Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Xalqın öz dövlətinə və ordusuna inamı ən çətin sınaqlardan keçmək üçün böyük güc mənbəyidir”
Novruzəli Aslanov: “Xalqın öz dövlətinə və ordusuna inamı ən çətin sınaqlardan keçmək üçün böyük güc mənbəyidir”Bu gün, 10:55. Yazar: azer |
![]() “2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması Azərbaycanın hərb tarixində olduğu kimi, milli yaddaşında da müstəsna yer tutan hadisəyə çevrildi. Uzun illər boyu doğma şəhərinin azadlığını gözləyən xalqımız həmin gün tarixi arzusuna qovuşdu. Sıldırım qayalar, keçilməz dağ cığırları və mürəkkəb döyüş şəraiti Azərbaycan əsgərinin qarşısını kəsə bilmədi. Şəhərin azadlığına aparan əməliyyat hərbi peşəkarlığın, şəxsi heyətin cəsarətinin və qətiyyətli rəhbərliyin bir araya gəlməsi ilə mümkün oldu. Şuşanın fəth edilməsi Vətən müharibəsinin gedişinə həlledici təsir göstərməklə Azərbaycanın qarşısında duran tarixi vəzifənin yerinə yetirilməsində dönüş nöqtəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin ilk günlərindən Şuşanın azad edilməsini xüsusi vurğulaması bu şəhərin qələbə strategiyasında tutduğu mövqeyi aydın göstərirdi. Noyabrın 8-də gerçəkləşən tarixi hadisə sübut etdi ki, milli iradə, düzgün planlaşdırma və ordunun döyüş əzmi birləşdikdə ən çətin hədəflərə belə çatmaq mümkündür.” Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən millət vəkili xüsusi olaraq vurğulayıb ki, Şuşa Zəfərinin siyasi və hərbi əsasları uzun illər ərzində həyata keçirilən dövlət quruculuğu siyasəti nəticəsində formalaşıb: “Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi imkanları genişləndirilib, müdafiə potensialı gücləndirilib, beynəlxalq mövqeləri möhkəmləndirilib. Ordunun müasir silah və texnika ilə təchiz olunması, hərbi qulluqçuların hazırlıq səviyyəsinin yüksəldilməsi, müdafiə sənayesinin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vahid strategiyanın mühüm istiqamətləri olub. Bu ardıcıl fəaliyyət nəticəsində Azərbaycan öz gücünə arxalanan, milli maraqlarını qətiyyətlə müdafiə edən qüdrətli dövlətə çevrilib. 2020-ci ildə əldə olunan qələbə də təsadüfi uğur deyil, uzunmüddətli hazırlığın, siyasi iradənin və xalq-ordu birliyinin məntiqi nəticəsi idi. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının milli birliyi yeni tarixi məzmun qazandı. Prezident İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunduğunu bəyan etməsi milyonlarla insanın yaddaşında qürur və sevinc anı kimi qalıb. Dövlət başçısının xalqın birliyini dəmir yumruq rəmzi ilə ifadə etməsi həmin dövrdə formalaşmış ümummilli həmrəyliyin mahiyyətini açıqlayırdı. Bu birlik yalnız müharibə dövrünün səfərbərlik amili deyil, Azərbaycanın gələcək inkişafı üçün də mühüm mənəvi dayağa çevrildi. Şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı və döyüşçülərin misilsiz şücaəti qazanılmış qələbənin ən qiymətli mənəvi sərvətidir. Şuşa uğrunda döyüşlər göstərdi ki, xalqın öz dövlətinə və ordusuna inamı ən çətin sınaqlardan keçmək üçün böyük güc mənbəyidir. Şuşanın azad edilməsi Azərbaycanın Qarabağda suverenliyinin tam bərpasına aparan prosesin mühüm mərhələsi oldu. 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədəki separatçı rejimin mövcudluğuna son qoyuldu. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində qətiyyətli siyasətin davamı idi. Beləliklə, 2020-ci ilin Zəfəri ilə açılan yeni mərhələ ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun bərpası ilə tamamlandı. Bu nəticə Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədləri ardıcıl və prinsipial şəkildə həyata keçirmək qüdrətini bir daha nümayiş etdirdi. Bu gün Şuşada aparılan bərpa və quruculuq işləri qazanılmış qələbənin dinc inkişaf mərhələsinə keçidini əks etdirir. Şəhərin tarixi görkəminin qorunması, mədəniyyət abidələrinin bərpası, infrastrukturun yenilənməsi və yaşayış şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması tarixi yaddaşın bərpasının rəmzi əhəmiyyətini göstərir. Zəfər Yolunun çəkilməsi isə Şuşaya aparan qəhrəmanlıq marşrutunu müasir nəqliyyat infrastrukturu ilə birləşdirib. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi onun gələcəyinin sistemli şəkildə qurulduğunu nümayiş etdirir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı statusu ilə yanaşı, türk və İslam dünyasında qazandığı mədəni nüfuz da şəhərin beynəlxalq əhəmiyyətini artırır. 8 Noyabrın Şuşa Şəhəri Günü kimi qeyd olunması isə bu tarixi qələbənin milli yaddaşda əbədi yaşadılmasına xidmət edir. Şuşa artıq yalnız keçmişin qəhrəmanlıq səhifəsi deyil, həm də Azərbaycanın suverenliyinin, mədəni irsinin və gələcəyə inamının canlı təcəssümüdür” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |