və xarici media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, ölkəmizə qarşı aparılan informasiya təxribatlarının qarşısının alınmasında mühüm rol oynadı. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması Azərbaycanın Zəfər tarixində ən möhtəşəm hadisələrdən biri kimi yadda qaldı. Bu qədim şəhərin sıldırım qayalıqları, ensiz küçələri və tarixi məkanları uğrunda aparılan döyüşlər Azərbaycan hərbçisinin igidliyini, yüksək döyüş qabiliyyətini və Vətənə bağlılığını bütün dünyaya göstərdi. Şuşa xalqımız üçün yalnız bir şəhər deyil, həm də Azərbaycan musiqisinin, ədəbiyyatının, mədəniyyətinin və milli tarixi yaddaşının ayrılmaz parçasıdır. Prezident İlham Əliyevin həmin gün xalqa müraciət edərək səsləndirdiyi “Şuşa, sən azadsan!” sözləri uzun illər doğma şəhərinin azadlığını gözləyən milyonlarla insanın arzusunun gerçəkləşdiyini bildirən unudulmaz müjdə oldu. Əldə edilən tarixi Qələbənin təməlində, hər şeydən əvvəl, şəhidlərimizin misilsiz fədakarlığı və qazilərimizin göstərdiyi qəhrəmanlıq dayanır. Zəfər tariximizin hər bir səhifəsi Vətən torpağının azadlığı uğrunda həyatını qurban verən igidlərimizin əziz xatirəsi ilə bağlıdır. Buna görə də Zəfər Günü yalnız Qələbənin sevincini yaşatmaqla kifayətlənmir, eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. Bu məsuliyyət qazanılmış nailiyyətləri qorumaq, şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq, dövlətimizin qüdrətini və milli birliyimizi daha da gücləndirməkdən ibarətdir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda həlledici dönüş nöqtəsi yaratdı. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa edildi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri sübut edir ki, Qələbənin nəticələri yalnız hərbi uğurlarla məhdudlaşmır, həm də ölkəmizin yeni inkişaf mərhələsinə keçidini təmin edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması tarixi Zəfərin gündəlik həyatda davam edən real nəticələridir. Bu gün 8 Noyabrın daşıdığı məna keçmişdə qazanılmış Qələbəni xatırlamaqla bitmir. Bu əlamətdar tarix müstəqil dövlət olmağın məsuliyyətini, suverenliyimizin daim qorunmasının vacibliyini və gələcək nəsillər qarşısında daşıdığımız vəzifələri bir daha ön plana çıxarır. Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik modelinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində Azərbaycan öz gücünə güvənən, milli mənafelərini qətiyyətlə qoruyan və regionda yeni siyasi reallıqlar formalaşdıran nüfuzlu dövlətə çevrilib. Zəfər tarixi eyni zamanda xalqımızın həmrəyliyinin və birlik ruhunun nə qədər böyük gücə malik olduğunu ortaya qoydu. Fərqli siyasi düşüncələrə və sosial baxışlara sahib insanların ölkənin taleyi naminə vahid məqsəd ətrafında birləşməsi dövlətimizin möhkəmliyini və cəmiyyətimizin dayanıqlığını daha da artırdı. Məhz bu milli birlik gələcəkdə qarşıya qoyulan hədəflərə çatmaq, yeni uğurlar əldə etmək və dövlətimizin davamlı inkişafını təmin etmək baxımından mühüm amildir. Zəfər Günü Azərbaycan xalqının yaddaşında daim yaşayacaq və gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacaq. Çünki bu tarixi Qələbə təkcə torpaqlarımızın azad edilməsini deyil, həm də milli ləyaqətimizin yüksəlməsini, tarixi ədalətin bərpasını və gələcəyə olan inamımızın möhkəmlənməsini ifadə edir. Xalqımız öz həmrəyliyi, qətiyyəti və quruculuq əzmi ilə bir daha sübut etdi ki, qarşısına qoyduğu ən ali məqsədlərə çatmaq üçün kifayət qədər gücə və iradəyə malikdir. 8 Noyabrın qazandırdığı şərəf eyni zamanda gələcək qarşısında böyük öhdəliklər yaradır. Tarixi Zəfərimizi qorumaq, onun nəticələrini davamlı inkişaf, tərəqqi və güclü dövlətçilik prinsipləri ilə möhkəmləndirmək hər bir Azərbaycan vətəndaşının mühüm vəzifəsidir. Emil Tağıyev, YAP Xaçmaz rayon təşkilatının sədri. Geri dön |