Ana Sayfa > Dünya > Rusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? - ARAŞDIRMA
Rusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? - ARAŞDIRMABu gün, 15:18. Yazar: vasif |
![]() Yakutiyadan Tatarıstana, Başqırdıstandan Dağıstana qədər uzanan türk coğrafiyası, Rusiyanın formalaşmasında Qızıl Ordanın rolu, türk əsilli rus knyazları və Moskvanın Türk Dövlətləri Təşkilatına daxil olmaq ehtimalı… Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısında olduqca maraqlı, eyni zamanda siyasi baxımdan mübahisəli bir təkliflə çıxış edib: Rusiya da Türk Dövlətləri Təşkilatının fəaliyyətinə qoşulmalıdır! Tokayev Rusiyanın türk dünyası ilə əsrlər boyu sıx əlaqələr saxladığını, bu ölkədə çoxsaylı türk xalqlarının yaşadığını, rus dilində türk mənşəli sözlərin geniş yayıldığını xatırladıb. Qazaxıstan lideri Moskvanın təşviq etdiyi “Altay – türk sivilizasiyasının beşiyi” layihəsinə də diqqət çəkib. Musavat.com yazarına görə, Tokayevin konkret təklifi Rusiyanın dərhal tamhüquqlu üzv qəbul edilməsindən daha geniş diplomatik məna daşıyır. O, Moskvanın TDT+ əməkdaşlıq formatına qoşulmasını, yaxud təşkilatda müşahidəçi statusu almasını məqsədəuyğun sayıb. İlk baxışda qəribə görünür. Axı Rusiya özünü slavyan dövlətçiliyinin əsas mərkəzlərindən biri kimi təqdim edir. Rus dili slavyan dilidir, əhalisinin böyük əksəriyyəti ruslardan ibarətdir, dövlətin tarixi-siyasi kimliyi də rus xalqının ətrafında qurulub. Bəs belə bir ölkənin Türk Dövlətləri Təşkilatında nə işi var? Məsələ burasındadır ki, bugünkü Rusiyanın siyasi sərhədləri daxilində yalnız slavyan tarixi yaşamır. Bu nəhəng coğrafiyanın böyük bir hissəsi əsrlərlə türk xalqlarının və türk dövlətlərinin məskəni olub. Müasir Rusiya dövlətçiliyinin, idarəçilik ənənələrinin, hərbi-siyasi elitasının formalaşmasında da türk və monqol-tatar dünyası ilə münasibətlərin mühüm izi var. Tokayevin təklifini anlamaq üçün bugünkü Moskvanın siyasi bəyanatlarından, aqressiv reallığından bir qədər uzaqlaşıb xəritəyə və tarixə baxmaq lazımdır. Və həmin xəritədə ilk qarşımıza çıxan sual budur: Rusiya ərazisində nə qədər türk yaşayır və bu xalqların tarixi vətənləri haralardır? Rusiyanın içərisindəki türk dünyası: 10 milyonlarla insan, nəhəng tarixi coğrafiya Rusiyanın 2021-ci il əhalinin siyahıyaalınmasının nəticələri maraqlı mənzərə yaradır. Ölkədə yalnız tatarların sayı 4,7 milyondan çoxdur. Əslində bu rəqəm daha da yüksəkdir: iddialara görə bur çox türk xalqları kimi tatarlar da assimilyasiyaya məruz qalıblar və milyonlarla insan özünü "rus" deyə qeydə aldırır. Bundan sonra yazacağımız topluluqlar da elədir. 5 il öncəki rəsmi rəqəmlərə görə Başqırdlar 1,57 milyon, çuvaşlar isə 1 milyondan artıqdır. Bunlara saxaları, kumukları, qazaxları, azərbaycanlıları, tuvalıları, qaraçayları, balkarları, noqayları və başqa türk xalqlarını əlavə etdikdə, söhbət 15 milyondan artıq insandan gedir. Bur daha vurğulayım ki, Rusiyada siyahıyaalma bütün etnik mənzərəni tam əks etdirmir. 2026-cı ildə Nationalities Papers elmi jurnalında dərc olunan araşdırmada Rusiyanın son siyahıyaalınmasında etnik mənsubiyyətin qeydə alınması ilə bağlı ciddi çatışmazlıqlar göstərilib. Rusiyada əsas türk xalqları — 2021-ci il siyahıyaalınması: Tatarlar – 4 713 669 nəfər. Əsas tarixi yaşayış əraziləri Tatarıstan, Volqaboyu və Ural bölgəsidir. Başqırdlar – 1 571 879 nəfər. Başqırdıstan və Cənubi Uralın qədim sakinləridir. Çuvaşlar – 1 067 139 nəfər. Əsasən Çuvaşıstanda və Volqaboyunda yaşayırlar. Qazaxlar – 591 970 nəfər. Həştərxan, Orenburq, Altay və Qazaxıstanla sərhədyanı bölgələrdə məskunlaşıblar. Kumuklar – 565 830 nəfər. Dağıstanın düzənlik ərazilərinin qədim türk sakinləridir. Saxalar (yakutlar) – 478 409 nəfər. Saxa Respublikası – Yakutiyanın əsas yerli türk xalqıdır. Azərbaycanlılar – 474 576 nəfər. Dağıstanda, Moskvada və Rusiyanın müxtəlif şəhərlərində yaşayırlar. (Əslində isə həmin dönəmdə azərbaycanlıların Rusiyadakı sayları 2 milyon civarlnda idi) Tuvalılar – 295 384 nəfər. Əsasən Tuva Respublikasında məskunlaşıblar. Qaraçaylar – 226 271 nəfər. Qaraçay-Çərkəz Respublikasının yerli türk xalqlarındandır. Balkarlar – 125 044 nəfər. Kabardin-Balkar Respublikasında yaşayırlar. Noqaylar – 109 042 nəfər. Dağıstan, Stavropol və Qaraçay-Çərkəz ərazilərində məskunlaşıblar. Bunlar əsas böyük icmalardır. Rusiyanın türk etnik xəritəsi bununla bitmir. Altay türkləri, xakaslar, şorlar, dolqanlar, tofalar, teleutlar, telengitlər, kumandinlər, tubalar, çulım türkləri, Sibir tatarları, krım tatarları, qaqauzlar, qarapapaqlar, ahıska türkləri, özbəklər, qırğızlar, türkmənlər, uyğurlar və Türkiyə türkləri də Rusiyanın müxtəlif bölgələrində yaşayırlar. Bu xalqların bir hissəsi qədimdən həmin torpaqların yerli sakinləridir, digərləri isə müxtəlif dövrlərdə miqrasiya nəticəsində Rusiyaya yerləşiblər. Ancaq burada daha mühüm məsələ var: türk xalqları Rusiyanın yalnız əhalisinin bir hissəsi deyil, onun nəhəng ərazilərinin tarixi sakinləridir. Yakutiyadan Tatarıstana: Rusiyanın türk coğrafiyası nə qədər böyükdür? Saxa – Yakutiya: təxminən 3,08 milyon kvadratkilometr. Dünyanın ən böyük submilli inzibati ərazilərindən biridir. Əhalinin əsas yerli türk xalqı saxalardır. Paytaxtı Yakutskdur. Almaz, qızıl və digər təbii sərvətləri ilə seçilir. Tuva: təxminən 168,6 min kvadratkilometr. Cənubi Sibirdə, Monqolustanla sərhəddə yerləşir. Tuvalılar türk dilində danışan qədim xalqlardandır. Paytaxtı Qızıldır. Altay Respublikası: təxminən 92,9 min kvadratkilometr. Türk tarixinin mühüm coğrafi və mədəni mərkəzlərindən biridir. Altay türkləri ilə yanaşı, ruslar və digər xalqlar yaşayır. Xakasiya: təxminən 61,6 min kvadratkilometr. Xakas türklərinin tarixi yurdudur. Yenisey hövzəsində yerləşir. Paytaxtı Abakandır. Başqırdıstan: təxminən 142,9 min kvadratkilometr. Ural dağlarının cənub-qərbində yerləşən, neft və sənaye potensialı böyük respublikadır. Paytaxtı Ufadır. Başqırdlar burada ruslar və tatarlarla birlikdə yaşayırlar. Tatarıstan: təxminən 67,8 min kvadratkilometr. Rusiyanın iqtisadi cəhətdən inkişaf etmiş respublikalarından biridir. Paytaxtı Kazandır. Volqa türklərinin dövlətçilik və mədəniyyət tarixində xüsusi yeri var. Çuvaşıstan: təxminən 18,3 min kvadratkilometr. Çuvaşların ana yurdudur. Çuvaş dili qədim bulqar türk dillərinin günümüzə gəlib çatmış ayrıca qoludur. Bu yeddi respublikanın ümumi sahəsi təxminən 3,63 milyon kvadratkilometrdir. Başqa sözlə, Rusiyanın ərazisinin beşdə birindən çoxuna bərabər böyüklükdədir. Şimali Qafqazın türk xalqları ilə davam edək: Qaraçay-Çərkəz Respublikasının ərazisi təxminən 14,3 min, Kabardin-Balkarın 12,5 min, Dağıstanın isə 50,3 min kvadratkilometrdir. Qaraçaylar, balkarlar, kumuklar və noqaylar bu bölgələrin qədim türk sakinləridir. Musavat.com yazarına görə, kumuklar xüsusilə diqqətəlayiqdir. Dağıstanın düzənliklərində yaşayan bu xalqın dili uzun müddət Şimali Qafqazın müxtəlif xalqları arasında ünsiyyət vasitəsi rolunu oynayıb. Tarxov şamxallığı kimi siyasi qurumlar da kumuk tarixinin mühüm hissəsidir. Noqayların tarixi isə Qızıl Ordanın parçalanmasından sonra meydana çıxan Noqay Ordası ilə bağlıdır. Bu xalqın tarixi yaşayış məkanları bugünkü inzibati sərhədlərdən daha geniş olub. Deməli, Rusiyanın türk xəritəsi yalnız yeddi respublikadan ibarət deyil. Sibirdən Qafqaza, Volqadan Qara dənizə qədər uzanan çoxqatlı bir tarixdən söhbət gedir. Rus dövlətçiliyinin təməlində tatar amili: tarix nə deyir? Müasir Rusiyanın formalaşmasında türk amilinin rolunu yalnız ərazi və əhali ilə izah etmək yetərli deyil. Daha mühüm məsələ dövlətçilik tarixidir. XIII əsrdə monqol yürüşlərindən sonra rus knyazlıqları Qızıl Ordanın siyasi hakimiyyəti altına düşdü. Rus tarixşünaslığında uzun müddət bu dövr əsasən “tatar-monqol boyunduruğu” kimi təqdim olundu. Lakin həmin dövr yalnız işğal, dağıntı və xərac tarixi deyildi. Eyni zamanda Moskva dövlətinin sonrakı yüksəlişinə təsir göstərən siyasi münasibətlər sistemi idi. Qızıl Ordanın hakim sülaləsi monqol mənşəli idi. Ancaq dövlətin əhalisinin böyük hissəsini qıpçaq və digər türk xalqları təşkil edir, zaman keçdikcə onun siyasi-mədəni mühitində türkləşmə güclənirdi. Moskva knyazları hakimiyyətlərini təsdiqlətmək üçün Orda xanlarından yarlıq alır, xərac toplamaq və rəqiblərini zəiflətmək üçün xan hakimiyyətindən istifadə edirdilər. Moskvanın güclənməsində bu münasibətlərin ciddi rolu oldu. Bu barədə tarixçilər arasında fərqli mövqelər var. Məsələn, Donald Ostrovski Moskvanın XIV əsrdə Qızıl Ordanın siyasi və hərbi institutlarından geniş şəkildə yararlandığını müdafiə edir. İştvan Vaşari isə Moskva siyasi mədəniyyətinin formalaşmasında tatar amilini ayrıca araşdırıb. Xüsusilə vergi sistemi, poçt-rabitə şəbəkəsi, hərbi təşkilatlanma, hökmdar hakimiyyətinin legitimləşdirilməsi və idarəçilik təcrübəsində Orda ilə əlaqələrin izləri görünür. Bu mənada Moskva dövləti Qızıl Ordanın sadəcə düşməni deyildi. Müəyyən mənada onun idarəçilik təcrübəsindən faydalanmış siyasi varislərindən biri idi. Yəni Rusiyanın dövlətçilik tarixindən tatar-monqol təsirini çıxarmaq heç cür mümkün deyil. Rus knyazları və dvoryanları arasında türk əsillilər kimlər idi? Bu, məsələnin ən maraqlı tərəflərindən biridir. Rusiyanın aristokratik təbəqəsinin formalaşmasında tatar və digər çöl mənşəli zadəgan ailələri iştirak ediblər. Xüsusilə Kazan xanlığının 1552-ci ildə Moskva tərəfindən işğalından sonra tatar zadəganlarının bir hissəsi rus dövlətinin xidmətinə keçib, pravoslavlığı qəbul edib və rus zadəganlığına inteqrasiya olunub. Bəzi ailələrin türk-tatar mənşəyi tarixi sənədlərlə əsaslandırılır, bəzilərinin şəcərələri isə ailə rəvayətlərinə və sonrakı dövrlərin iddialarına söykənir. Bu fərqi qorumaq vacibdir. Yusupovlar Rusiyanın ən varlı knyaz nəsillərindən biri. Nəslin kökləri Noqay Ordası aristokratiyası ilə əlaqələndirilir. Yusupovların tatar-noqay mənşəyi rus aristokratiyasında türk izlərinin ən tanınmış nümunələrindəndir. Qodunovlar 1598–1605-ci illərdə Rusiyanı idarə etmiş Boris Qodunovun ailəsi barədə məşhur şəcərə rəvayətində Orda mənşəli Çet adlı əcdaddan danışılır. Karamzinlər Məşhur rus tarixçisi Nikolay Karamzinin nəslinin tatar kökləri olduğu barədə şəcərə məlumatları mövcuddur. Karamzin soyadının türk-tatar mənşəyi ilə əlaqəsi də araşdırılır. Derjavinlər Böyük rus şairi Qavrila Derjavinin ailəsi tatar mənşəli rus zadəgan nəsilləri sırasında göstərilir. Bu nümunə türk-tatar köklərinin rus mədəni elitasına qədər uzandığını nümayiş etdirir. Aksakovlar Rus yazıçısı Sergey Aksakovun mənsub olduğu zadəgan nəslinin də tatar mənşəyi barədə məlumatlar var. Saburovlar, Meşçerskilər, Kuguşevlər və başqa zadəgan nəsilləri də tatar mənşəyi ilə əlaqələndirilir. London Universitet Kollecində hazırlanmış tatar milli siyasətinə dair akademik tədqiqatda bu ailələrin bir qismi ayrıca sadalanır. Bu mövzuda rus türkoloqu Nikolay Baskakovun rus soyadlarının türk mənşəyinə dair araşdırmaları da məşhurdur. Yəni indiki Rusiyanın tarixi yalnız rusların tarixi deyil. Bu, həmmdə türk xalqlarının tarixidir. Rus dilinin içərisindəki türk dili Tokayevin çıxışında toxunduğu başqa bir mühüm məqam da rus dilindəki türk mənşəli sözlərdir. Məsələn, rus dilində işlənən деньги (tanqa-pul), казна (xəzinə), таможня (gömrük), караул (qarovul), башмак (başmaq), сундук (sandıq), арбуз (qarpız), утюг (ütü) kimi sözlər türk dilləri ilə tarixi əlaqələrin izlərini daşıyır. Bu nümunələri yüzlərlə göstərmək olar. Bəzi sözlərin rus dilinə keçməsi birbaşa türk dillərindən, digərlərininki isə türk dillərinin vasitəçiliyi ilə baş verib. Rus dilindəki türk mənşəli alınmalar ayrıca elmi tədqiqat mövzusudur. Bu sözlər sadəcə lüğət faktları deyil. Onların bir qismi ticarət, dövlət idarəçiliyi, hərbi həyat və gündəlik məişətlə bağlıdır. Başqa sözlə, türk dünyası Rusiyanın təkcə coğrafiyasına və aristokratiyasına deyil, dilinə də təsir edib. Tokayev nə istəyir: Rusiyanı türk dünyasına yaxınlaşdırmaq, yoxsa Türk Dövlətləri Təşkilatını Moskvaya açmaq? Məsələnin siyasi tərəfi tarixi tərəfi qədər maraqlıdır. Tokayev təsadüfi siyasətçi deyil. Uzun illər diplomatik sistemdə çalışmış, beynəlxalq münasibətlərin incəliklərini bilən dövlət başçısıdır. Onun belə bir təklifi məhz TDT zirvəsində səsləndirməsi diqqətlə qiymətləndirilməlidir. Birinci ehtimal budur ki, Qazaxıstan Rusiya ilə münasibətlərində tarazlığı qorumağa çalışır. Astana Moskva ilə uzun sərhədə, ciddi iqtisadi və nəqliyyat əlaqələrinə malikdir. Eyni zamanda Türkiyə, Azərbaycan və digər türk dövlətləri ilə inteqrasiyanı genişləndirir. Bu iki istiqamətin qarşıdurmaya çevrilməsi Qazaxıstanın maraqlarına uyğun deyil. İkinci ehtimal Rusiyanın türk dünyasının güclənməsindən kənarda qalmamasını təmin etmək cəhdidir. Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni birlik deyil. Ticarət, enerji, nəqliyyat, rəqəmsal kommunikasiya və geosiyasi əməkdaşlıq platformasına çevrilir. Xüsusilə Orta Dəhlizin inkişafı Avrasiya nəqliyyat xəritəsini dəyişir. Belə bir şəraitdə Rusiyanın bu prosesləri yalnız kənardan izləməsi Moskva üçün də arzuolunan olmaya bilər. Üçüncü və daha həssas ehtimal isə budur: Rusiyanın təşkilata yaxınlaşdırılması onun gələcək siyasi istiqamətinə təsir göstərə bilər. Burada iki fərqli baxış mümkündür. Bir baxışa görə, Rusiyanın müşahidəçi və ya TDT+ tərəfdaşı olması əməkdaşlığı genişləndirər, Moskva ilə türk dövlətləri arasında etimadı artırar və qarşıdurma ehtimalını azaldar. Digər baxışa görə, Rusiya kimi böyük dövlətin təşkilata daxil olması onun daxili güc balansını dəyişə, müstəqil türk inteqrasiyasını zəiflədə bilər. Bu narahatlığı əsassız saymaq olmaz. Çünki Türk Dövlətləri Təşkilatının əsas üstünlüyü üzv dövlətlərin ortaq dil, tarix və mədəniyyət üzərində qurduqları, özlərinin müəyyənləşdirdiyi əməkdaşlıq modelidir. Moskvanın bu modeldə hansı hüquqlarla iştirak edəcəyi son dərəcə mühüm məsələdir. Maraqlıdır ki, Tokayevin rəsmi çıxışında başqa bir prinsip də açıq ifadə olunub: Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir. Qazaxıstan lideri bunu ölkəsinin mövqeyi kimi təqdim edib. Bu iki mövqeyi birlikdə oxuyanda müəyyən siyasi məntiq görünür: Astana türk dünyasının iqtisadi və mədəni yaxınlaşmasını dəstəkləyir, lakin onun Rusiya ilə qarşı-qarşıya duran hərbi-siyasi bloka çevrilməsini istəmir. Rusiyanın TDT-yə marağı yeni deyil Əslində, Moskvanın türk dövlətlərinin təşkilatı ilə münasibət qurmaq məsələsi ilk dəfə gündəmə gəlmir. 2016-cı ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın üzvlük qaydaları dəyişdirilərsə, Rusiyanın bu quruma qoşulmaq imkanını nəzərdən keçirə biləcəyini bildirmişdi. O zaman söhbət indiki TDT-nin sələfi olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından gedirdi. 2021-ci ildə isə Kremlin sözçüsü Dmitri Peskov Dövlət Baxçalının Ərdoğana hədiyyə etdiyi Türk Dünyası xəritəsinə münasibət bildirərkən demişdi: “Türk dünyasının mərkəzi Türkiyədə deyil, Rusiyanın Altay bölgəsindədir. Bura hər bir türk üçün müqəddəs məkandır, türklərin kökləri buradan gəlir”. Beləliklə, Kreml özü Rusiyanın türk sivilizasiyasının beşiklərindən birini əhatə etdiyini etiraf etmişdi. 2026-cı ilin mayında isə Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzv olmayan ölkələrlə əməkdaşlığını genişləndirən TDT+ formatını dəstəkləmişdi. Deməli, Tokayevin Ankara təklifi tamamilə qəfil meydana çıxmış ideya deyil. Bunun müəyyən diplomatik keçmişi var. Ancaq mühüm sual açıq qalır: Rusiya təşkilata türk xalqlarının tarixi və mədəni tərəfdaşı kimi qoşulmaq istəyir, yoxsa onun siyasi qərarlarına təsir etmək imkanı qazanmağa çalışır? Mənim fikrimcə sonuncudur. Azərbaycan üçün bu təklif nə deməkdir? Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularından biridir. 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi saziş türk inteqrasiyasının təməlini qoyub. Bu təşkilatın güclənməsi, müstəqil siyasi və iqtisadi güc mərkəzinə çevrilməsi Azərbaycanın strateji maraqlarına xidmət edir. Mənim qənaətim qətidir: Rusiyanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması Azərbaycana heç bir halda sərf etmir! Rusiya ilə əməkdaşlıq başqa məsələdir, Moskvanın türk dövlətlərinin birliyində qərarverici mövqe qazanması tamam başqa. Rusiyanın təşkilata daxil olması türk inteqrasiyasının istiqamətini dəyişə, TDT-ni Moskvanın öz maraqlarını aktiv, hətta aqressiv şəkildə diktə etdiyi növbəti geosiyasi platformaya çevirə bilər. Üstəlik, burada ciddi ideoloji ziddiyyət var. Türk dünyası inteqrasiyası ilə yanaşı, Vladimir Putinin zaman-zaman siyasi ideologiya və təsir aləti kimi istifadə etdiyi “Rus dünyası” – “Russkiy mir” konsepsiyası mövcuddur. Bu konsepsiyanın praktik nəticələrinə baxanda başqa mənzərə görünür: rus dilinin və mədəni-siyasi təsirinin genişləndirilməsi fonunda Rusiyanın öz daxilindəki türk xalqlarının milli dillərinin ictimai və təhsil həyatındakı mövqeləri zəifləyir. Tatar, başqırd, saxa, kumuk, qaraçay, balkar və digər türk dillərinin qorunması məsələsi getdikcə daha həssas xarakter alır. Moskva öz sərhədləri daxilində türk dillərinin təsir imkanlarını daraldırsa, hansı məntiqlə türk dünyasının inteqrasiya təşkilatında söz sahibi olmalıdır? Burada söhbət rus xalqına, rus mədəniyyətinə qarşı münasibətdən getmir. Söhbət iki fərqli geosiyasi layihədən, iki ayrı inteqrasiya məntiqindən gedir. “Rus dünyası”nın siyasi təsir dairəsini genişləndirmək iddiası ilə türk dövlətlərinin müstəqil inteqrasiyası eyni təşkilatın daxilində necə uzlaşacaq? Mən belə bir uzlaşmanın mümkünlüyünə inanmıram. Türk və slavyan xalqlarının əməkdaşlığı, dostluğu, qarşılıqlı hörməti mümkündür və lazımdır. Amma “Rus dünyası” ilə “Türk dünyası”nın eyni siyasi mərkəzdən idarə olunması, yaxud birinin digərinin daxilində üstün mövqe qazanması nə realdır, nə də türk dövlətlərinin maraqlarına uyğundur. Əlbəttə, Rusiyanın TDT+ formatında iqtisadi, nəqliyyat və mədəni layihələrə cəlb olunması müzakirə edilə bilər. Lakin əməkdaşlıqla üzvlük, tərəfdaşlıqla qərarvermə hüququ arasında prinsipial fərq var. Bunlar mənim bir yazar, siyasi prosesləri uzun illər izləyən bir jurnalist kimi şəxsi qənaətlərimdir. Azərbaycan dövlətinin bu məsələdə verəcəyi qərar isə onun öz strateji hesablamalarına və milli maraqlarına əsaslanacaq. Bu iki mövqeyi qarışdırmaq niyyətində deyiləm. Ancaq bir prinsip dəyişməz qalmalıdır: Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin müstəqil iradəsinin ifadəsi olaraq qalmalıdır. Moskvanın növbəti təsir platformasına çevrilməməlidir. Azərbaycan üçün əsas məsələ də budur. Nəticə: Rusiya türk dövlətidirmi? Bu suala həm “bəli”, həm də “xeyr” demək mümkündür. Amma hansı mənada danışdığımızı dəqiqləşdirməklə. Rusiya müasir milli-siyasi kimliyi, dövlət dili və əhalisinin etnik tərkibi baxımından türk dövləti deyil. Ancaq Rusiya tarixinin, ərazisinin, dövlətçilik ənənələrinin və mədəniyyətinin böyük bir hissəsini türk xalqlarından ayrı təsəvvür etmək də mümkün deyil. Qızıl Orda olmadan Moskva dövlətinin yüksəliş tarixini tam izah etmək çətindir. Tatar aristokratiyasını nəzərə almadan rus zadəganlığının bütün mənzərəsini görmək olmaz. Tatarıstanı, Başqırdıstanı, Yakutiyanı, Tuvanı, Altayı, Xakasiyanı və Şimali Qafqazın türk xalqlarını kənara qoyub Rusiyanın etnik-coğrafi xəritəsini təsvir etmək mümkün deyil. Bu baxımdan Tokayevin təklifi ciddi tarixi əsaslara toxunur. Lakin tarixdə türk xalqları ilə iç-içə yaşamaq hələ müasir mənada türk dövləti olmaq demək deyil. Əsas məsələ də elə buradadır. Rusiya türk dünyasına yaxınlaşmaq istəyirsə, bu, türk dünyasının müstəqil siyasi iradəsini gücləndirəcək, yoxsa onu Moskvanın təsir dairəsinə daha sıx bağlayacaq? Tokayevin Ankarada verdiyi təklifin əsl siyasi ağırlığı bu sualın cavabındadır. Tarix göstərir ki, Rusiya ilə türk dünyasının yolları əsrlər boyu kəsişib. Bəzən müharibələrdə, bəzən ticarətdə, bəzən də eyni dövlətlərin içərisində. İndi isə həmin tarixi yaxınlığın yeni siyasi forması müzakirəyə çıxarılır. Və bu dəfə məsələ yalnız keçmişdən deyil, türk dünyasının gələcəyindən gedir.Rauf ARİFOĞLU Geri dön |