Ana Sayfa > Özəl > Noyabrın 6-dan Azərbaycanda maraqlı təbiət hadisəsi başlayır – Ən əlverişli vaxt açıqlandı

Noyabrın 6-dan Azərbaycanda maraqlı təbiət hadisəsi başlayır – Ən əlverişli vaxt açıqlandı


Bu gün, 18:39. Yazar: vasif
Noyabrın 6-dan Azərbaycanda maraqlı təbiət hadisəsi başlayır – Ən əlverişli vaxt açıqlandı



Noyabrın 6-dan 30-dək Azərbaycan səmasında Leonid meteor yağışını müşahidə etmək mümkün olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının ən intensiv mərhələsi noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Həmin vaxt saatda təxminən 15 meteorun görünəcəyi proqnozlaşdırılır.

Azərbaycanda bu astronomik hadisəni izləmək üçün ən əlverişli vaxt noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Ayın batması zəif işıqlı meteorların da görünməsinə şərait yarada bilər.

Leonid meteor yağışı Yer kürəsinin “55P/Tempel–Tuttle” kometinin kosmosda buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. Sözügedən komet Günəş ətrafında bir dövrünü təxminən 33,2 ilə tamamlayır.

Leonidlər ən sürətli meteor axınlarından biri hesab olunur. Onların Yer atmosferinə daxilolma sürəti saniyədə təxminən 71 kilometrə, yəni saatda 255 min kilometrə çatır.

Atmosferə daxil olan hissəciklər qızaraq parçalanır və səmada parlaq işıq izləri yaradır. Meteorlar Şir bürcü istiqamətindən gəlirmiş kimi görünsə də, səmanın müxtəlif hissələrində müşahidə oluna bilər.

Leonidlər tarixdə güclü meteor fırtınaları ilə yadda qalıb. Xüsusilə 1833, 1866 və 1966-cı illərdə, eləcə də 1999–2002-ci illərdə intensiv meteor yağışları qeydə alınıb.

Lakin alimlərin proqnozuna əsasən, 2026-cı ildə güclü meteor fırtınası gözlənilmir. Hadisəni daha yaxşı izləmək üçün şəhər işıqlarından uzaq, səması açıq ərazilər daha əlverişli hesab olunur.
Geri dön