Ana Sayfa > Özəl > Mədinənin son müdafiəsinin gizli sənədləri – “Kaş Fəxrinin anası sonsuz olaydı...”
Mədinənin son müdafiəsinin gizli sənədləri – “Kaş Fəxrinin anası sonsuz olaydı...”Bu gün, 21:00. Yazar: vasif |
![]() Birinci Dünya müharibəsi başa çatdıqdan sonra belə Osmanlı ordusunun Mədinədə müqaviməti davam etdirməsi İngiltərə rəhbərliyini ciddi narahat etmişdi. Türkiyəli professor İsmail Kösenin Britaniya arxivlərinə əsaslanan araşdırması həmin dövrün az bilinən hadisələrinə işıq salır. 11 noyabr 1918-ci ildə müharibə başa çatsa da, Fəxrəddin Paşanın komandanlığı altındakı Osmanlı əsgərləri Mədinəni təslim etməmişdilər. Aclıq, xəstəlik və sursat çatışmazlığına baxmayaraq, şəhərin müdafiəsi davam edirdi. Araşdırmaya görə, İngiltərənin xarici işlər naziri Artur Balfur Osmanlı hökumətinə ultimatum göndərərək Fəxrəddin Paşa dekabrın 16-dək təslim olmadığı halda Çanaqqala istehkamlarının bombalanacağı ilə hədələmişdi. Lakin bu təzyiq də nəticə verməmişdi. Britaniyalı polkovnik Uilsonun 30 dekabr 1918-ci ildə Şərif Hüseynə göndərdiyi məktubda Fəxrəddin Paşa haqqında işlətdiyi ifadə xüsusilə diqqət çəkir: “Tanrıdan diləyim odur ki, kaş Fəxrinin anası sonsuz qadın olaydı”. Arxiv sənədlərində Ərəb üsyanının maliyyələşdirilməsi ilə bağlı məlumatlar da yer alır. Araşdırmada bildirilir ki, Şərif Hüseyn 1916-cı ildən İngiltərədən hər ay 125 min sterlinq dəyərində qızıl tələb edib, sonradan isə bu məbləğin 225 min sterlinqə çatdırılmasını istəyib. 1919-cu il yanvarın 7-də Osmanlı zabitləri Mədinənin təslim edilməsinə dair razılaşma imzalasalar da, Fəxrəddin Paşa müqaviməti dayandırmayıb. Yanvarın 9-da öz zabitləri tərəfindən saxlanılan paşanın yanında üç dolu tapança olduğu qeyd edilir. Mədinə yanvarın 13-də, Birinci Dünya müharibəsinin başa çatmasından 63 gün sonra Osmanlı nəzarətindən çıxıb. Bununla da Osmanlı dövlətinin Hicazdakı təxminən dörd əsrlik hakimiyyəti sona çatıb. Araşdırmanın ən sarsıdıcı hissələrindən biri isə şəhərin təslimindən sonra baş verən talanlarla bağlıdır. Britaniya hesabatlarına əsasən, silahlı qruplar Osmanlı əsgərlərinin mülki əhalinin əşyalarını qorumaq üçün möhürlədiyi 4800 evə daxil olaraq onları qarət ediblər. Əsir götürülmüş türk əsgərlərinin Yənbuya aparılması zamanı da hücumlara məruz qaldığı bildirilir. İngilis kapitanı Qarlendin hesabatında bir çox əsgərin geyimlərinin əlindən alındığı, ağır şəraitdə aparılan daşınma zamanı isə 100 nəfərin həyatını itirdiyi qeyd olunur. Professor İsmail Kösenin təqdim etdiyi sənədlərə görə, Mədinə əhalisinin şəhərin ələ keçirilməsindən sonrakı 12 gündə məruz qaldığı zərər iki illik mühasirə dövründəki itkilərdən daha ağır olub. Araşdırma Mədinənin son müdafiəsini yalnız hərbi müqavimət kimi deyil, həm də diplomatik təzyiqlər, maliyyə maraqları və mülki əhalinin yaşadığı faciələrlə yadda qalan tarixi hadisə kimi təqdim edir. Geri dön |