Ana Sayfa > Özəl > Almaniya siyasətçilərinə qarşı casus proqramı təhlükəsi – “Apple”dan təcili xəbərdarlıq

Almaniya siyasətçilərinə qarşı casus proqramı təhlükəsi – “Apple”dan təcili xəbərdarlıq


Bu gün, 20:16. Yazar: vasif
Almaniya siyasətçilərinə qarşı casus proqramı təhlükəsi – “Apple”dan təcili xəbərdarlıq



Almaniyada yüksək vəzifəli dövlət rəsmilərinin və Bundestaq deputatlarının mobil telefonlarının kiberhücumların hədəfinə çevrilməsi ehtimalı ciddi narahatlıq yaradıb.
“Apple” şirkəti bəzi siyasətçilərin istifadə etdiyi “iPhone” cihazlarına xüsusi casus proqramları vasitəsilə hücum cəhdləri barədə xəbərdarlıq göndərib.
Almaniyanın ARD telekanalının məlumatına görə, oktyabrın 29-dan etibarən bir sıra siyasətçilər telefonlarına yönəlmiş mümkün kiberhücumlarla bağlı bildirişlər alıblar.
Almaniyanın rəqəmsal texnologiyalar naziri Karsten Vildberger belə xəbərdarlıqların daxil olduğunu təsdiqləyib.
Hadisədən sonra Federal İnformasiya Təhlükəsizliyi İdarəsi (BSI) risk altında olan hökumət üzvlərinə və deputatlara müvafiq təhlükəsizlik xəbərdarlıqları göndərib.
Mütəxəssislərin bildirdiyinə görə, yüksək səviyyəli casus proqramları cihazın təhlükəsizlik mexanizmlərini keçərək şəxsi yazışmalara, əlaqə siyahısına, zəng məlumatlarına və istifadəçinin yerləşdiyi yerə çıxış əldə edə bilər.
Belə proqramların bəzi növləri telefonun mikrofonunu və kamerasını sahibinin xəbəri olmadan aktivləşdirmək imkanına da malikdir. Bu isə dövlət rəsmilərinin məxfi danışıqlarının və xidməti məlumatlarının ələ keçirilməsi riskini artırır.
“Apple” daha əvvəl də müxtəlif ölkələrdə siyasətçilərə, jurnalistlərə və ictimai xadimlərə qarşı hədəfli kiberhücum ehtimalı barədə xəbərdarlıqlar yayıb.
Hələlik Almaniyadakı mümkün hücumların arxasında kimin dayandığı və hər hansı telefonun həqiqətən ələ keçirilib-keçirilmədiyi açıqlanmayıb.
Geri dön