Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: Zəfərin dövlətçilik, suverenlik, quruculuq və insan taleyində davamlı nəticələri

Səttar Möhbalıyev: Zəfərin dövlətçilik, suverenlik, quruculuq və insan taleyində davamlı nəticələri


Bu gün, 10:19. Yazar: azer
Səttar Möhbalıyev: Zəfərin dövlətçilik, suverenlik,  quruculuq  və insan taleyində davamlı nəticələri

Qələbələr müharibənin başa çatması ilə tamamlansa da bəzən yeni bir tarixi yolun başlanğıcına da çevrilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər ikinci qəbildəndir. 8 Noyabr 2020-ci il tariximizə hərbi Qələbə günü kimi yazılsa da, onun mənası bununla məhdudlaşmır. Bu tarixdən sonra qarşıda daha böyük və məsuliyyətli vəzifələr dayanırdı. Azad edilmiş torpaqları dirçəltmək, doğma yurdlarından didərgin düşmüş insanları geri qaytarmaq, dövlət suverenliyini tam təmin etmək və Qarabağla Şərqi Zəngəzuru ölkənin vahid iqtisadi, sosial və mədəni məkanına çevirmək əsas məsələ idi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə səsləndirdiyi fikirlər bu tarixi missiyanın mahiyyətini aydın ifadə edirdi. Azərbaycan torpaqlarını azad etməklə yanaşı, gələcək inkişaf üçün yeni mərhələyə qədəm qoyurdu. Bu mərhələnin əsas məzmununu dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa-quruculuq işləri, Böyük Qayıdış və insan amilinə verilən yüksək dəyər təşkil edir. Vətən müharibəsindən sonra Azərbaycan öz tarixi torpaqlarında quruculuq prosesinə başladı. Uzun illər işğal altında saxlanılmış şəhər və kəndlərimizdə infrastrukturun bərpası, yolların çəkilməsi, yaşayış evlərinin, məktəblərin, xəstəxanaların, mədəniyyət obyektlərinin və digər sosial müəssisələrin inşası geniş vüsət aldı. Dəmir yolları, tunellər, hava limanları və kommunikasiya xətləri bölgənin gələcək inkişafının əsasını formalaşdırdı. Bu quruculuq işləri adi tikinti layihələri deyil. Onların hər biri doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışına, iqtisadi həyatın bərpasına və milli yaddaşımızın qorunmasına xidmət edir. Dağıdılmış şəhərlərin yenidən qurulması, kəndlərdə həyatın canlanması, tarixi-mədəni irsin bərpası Azərbaycanın öz torpaqlarına sahib çıxmasının əməli ifadəsidir. Böyük Qayıdış bu siyasətin ən mühüm istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı Sərəncamla təsdiq edilmiş I Dövlət Proqramı işğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin doğma yurdlarına qayıdışı üçün sistemli fəaliyyətin əsasını qoydu. Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş milli prioritetindən biri kimi təsbit olundu. Ötən illərin məlumatları görülən işlərin miqyasını aydın göstərir. Bərpa edilmiş yaşayış məntəqələrinə 4 min 826 ailədən ibarət 19 min 109 nəfərin qayıdışı təmin edilmişdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və digər peşə fəaliyyəti ilə əlaqədar müvəqqəti yaşayan şəxslər və onların ailə üzvləri də nəzərə alınmaqla, Qarabağ və Şərqi Zəngəzurda həyat tədricən yeni məzmun qazanırdı. I Dövlət Proqramının ümumi icra səviyyəsinin təqribən 79 faizə çatması, 15 yaşayış məntəqəsində ilkin mərhələdə tikintinin tamamlanması, digər məntəqələrdə tikinti və təmir-bərpa işlərinin davam etdirilməsi qarşıya qoyulmuş məqsədlərin mərhələli şəkildə həyata keçirildiyini göstərir. Lakin Böyük Qayıdışın uğuru yalnız evlərin tikilməsi və yolların salınması ilə ölçülmür. İnsan doğma yurduna qayıdanda orada yaşamaq, işləmək, övladlarını oxutmaq, ailəsinin gələcəyini qurmaq imkanına malik olmalıdır. Buna görə də məşğulluğun təmin edilməsi, sosial xidmətlərin yaradılması, kiçik ailə bizneslərinin dəstəklənməsi və peşə hazırlığı proqramlarının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Sosial xidmətlərin Qarabağda genişləndirilməsi də mühüm addımdır. Ağalı kəndində “Smart DOST” məntəqəsinin, Qarabağ Regional DOST Mərkəzinin və onun Şuşa filialının, eləcə də Kəlbəcərdə DOST məntəqəsinin fəaliyyətə başlaması sakinlərin dövlət xidmətlərindən istifadəsini asanlaşdırır. Dövlətin diqqəti bu torpaqlarda yalnız fiziki infrastrukturun deyil, sosial həyatın da bərpasına yönəlib.

Millət vəkili onu da deyib ki, Zəfərin digər mühüm nəticəsi Azərbaycanın dövlət suverenliyinin tam bərpası oldu. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması dövlət sərhədinə nəzarətin təmin edilməsi baxımından əhəmiyyətli mərhələ idi. Həmin ərazidə Azərbaycan bayrağının dalğalanması dövlətimizin suveren hüquqlarının praktik ifadəsinə çevrildi. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda baş vermiş genişmiqyaslı təxribatların qarşısının alınması, qanunsuz silahlı birləşmələrin tərksilah edilərək ərazilərimizdən çıxarılması, hərbi infrastrukturun zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatı başlandı. Sentyabrın 20-də əldə edilmiş razılaşma ilə əməliyyat dayandırıldı. Həmin ilin oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması tarixi yaddaşımıza əbədi həkk olundu. Bu hadisə ölkəmizin dövlət suverenliyinin bərpasının rəmzi ifadəsi idi. Cənab Prezidentin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi həmin tarixi hadisənin dövlətçilik yaddaşındakı yerini daha da möhkəmləndirdi. Qələbənin əbədiləşdirilməsi də dövlət siyasətinin mühüm istiqamətidir. Zəfər və Qarabağ ordenlərinin, Vətən Müharibəsi Qəhrəmanı fəxri adının, eləcə də döyüşlərdə göstərilən igidliyə görə müxtəlif medal və təltiflərin təsis edilməsi qəhrəmanlarımızın xidmətlərinə verilən qiymətin ifadəsidir. Zəfər Gününün təsis edilməsi, Bakıda Zəfər parkının yaradılması və Zəfər muzeyinin qurulması isə bu tarixi gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. 2024-cü il noyabrın 8-də açılışı keçirilmiş Zəfər parkı milli yaddaşımızın mühüm məkanlarından biridir. Təxminən 10 hektar ərazini əhatə edən parkda 44 günlük müharibənin rəmzi kimi 44 metr hündürlüyündə, 22 metr enində Zəfər tağı ucaldılıb. Parkın memarlıq həlli və memorial elementləri xalqımızın qəhrəmanlıq tarixini, şəhidlərimizin əziz xatirəsini və milli birliyimizi təcəssüm etdirir. Hərbi Qənimətlər parkı da Vətən müharibəsinin gedişini, ordumuzun döyüş uğurlarını və Ermənistanın müharibə zamanı törətdiyi cinayətlərin nəticələrini əks etdirən tarixi məkandır. Burada nümayiş etdirilən eksponatlar gələcək nəsillərə müharibənin reallıqlarını, qələbənin hansı fədakarlıqlar hesabına əldə olunduğunu anlamaq imkanı verir. Zəfərin mənəvi ölçüsü şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğıda da özünü göstərir. Vətən uğrunda canından keçənlərin ailələrinin sosial müdafiəsi, yaralı hərbçilərin reabilitasiyası, veteranların məşğulluğunun təmin edilməsi dövlətin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillərin və avtomobillərin verilməsi, aylıq sosial ödənişlərin təyin edilməsi, məşğulluq proqramlarının həyata keçirilməsi, müasir reabilitasiya vasitələrinin təqdim olunması bu siyasətin konkret nəticələridir. “YAŞAT” Fondunun fəaliyyəti də şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə dəstəyin mühüm istiqamətlərindən biridir. Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan vəzifələrdən biri də azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafı təmin etməkdir. Böyük Qayıdışın növbəti mərhələsinə hazırlıq məqsədilə II Dövlət Proqramının layihəsinin hazırlanmasına dair 2025-ci il 30 may tarixli Sərəncam da bu davamlılığın təmin olunmasına yönəlib. Beləliklə, 8 Noyabr-Zəfər Günü yalnız keçmişin şanlı səhifəsi deyil, bu günümüzün məsuliyyəti və gələcəyimizin istiqamətidir. Qələbə ilə azad edilən torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması, suverenliyin möhkəmləndirilməsi və sosial rifahın yüksəldilməsi həmin tarixi uğurun davamıdır.

Zəfər bizim tariximiz, suverenliyimiz dövlətçiliyimizin dayağı, Böyük Qayıdış isə gələcəyə uzanan yolumuzdur. Bu yolun əsas məqsədi azad edilmiş torpaqlarda təhlükəsiz, firavan və davamlı həyat qurmaq, milli birliyimizi qorumaq və qazanılmış tarixi nailiyyətləri gələcək nəsillərə əmanət etməkdir. Azərbaycanın Zəfər salnaməsi məhz bu mənada bitmiş bir hadisə deyil, hər gün yeni uğurlarla zənginləşən canlı tarixdir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Geri dön