Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qayıdışı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
Azər Kərimli: “Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qayıdışı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”Bu gün, 11:05. Yazar: azer |
![]() “Azərbaycanın üçrəngli Dövlət bayrağı xalqımızın milli kimliyini, azadlıq iradəsini və dövlətçilik ənənələrini özündə birləşdirən müqəddəs rəmzdir. Ölkə Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün milli rəmzimizə bəslənən ehtiramın, müstəqilliyimizə və dövlətçiliyimizə bağlılığın ifadəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bayrağın milli birliyin möhkəmlənməsindəki rolunu xüsusi vurğulayaraq demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Dövlət bayrağımızın üç rəngində xalqımızın tarixi keçmişi, mənəvi dünyası və gələcəyə baxışı əks olunur. XX əsrin əvvəllərində milli istiqlal ideologiyasının əsasını təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Bu prinsipləri özündə yaşadan üçrəngli bayrağımız milli-mənəvi dəyərlərimizə, azadlıq ideallarına və ümumbəşəri prinsiplərə sədaqətimizin rəmzidir. Bayrağımızın tarixindəki hər bir mühüm mərhələ Azərbaycanın müstəqillik əzminin və dövlətçilik iradəsinin təzahürü kimi əhəmiyyət daşıyır.” Bu sözləri Milli Məclisin deputatı Azər Kərimli 9 Noyabr – Bayraq günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında deyib. Fikirlərini davam etdirən millət vəkili xüsusi olaraq vurğulayıb ki, Dövlət Bayrağı Gününün tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövlət rəmzlərinin formalaşması ilə sıx bağlıdır: “Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilmiş və Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. 1920-ci ilin aprel ayınadək dövlət rəmzi kimi dalğalanan bu bayraq Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından və Xalq Cümhuriyyətinin süqutundan sonra rəsmi statusunu itirmişdir. Lakin xalqın müstəqillik arzusu və milli rəmzlərinə bağlılığı heç vaxt sönməmişdir. Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qayıdışında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiq edilmişdir. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırılmışdır. 1991-ci il fevralın 5-də bu məsələ müzakirəyə çıxarılmış, Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağımızı yenidən Dövlət bayrağı elan etmişdir. Həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını bərpa etmişdir. Dövlət bayrağımızın müasir tariximizdə qazandığı ən böyük mənəvi zirvələrdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasıdır. Xalqımız 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxdı. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin uzun illər möhkəmləndiyi mövqeləri darmadağın etdi, şəhər və kəndlərimizi azad edərək üçrəngli bayrağımızı yenidən doğma torpaqlarımızda ucaltdı. Bu Zəfər milli həmrəyliyin, xalq-iqtidar birliyinin və ordumuzun qəhrəmanlığının təntənəsi oldu. Beləliklə, xalqımız Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından birini gerçəkləşdirdi. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 15-də Şuşada üçrəngli bayrağımızı ucaltması tarixi Qələbəmizin rəmzi məqamlarından birinə çevrildi. 2023-cü il oktyabrın 15-də isə dövlət başçısının Xankəndidə Azərbaycan bayrağını ucaltması ölkəmizin suverenliyinin bütün ərazimizdə bərpa edilməsinin parlaq ifadəsi oldu. Bu hadisə Azərbaycanın öz ərazi bütövlüyünü və konstitusiya quruluşunu təmin etmək qüdrətində olan müstəqil dövlət kimi mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu gün üçrəngli bayrağımızın dalğalandığı hər bir məkan milli qürurumuzun, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür”– deyə, Azər Kərimli fikirlərini tamamlayıb. Geri dön |