Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov:"Şuşanın azadlığına qovuşması ilə Azərbaycan tarixində yeni dövr başlandı"

Eltun Süleymanov:"Şuşanın azadlığına qovuşması ilə Azərbaycan tarixində yeni dövr başlandı"


Bu gün, 10:25. Yazar: azer
Eltun Süleymanov:"Şuşanın azadlığına qovuşması ilə Azərbaycan tarixində yeni dövr başlandı"

Uzun illər həsrətində olduğumuz doğma Şuşamıza qayıdış təkcə coğrafi məkana dönüş deyil, həm də milli yaddaşımızın bərpası, mədəni irsimizin dirçəldilməsi və gələcəyimizin tarixi köklər üzərində qurulması deməkdir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa əsrlər boyu xalqımızın ictimai-siyasi və ədəbi-mədəni həyatında mühüm rol oynayıb. Bu şəhər görkəmli dövlət və mədəniyyət xadimlərinin, şairlərin, musiqiçilərin və sənətkarların yetişdiyi müqəddəs məkandır. Onun hər küçəsi, hər daşı, hər tarixi abidəsi Azərbaycan xalqının zəngin keçmişindən xəbər verir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, işğal illərində Şuşanın tarixi simasına, memarlıq abidələrinə və mədəni irsinə ağır zərbə vuruldu. Lakin şəhərin azadlığı ilə bərabər, onun yenidən qurulması, tarixi görkəminin qorunması və əvvəlki şöhrətinin qaytarılması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Şuşanın qorunması və gələcək nəsillərə çatdırılması dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Hələ 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə şəhərin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi barədə qərarın qəbul olunması Şuşaya göstərilən dövlət qayğısının mühüm nümunəsi idi. Bu ənənə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəldi. 2021-ci il mayın 7-də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli və beynəlxalq əhəmiyyətinin rəsmi təsdiqi oldu. Həmin il mayın 31-də qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği üçün hüquqi və təşkilati əsasları müəyyənləşdirdi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı statusunu qazanması Şuşanın tarixi-mədəni nüfuzunu daha da artırdı. 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi isə şəhərin turizm imkanlarının və beynəlxalq tanınmasının genişləndiyini göstərən mühüm hadisədir. Bu uğurların arxasında yalnız tarixi irsə ehtiram deyil, həm də Şuşanı gələcək nəsillər üçün yaşadan, dünya mədəniyyətinə açan məqsədyönlü dövlət siyasəti dayanır. Şuşanın azad edilməsindən sonra burada infrastrukturun yenidən qurulması ilə yanaşı, tarixi abidələrin bərpasına da xüsusi diqqət yetirildi. Şəhərin memarlıq simasının qorunması, mədəni irs nümunələrinin əvvəlki görkəminə qaytarılması, yeni yaşayış və xidmət infrastrukturunun yaradılması kompleks şəkildə həyata keçirilir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğal dövründə güllələnmiş büstlərinin və heykəllərinin yenidən Şuşaya qaytarılması xüsusi mənəvi məna daşıyır. Bu, təkcə abidələrin bərpası deyil, Azərbaycan mədəniyyətinə vurulmuş yaraların sağaldılması, milli yaddaşın öz yerinə qayıtmasıdır. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası, Bülbülün ev-muzeyinin yenidən açılması, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri, məscidlərin və tarixi tikililərin yenidən həyata qaytarılması Şuşanın mədəni ruhunu dirçəldən addımlardır. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotellərinin yenidən qurulması, yaşayış komplekslərinin yaradılması, məktəb və səhiyyə infrastrukturunun inkişafı şəhərin gündəlik həyatının bərpasına xidmət edir. Şuşaya gedən 101 kilometrlik Zəfər Yolu da bu qayıdışın rəmzlərindəndir.

Döyüşçülərimizin qəhrəmanlıqla keçdiyi istiqamətdə salınan yol bu gün azad şəhərə aparır. Dünən qələbəyə doğru uzanan cığırlar bu gün quruculuğa, dirçəlişə və gələcəyə aparan yollara çevrilib. 2024-cü ildə Şuşada ilk yaşayış kompleksinin açılması və sakinlərin şəhərə köçürülməsi qayıdış prosesinin mühüm mərhələsi oldu. Çünki şəhərin həqiqi dirçəlişi yalnız binaların tikilməsi ilə ölçülmür. Şuşanın küçələrində yenidən uşaqların səsi eşidilməli, evlərdə həyat canlanmalı, şəhərin mədəni ənənələri gündəlik yaşayışın bir hissəsinə çevrilməlidir. 2024-cü il oktyabrın 21-də təsdiqlənən Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin gələcək inkişafına sistemli yanaşmanı nəzərdə tutur. Tarixi quruluşun qorunması, təbii landşaftın mühafizəsi, yaşayış sahələrinin, sosial xidmətlərin, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun planlı şəkildə inkişaf etdirilməsi bu sənədin əsas istiqamətlərindəndir. Şuşanın gələcəyini qurarkən onun tarixi simasını qorumaq xüsusi əhəmiyyət daşıyır. Müasir şəhər infrastrukturu ilə tarixi-memarlıq mühitinin uzlaşdırılması Şuşanın həm rahat yaşayış məkanına, həm də beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevrilməsi üçün mühüm şərtdir. Şəhərdə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, beynəlxalq konfranslar və media forumları Şuşanın mədəni həyatını canlandırmaqla yanaşı, Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılmasına da xidmət edir.
Türk Dövlətləri Təşkilatının 2024-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi isə şəhərin siyasi və diplomatik əhəmiyyətini bir daha nümayiş etdirdi.

Bu gün Şuşa keçmişlə gələcək arasında möhkəm körpüdür. Onun dirçəlişi Azərbaycanın öz tarixinə sahib çıxmasının, mədəni irsini qorumasının və azad edilmiş torpaqlarda davamlı həyat qurmaq əzminin ifadəsidir. Şuşa yenidən yaşayır, yenidən qurulur, yenidən dünyanın diqqətini cəlb edir. Bu şəhərin bərpa olunan hər abidəsi, açılan yolu, qurulan evi xalqımızın qayıdış iradəsini təsdiqləyir. Şuşanın sabahı onun şanlı keçmişindən güc alır, Azərbaycanın qüdrətli gələcəyinə doğru uzanır-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Geri dön