Ana Sayfa > Siyasət > Şuşa – xalqımızın əbədi qürur və iftixar mənbəyi
Şuşa – xalqımızın əbədi qürur və iftixar mənbəyiBu gün, 10:29. Yazar: azer |
![]() Şuşanın işğaldan azad olunması Azərbaycan tarixində tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu. Uzun illər boyu həsrətində olduğumuz doğma şəhərimizə qayıdış yalnız itirilmiş torpağa yenidən sahib olmaq deyil, eyni zamanda milli yaddaşımızın dirçəldilməsi, zəngin mədəni irsimizin bərpası və gələcəyimizin tarixi-mənəvi dəyərlərimiz üzərində formalaşdırılması deməkdir. Qarabağın incisi, Azərbaycanın mədəniyyət mərkəzi hesab olunan Şuşa əsrlər ərzində xalqımızın ictimai-siyasi, ədəbi və mədəni həyatında özünəməxsus mövqeyə malik olub. Bu qədim şəhər Azərbaycanın görkəmli dövlət xadimlərinin, tanınmış şairlərinin, bəstəkarlarının, musiqiçilərinin və sənət adamlarının yetişdiyi müqəddəs torpaqdır. Şuşanın hər bir küçəsi, daşları və tarixi tikililəri xalqımızın qədim tarixini, zəngin mədəniyyətini və milli kimliyini özündə yaşadır. İşğal dövründə Şuşanın tarixi-memarlıq görünüşünə, abidələrinə və mədəni sərvətlərinə ciddi ziyan vurulmuşdu. Bununla belə, şəhərimizin azadlığa qovuşmasından dərhal sonra onun yenidən qurulması, tarixi simasının mühafizəsi və əvvəlki şöhrətinin bərpa edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Şuşanın tarixi irsinin qorunması və gələcək nəsillərə olduğu kimi ötürülməsi dövlətimizin mədəniyyət strategiyasının əsas istiqamətlərindən biridir. Hələ 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında qərarın qəbul olunması dövlət səviyyəsində şəhərə göstərilən diqqətin bariz nümunəsi idi. Ümummilli Liderin müəyyənləşdirdiyi bu siyasət cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş miqyasda davam etdirildi. 2021-ci il mayın 7-də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması onun ölkəmizin milli-mədəni həyatında və beynəlxalq miqyasda daşıdığı əhəmiyyətin rəsmi təsdiqi idi. Həmin il mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin tarixi irsinin mühafizəsi, bərpası, tədqiqi, inkişafı və beynəlxalq səviyyədə tanıdılması üçün zəruri hüquqi və təşkilati çərçivə yaratdı. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı statusunu qazanması şəhərin nüfuzunu daha da yüksəltdi. Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi də onun beynəlxalq tanınmasının və turizm potensialının getdikcə genişləndiyini göstərən mühüm nailiyyətdir. Bütün bu uğurların əsasında yalnız keçmişə və tarixi irsə hörmət deyil, həm də Şuşanı gələcək nəsillərə bütöv şəkildə çatdırmaq, onun mədəni dəyərlərini dünya ictimaiyyətinə tanıtmaq məqsədi daşıyan ardıcıl dövlət siyasəti dayanır. Şuşanın azad edilməsindən sonra şəhərin infrastrukturunun yenilənməsi ilə yanaşı, tarixi və mədəni abidələrin bərpası da əsas prioritetlərdən birinə çevrildi. Tarixi memarlıq üslubunun qorunması, mədəniyyət nümunələrinin əvvəlki vəziyyətinə qaytarılması, yeni yaşayış məhəllələrinin və sosial xidmət obyektlərinin yaradılması vahid inkişaf strategiyası çərçivəsində həyata keçirilir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğal zamanı güllələnmiş büst və heykəllərinin yenidən öz doğma şəhərlərinə qaytarılması böyük mənəvi əhəmiyyət kəsb edir. Bu addım sadəcə tarixi abidələrin əvvəlki yerlərinə yerləşdirilməsi deyil, həm də Azərbaycan mədəniyyətinə vurulmuş zərbələrin aradan qaldırılması və milli-mənəvi yaddaşımızın bərpası baxımından mühüm hadisədir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin yenidən qurulması, Bülbülün ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan təmir və bərpa işləri, eləcə də məscidlərin və digər tarixi tikililərin yenidən istifadəyə verilməsi Şuşanın mənəvi-mədəni həyatına yeni nəfəs gətirən tədbirlərdir. Bununla yanaşı, “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotellərinin bərpası, yeni yaşayış komplekslərinin inşası, təhsil və səhiyyə müəssisələrinin yaradılması şəhərdə normal həyat şəraitinin formalaşdırılmasına xidmət edir. Şuşaya çəkilmiş 101 kilometrlik Zəfər Yolu da doğma yurda qayıdışın rəmzi məna daşıyan nümunələrindəndir. Bir zamanlar qəhrəman hərbçilərimizin çətin döyüş şəraitində irəlilədiyi həmin istiqamət bu gün insanları azad Şuşaya aparır. Vaxtilə Qələbəyə aparan cığırlar indi quruculuğun, yenidənqurmanın və gələcəyə doğru inkişafın yollarına çevrilib. 2024-cü ildə Şuşada ilk yaşayış kompleksinin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin şəhərə köçürülməsi Böyük Qayıdış prosesində əlamətdar hadisə oldu. Çünki Şuşanın həqiqi dirçəlişi yalnız yeni binaların tikilməsi və infrastrukturun qurulması ilə məhdudlaşmır. Şəhərin əvvəlki canlı həyatına qovuşması, küçələrində uşaqların səsinin eşidilməsi, evlərdə ailə ocaqlarının yenidən yanması, zəngin mədəni ənənələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi əsl qayıdışın əsas göstəriciləridir. 2024-cü il oktyabrın 21-də təsdiqlənmiş Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin gələcək quruculuğunun vahid və sistemli şəkildə həyata keçirilməsini nəzərdə tutur. Sənəddə tarixi şəhər quruluşunun qorunması, təbii landşaftın mühafizəsi, yaşayış məntəqələrinin, sosial obyektlərin, nəqliyyat sisteminin və mühəndis-kommunikasiya xətlərinin məqsədyönlü inkişafı əsas istiqamətlər kimi müəyyən edilib. Şuşanın gələcək inkişafında onun əsrlərdən süzülüb gələn tarixi simasının saxlanılması xüsusi önəm daşıyır. Müasir infrastrukturun tarixi-memarlıq mühiti ilə ahəngdar şəkildə uzlaşdırılması şəhərin həm rahat yaşayış məkanına, həm də beynəlxalq səviyyəli mədəniyyət və turizm mərkəzinə çevrilməsinin vacib şərtidir. Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, müxtəlif beynəlxalq konfranslar və media forumları şəhərin mədəni həyatının canlanmasına, eyni zamanda Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verir. 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi və Qarabağ Bəyannaməsinin imzalanması isə şəhərin regional siyasətdə və beynəlxalq diplomatiyada artan rolunu bir daha nümayiş etdirdi. Bu gün Şuşa Azərbaycanın keçmişi ilə gələcəyini birləşdirən mühüm mənəvi və tarixi məkandır. Şəhərin yenidən dirçəlməsi dövlətimizin öz tarixinə sahib çıxmasının, milli-mədəni sərvətlərini qorumasının və azad edilmiş ərazilərdə dayanıqlı yaşayışın təmin olunması istiqamətində qətiyyətli fəaliyyətinin göstəricisidir. Şuşa yenidən əvvəlki həyatına qayıdır, bərpa olunur və beynəlxalq aləmin diqqət mərkəzində yer alır. Burada yenidən qurulan hər bir tarixi abidə, istifadəyə verilən yol və inşa olunan yaşayış binası xalqımızın doğma torpaqlara qayıtmaq əzmini nümayiş etdirir. Şuşanın gələcəyi onun zəngin və şanlı keçmişindən güc alaraq Azərbaycanın inkişaf və tərəqqi yolunda yeni uğurlara doğru istiqamətlənir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |