Ana Sayfa > Dünya > Avropa qaynayır: Fransada 565 nəfər saxlanıldı, Almaniyada küçələr döyüş meydanına çevrildi – Makrona ŞOK ZƏRBƏ

Avropa qaynayır: Fransada 565 nəfər saxlanıldı, Almaniyada küçələr döyüş meydanına çevrildi – Makrona ŞOK ZƏRBƏ


Bu gün, 17:11. Yazar: vasif
Avropa qaynayır: Fransada 565 nəfər saxlanıldı, Almaniyada küçələr döyüş meydanına çevrildi – Makrona ŞOK ZƏRBƏ


Fransa və Almaniyada on minlərlə insan küçələrə axışıb, yüzlərlə aksiya iştirakçısı saxlanılıb, polis əməkdaşları və nümayişçilər xəsarət alıblar. Yaşayış xərclərinin artması, enerji böhranı, təhsil problemləri, mənzil çatışmazlığı və sosial bərabərsizlik Avropanın aparıcı dövlətlərini yeni etiraz dalğası ilə üz-üzə qoyub.

Bütün dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa hakimiyyətinin öz ölkəsindəki narazılıqları idarə etməkdə çətinlik çəkməsi isə diqqət çəkən əsas məqamlardandır.

Avropa yenidən etirazların, qarşıdurmaların və siyasi narazılıqların mərkəzinə çevrilib. Uzun illər demokratiya, insan hüquqları, sosial rifah və yüksək həyat standartlarının nümunəsi kimi təqdim olunan Fransa və Almaniyada minlərlə insanın küçələrə çıxması qitədəki sosial-iqtisadi vəziyyətlə bağlı ciddi suallar doğurur.

Oktyabrın 31-də Fransada üçüncü həftəsonu ardıcıl olaraq kütləvi etiraz aksiyaları keçirilib.
Almaniyada isə "Gen Z regelt" gənclər hərəkatının təşkil etdiyi nümayişlər ölkənin 34 şəhərini əhatə edib. Aksiyalarda məktəblilər, tələbələr, həmkarlar ittifaqlarının nümayəndələri, dövlət qulluqçuları, əməkçilər və sosial hərəkatların tərəfdarları iştirak ediblər.

Etirazların əsas səbəbləri yaşayış xərclərinin artması, təhsil sistemindəki problemlər, mənzil böhranı, sosial təminatın zəifləməsi, enerji qiymətləri və hökumətlərin vətəndaşların tələblərinə yetərincə cavab verməməsidir.

Baş verənlər göstərir ki, Avropanın siyasi elitası ilə cəmiyyətin müxtəlif təbəqələri arasında narazılıq və etimadsızlıq dərinləşməkdədir. Xüsusilə gənclərin küçələrə çıxması vəziyyətin daha ciddi xarakter aldığını göstərir. Çünki bu dəfə etiraz edənlər yalnız bugünkü iqtisadi çətinliklərdən narazı olan insanlar deyil, həm də gələcəklərini Avropanın mövcud sosial-iqtisadi modeli daxilində təmin edə biləcəyinə inamı zəifləyən yeni nəsildir.

Fransada oktyabrın 31-də keçirilən aksiyalar ölkənin bir çox şəhərini əhatə edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərdə 320 min nəfər iştirak edib. Onlardan təxminən 70 mini Parisdə küçələrə çıxıb. Həmkarlar ittifaqları və aksiya təşkilatçıları isə iştirakçıların sayının 500 minə yaxın olduğunu, paytaxt Parisdə təxminən 200 min nəfərin nümayişlərə qatıldığını bildiriblər.

Etirazların geniş miqyası Fransa hakimiyyətini ciddi təhlükəsizlik tədbirləri görməyə vadar edib. Ölkə üzrə 70 min polis və jandarm əməkdaşı səfərbər olunub. Paytaxtda və digər iri şəhərlərdə xüsusi polis bölmələri, zirehli texnika və su şırnaqlı maşınlar hazır vəziyyətə gətirilib.

Lakin bütün tədbirlərə baxmayaraq, günün sonuna doğru Paris, Lion, Marsel və digər şəhərlərdə polis ilə etirazçıların bir qismi arasında qarşıdurmalar baş verib. Polis gözyaşardıcı qazdan və xüsusi vasitələrdən istifadə edib. Bəzi nümayişçilər polis əməkdaşlarına daş, fişəng və yandırıcı vasitələr atıblar.

Fransanın daxili işlər naziri Loran Nunyes ilkin açıqlamasında ölkə üzrə 422 nəfərin saxlanıldığını bildirib. Sonrakı media məlumatlarında isə saxlanılanların sayının 560-ı keçdiyi qeyd olunub.

Hadisələrin ən təhlükəli məqamlarından biri Parisdə polis əməkdaşına "Molotov" kokteyli atılması olub. AFP-nin məlumatına görə, yandırıcı vasitənin dəydiyi polis əməkdaşı alovlara bürünüb, lakin onun aldığı xəsarətlərin yüngül olduğu bildirilib. Bu hadisə Fransa Daxili İşlər Nazirliyi tərəfindən son dərəcə ciddi təhlükəsizlik insidenti kimi qiymətləndirilib.

Lionda polis nümayişçilərin atdığı əşyalara gözyaşardıcı qazla cavab verib. Tuluza şəhərində isə icazəsiz nümayiş zamanı su şırnaqlarından istifadə olunub. Parisdə qarşıdurmaların qarşısını almaq məqsədilə bəzi ərazilərdə gecə saatları üçün hərəkət məhdudiyyətləri də tətbiq edilib.

AFP-nin məlumatına görə, yüz minlərlə insan yaşayış xərclərinin artmasına və sosial bərabərsizliyə etiraz etmək üçün küçələrə çıxıb. Qarşıdurmalar isə əsasən nümayişlərin son mərhələsində müəyyən qrupların iştirakı ilə baş verib.

"Reuters" agentliyinin məlumatına görə, Fransada oktyabrın 31-də keçirilən aksiyalarda iştirakçıların sayı əvvəlki həftələrlə müqayisədə azalıb. Oktyabrın 17-də 550 min, oktyabrın 24-də isə 410 min nəfər barədə məlumat verilmişdisə, son nümayişlərdə rəsmi rəqəm 320 min olub. Buna baxmayaraq, etirazların ardıcıl üçüncü həftəsonu davam etməsi sosial narazılığın hələ də aradan qalxmadığını göstərir.

Fransada baş verənlərə yalnız təhsil və ya yaşayış xərcləri ilə bağlı etirazlar kimi yanaşmaq düzgün olmazdı. Bu aksiyalar Makron rejimi dövründə formalaşmış idarəçilik modelinə qarşı narazılığın növbəti təzahürü kimi də qiymətləndirilir. Emmanuel Makron hakimiyyətə gələndə Fransada iqtisadi islahatlar aparacağını, iş yerləri yaradacağını, sosial rifahı yüksəldəcəyini və ölkənin beynəlxalq mövqelərini gücləndirəcəyini vəd etmişdi. Lakin illər keçdikcə onun elan etdiyi islahatlarla cəmiyyətin gözləntiləri arasında ciddi uçurum yaranıb.

2018-ci ildə "sarı jiletlilər" hərəkatının başlaması Fransada sosial narazılığın ilk böyük siqnallarından biri idi. Həmin vaxt yanacaq qiymətlərinin və vergilərin artmasına etiraz edən insanlar sonradan daha geniş sosial və siyasi tələblər irəli sürməyə başladılar. 2023-cü ildə pensiya yaşının artırılmasına qarşı keçirilən kütləvi nümayişlər də hakimiyyətlə cəmiyyət arasındakı ziddiyyətləri üzə çıxardı.

İndi isə məktəblilər və tələbələr də bu narazılıq dalğasına qoşulublar. Onlar təhsil müəssisələrinin maliyyələşdirilməsini, müəllim çatışmazlığının aradan qaldırılmasını, universitetlərdə problemlərin həllini və yaşayış xərclərinin azaldılmasını tələb edirlər. Fransa hökumətinin məktəblərin təmiri, təhsil sisteminə əlavə maliyyə ayrılması və universitetlərə qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı vədləri etirazçıları tam razı sala bilməyib. Çünki problem artıq ayrı-ayrı sahələrlə məhdudlaşmır. Cəmiyyətin müəyyən hissəsi ümumilikdə hakimiyyətin sosial-iqtisadi siyasətindən narazıdır.

Makronun prezidentliyinin son mərhələsində bu narazılıq daha həssas siyasi xarakter alır. Parlamentdə parçalanma, büdcə çətinlikləri, dövlət borcunun artması və hökumətin siyasi manevr imkanlarının məhdudlaşması Fransadakı vəziyyəti mürəkkəbləşdirir. 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində sosial etirazların davam etməsi ölkədə siyasi müzakirələrin də əsas mövzularından birinə çevrilib. Ənənəvi siyasi qüvvələrin cəmiyyətin narazılığına cavab verməkdə çətinlik çəkməsi seçicilərin alternativ siyasi qüvvələrə marağını artırır.

Fransadakı hadisələr Azərbaycan ictimaiyyətində də diqqətlə izlənilir. Xüsusilə Parisin başqa ölkələrin daxili siyasi proseslərinə münasibəti, demokratiya və insan hüquqları mövzusunda verdiyi bəyanatlarla öz ölkəsindəki vəziyyət arasındakı ziddiyyətlər müzakirə olunur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə də Fransada və Avropanın digər ölkələrində baş verən etirazları şərh edərək məsələyə münasibət bildirib.Deputat qeyd edib ki, hər ölkədə baş verən hadisələr həmin dövlətin daxili işidir. Bununla belə, cəmiyyətin əhəmiyyətli bir hissəsi küçələrə çıxaraq etiraz edirsə, bu, həmin insanların səsinin eşidilmədiyini və hüquqlarının müdafiəsi ilə bağlı problemlərin mövcudluğunu göstərir.

Aydın Mirzəzadənin sözlərinə görə, bu vəziyyət xüsusilə Fransada bariz şəkildə görünür:

“Fransa cəmiyyətinin əhəmiyyətli hissəsinin Makronun daxili siyasətindən narazı olduğu görünür. Rəy sorğuları da onun reytinqinin günü-gündən düşdüyünü göstərir”.

Deputat Fransa administrasiyasının beynəlxalq müstəvidə demokratiya və insan hüquqları məsələlərində tutduğu mövqeyə də toxunub:

“Bütün dünyaya demokratiya dərsi keçmək istəyən, Azərbaycanın daxili işlərinə qarışan Fransa administrasiyası bu gün özünün daxilindəki sosial etirazlarla bacarmır. Polis zorakılığı edilir, insanlar həbs edilir, hansı ki, onları sadəcə olaraq eşitməli idilər, onların problemlərinin həlli istiqamətində işləməli idilər, cəmiyyət məlumatlanmalı idi”.

Aydın Mirzəzadə vurğulayıb ki, cəmiyyətin əhəmiyyətli hissəsinin küçələrə çıxması hakimiyyət üçün ciddi mesaj olmalıdır. Belə vəziyyətdə əsas məsələ etirazçıları güc yolu ilə susdurmaq deyil, onların tələblərini dinləmək, problemlərin həlli istiqamətində işləmək və görülən tədbirlər barədə cəmiyyəti məlumatlandırmaqdır.

Deputatın fikrincə, Avropanın bəzi ölkələrində etirazların günü-gündən genişlənməsi hakimiyyət orqanlarının narazı sosial təbəqələrlə daha sıx işləməsinin zəruriliyini ortaya qoyur.Fransada etirazlarla eyni vaxtda Almaniyada da genişmiqyaslı nümayişlər keçirilib. "Gen Z regelt" adlı gənclər hərəkatının təşkil etdiyi aksiyalar 34 şəhəri əhatə edib. Təşkilatçılar əvvəlcədən 160 mindən çox insanın aksiyalarda iştirak niyyətini bildirdiyini açıqlamışdılar. Nümayişlərdən sonra isə təşkilatçıların yaydığı məlumata görə, ölkə üzrə 120 min nəfər küçələrə çıxıb. AFP də təşkilatçıların 120 min iştirakçı barədə açıqlamasını yayıb.

Aksiyaların əsas tələbləri təhsilə daha çox vəsait ayrılması, mənzil və yaşayış xərclərinin azaldılması, sosial xidmətlərin yaxşılaşdırılması, iqlim problemlərinə diqqət yetirilməsi və məcburi hərbi xidmətin mümkün qaytarılmasına qarşı çıxmaq olub. Alman gəncləri hökumətin müdafiə və təhlükəsizlik xərclərini artırmaq niyyətində olduğu bir vaxtda məktəblərin, universitetlərin və sosial infrastrukturun maliyyələşdirilməsində problemlərin qalmasına etiraz edirlər.

Nümayişlər gün ərzində əsasən dinc keçsə də, axşam saatlarında Frankfurt, Hamburq, Köln, Ştutqart və digər şəhərlərdə qarşıdurmalar baş verib. Anadolu Agentliyinin noyabrın 1-də yenilənmiş məlumatına görə, Hamburqda azı iki nəfər saxlanılıb. Ştutqartda polis əməkdaşlarına əşyalar atılması nəticəsində iki polis yaralanıb. Karlsruedə fişəngin yaratdığı səs travması nəticəsində bir polis əməkdaşına tibbi yardım göstərilib.

Frankfurtda isə qarşıdurmalar daha geniş miqyas alıb. Polisə daş, fişəng və yandırıcı vasitələr atılıb, hüquq-mühafizə orqanları su şırnaqlarından və bibər qazından istifadə edib. AFP və Anadolu Agentliyinin məlumatlarında Frankfurtda onlarla şəxsin saxlanıldığı, azı bir polis əməkdaşının yaralandığı bildirilir. Hamburqda barrikadalar yandırılıb. Köln şəhərində də polis su şırnaqları vasitəsilə nümayişçiləri dağıtmağa çalışıb. Bonnda qarşıdurma zamanı bir polis əməkdaşı yüngül xəsarət alıb.

Almaniya üzrə saxlanılanların və xəsarət alan nümayişçilərin ümumi sayı barədə hələlik vahid yekun statistika açıqlanmayıb. Bununla belə, ayrı-ayrı şəhərlərdə onlarla saxlanılma faktının qeydə alınması, polis əməkdaşlarının yaralanması və ictimai obyektlərə ziyan vurulması aksiyaların son mərhələsində vəziyyətin gərginləşdiyini göstərir.
Geri dön