Ana Sayfa > Siyasət > İkili standartlara qarşı prinsipial mövqe və beynəlxalq ədalət çağırışı
İkili standartlara qarşı prinsipial mövqe və beynəlxalq ədalət çağırışıBu gün, 09:05. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində ən ciddi problemlərdən biri beynəlxalq hüququn bütün dövlətlərə eyni şəkildə tətbiq olunmaması, siyasi maraqların ədalət və bərabərlik prinsiplərini üstələməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər bu reallıqlara qarşı Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında vurğuladı ki, müstəqil dövlətlərə necə yaşamaq, hansı qərarları qəbul etmək barədə kənardan dərs vermək yolverilməzdir. Hər bir ölkənin suverenliyinə, milli xüsusiyyətlərinə və müstəqil seçim hüququna hörmətlə yanaşılmalıdır. Prezidentin ikili standartlarla bağlı fikirləri xüsusi diqqət çəkdi. O, müxtəlif dövlətlərə münasibətdə fərqli yanaşmaların tətbiq edilməsini beynəlxalq siyasətdə ədalət prinsipinə zidd hal kimi qiymətləndirdi. Azərbaycanın şimalında və cənubunda yerləşən ölkələrə qarşı çoxsaylı sanksiyaların tətbiq olunduğu halda Ermənistana münasibətdə belə addımların atılmaması bu yanaşmanın konkret nümunəsi kimi göstərildi. Dövlət başçısı qeyd etdi ki, ikili standartlara qarşı mübarizə Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Çıxışın digər mühüm istiqaməti Azərbaycanın Vətən müharibəsindən sonrakı sülh siyasəti idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müharibədən qalib çıxdıqdan və qarşı tərəf kapitulyasiya etdikdən sonra hərbi əməliyyatları dayandıraraq sülh təklif etdi. Bu, ölkəmizin hərbi Qələbədən sonra regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunmasına üstünlük verdiyini göstərir. Dövlət başçısı Azərbaycanın bu təcrübəsinin digər münaqişələrin həlli baxımından da öyrənilməsinin əhəmiyyətini vurğuladı. Prezidentin toxunduğu əsas məsələlərdən biri də BMT-də islahatların aparılması və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən mexanizmin yaradılması zərurəti idi. Belə ki, 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnamə qəbul edilsə də, onlar uzun illər icra olunmadı. Ermənistanın bu qərarların tələblərini yerinə yetirməməsinə baxmayaraq, ona qarşı təsirli beynəlxalq tədbirlər görülmədi. Bu təcrübə beynəlxalq hüququn yalnız qərarların qəbul edilməsi ilə deyil, onların icrasının təmin olunması ilə də gücləndirilməsinin vacibliyini göstərir. Əks halda, beynəlxalq təşkilatlara və qlobal təhlükəsizlik sisteminə olan inam zəifləyir. Prezident İlham Əliyevin Forumdakı çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq münasibətlərdə suverenliyə hörmətin, bərabərhüquqlu əməkdaşlığın və ədalətin tərəfdarıdır. Ölkəmiz öz tarixi təcrübəsinə əsaslanaraq ikili standartlara qarşı prinsipial mövqeyini bundan sonra da qoruyacaq. Nəticə etibarilə, beynəlxalq hüququn aliliyi, dövlətlərin suveren hüquqlarına hörmət və vahid meyarların tətbiqi davamlı sülhün əsas şərtləridir. Çünki ədalətin olmadığı yerdə etimad, ikili standartların hökm sürdüyü dünyada isə dayanıqlı sülh mümkün deyil. Bəhruz Ramazanov, YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |