Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan mədəniyyətlərarası dialoqun etibarlı ünvanı
Azərbaycan mədəniyyətlərarası dialoqun etibarlı ünvanıBu gün, 13:04. Yazar: azer |
![]() Müasir dünyada qarşıdurmaların, dini və etnik ayrı-seçkiliyin, qarşılıqlı etimadsızlığın dərinləşdiyi bir vaxtda mədəniyyətlərarası dialoq sadəcə humanitar anlayış deyil, qlobal təhlükəsizliyin və davamlı sülhün mühüm şərtlərindən birinə çevrilib. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın dialoq, qarşılıqlı hörmət və həmrəylik məkanı kimi mövqeyinin getdikcə möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı da məhz bu reallıqların siyasi və fəlsəfi mahiyyətini ortaya qoydu. 100-dən artıq ölkədən 500-dən çox qonağın, ümumilikdə isə 2000-dən artıq iştirakçının qatıldığı Forum artıq 15 il ərzində mədəniyyətlərarası münasibətlərin inkişafı və qlobal çağırışların müzakirəsi baxımından mötəbər beynəlxalq platformaya çevrilib. Ölkə Başçısının Forumda səsləndirdiyi fikirlər isə müasir beynəlxalq münasibətlər sistemindəki ziddiyyətlərə, dövlətlərin suverenlik hüququna, milli birliyin əhəmiyyətinə, sülhün və təhlükəsizliyin təmin olunmasına dair mühüm mesajlarla yadda qaldı. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın bu mövqeyinin təməlində xalqımızın tarixən formalaşdırdığı multikulturalizm və tolerantlıq ənənələri dayandığını bir daha dünyaya nümayiş etdirdi. Ölkəmizdə müxtəlif etnik və dini qrupların nümayəndələri Konstitusiyanın verdiyi bərabər hüquqlardan istifadə etməklə yanaşı, özlərini vahid Azərbaycan ailəsinin üzvü kimi hiss edirlər. Bu həmrəylik azərbaycançılıq ideyası ətrafında daha da möhkəmlənir. Azərbaycan xalqının birliyi xüsusilə tariximizin ən ağır sınaqları zamanı özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də Vətən müharibəsi dövründə ölkəmizin bütün etnik və dini qruplarının nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda vahid amal ətrafında birləşdilər. “Dəmir yumruq” bu milli birliyin və həmrəyliyin rəmzinə çevrildi. Beləliklə, bu birlik və həmrəyliyin Vətən müharibəsi dövründə nümayiş etdirdiyi böyük təzahür bir daha Azərbaycan cəmiyyətində formalaşmış qarşılıqlı hörmət və əhatəlilik mühitinin gücünü göstərdi. Əgər Azərbaycanda yaşayan müxtəlif xalqlar və dini icmalar arasında qarşılıqlı hörmətə, bərabərliyə və həmrəyliyə əsaslanan sağlam ictimai münasibətlər formalaşmasaydı, əldə etdiyimiz tarixi nailiyyətlər mümkün olmazdı. Əsrlər boyu qoruyub saxladığımız bu dəyərlər bu gün Azərbaycanın milli gücünün mühüm dayaqlarından biridir. Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun qorunması da tariximizin mühüm reallıqlarından biridir. Ölkəmiz müxtəlif siyasi sistemlərin və idarəçilik modellərinin mövcud olduğu dövrlərdən keçsə də, dilimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi və həyat tərzimizi qoruyub saxlaya bilmişik. Dövlətçilik ənənələrimiz müxtəlif tarixi mərhələlərdə müəyyən fasilələrlə üzləşsə də, milli yaddaşımız və azadlıq iradəmiz heç zaman aradan qalxmayıb. Məhz bu möhkəm təməl müstəqilliyimizi bərpa etdikdən sonra öz taleyimizin sahibinə çevrilməyimiz üçün əsaslı zəmin yaratdı. Müstəqilliyimizin bərpasından ötən 35 il ərzində Azərbaycan yalnız milli dəyərlərini qorumaqla kifayətlənməyib, onları daha da gücləndirib və müasir inkişaf prosesləri ilə uzlaşdırıb. Bu gün Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə nümayiş etdirdiyi birlik də bunun göstəricisidir. Milli həmrəylik, dövlətçilik düşüncəsi və azərbaycançılıq ideyası cəmiyyətimizi birləşdirən əsas dəyərlər kimi çıxış edir. Bu baxımdan Azərbaycanın uğuru təkcə iqtisadi və siyasi nailiyyətlərlə ölçülmür; bu uğurun təməlində öz kimliyinə, tarixinə və milli dəyərlərinə bağlı olan sağlam cəmiyyət dayanır. Prezident İlham Əliyevin çıxışında vurğuladığı mühüm məqamlardan biri də milli özünəməxsusluğun və dövlətçiliyin qorunması məsələsidir. Müasir dünyada ideoloji təsirlərin, informasiya qarşıdurmalarının və müxtəlif xarici çağırışların artdığı bir şəraitdə milli dəyərlərin qorunması dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir. Azərbaycan üçün bu, xüsusilə əhəmiyyətlidir. Çünki dövlətimizin əldə etdiyi tarixi nailiyyətlər milli birliyə, güclü dövlətçilik iradəsinə və cəmiyyətin öz gələcəyinə inamına söykənir. Bu səbəbdən milli dəyərlərimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunması hər birimizin ortaq məsuliyyətidir. Müstəqillik tariximizin böyük hissəsində qarşıya qoyulan əsas strateji məqsəd ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası olub. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması və işğalın aradan qaldırılmaması Azərbaycanın səbirli, lakin prinsipial mövqeyini dəyişmədi. Əksinə, ölkəmiz bütün bu illər ərzində öz iqtisadi və hərbi potensialını gücləndirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi və tarixi məqsədinə çatmaq üçün ardıcıl siyasət həyata keçirdi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan xalqının iradəsinin və dövlətimizin gücünün dünyaya nümayişi oldu. Bu Zəfər həm də uzun illər ərzində formalaşdırılmış milli həmrəyliyin, dövlət-xalq birliyinin və milli məqsədlər ətrafında səfərbərlik qabiliyyətinin nəticəsi idi. “Dəmir yumruq” ifadəsi məhz bu birliyin siyasi və mənəvi simvoluna çevrildi. Bu gün Azərbaycan yalnız öz ərazi bütövlüyünü və suverenliyini təmin edən dövlət kimi deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoquna töhfə verən ölkə kimi çıxış edir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nüfuzu da bunun göstəricisidir. Azərbaycan öz tarixi təcrübəsi ilə sübut edir ki, fərqliliklər qarşıdurma mənbəyi deyil, qarşılıqlı hörmət və əməkdaşlıq üçün imkan yarada bilər. Məhz buna görə Azərbaycan bu gün mədəniyyətlərarası dialoqun etibarlı ünvanlarından biri kimi qəbul olunur. Ölkəmizin mesajı aydındır: müxtəliflikləri qorumaq, qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirmək və xalqları qarşıdurmaya deyil, əməkdaşlığa yönəltmək mümkündür. Azərbaycanın həm daxili ictimai modeli, həm də beynəlxalq təşəbbüsləri bu yanaşmanın real və uğurlu nümunəsidir. Azərbaycanın öz daxilində formalaşdırdığı qarşılıqlı hörmət və həmrəylik mühiti, eləcə də beynəlxalq müstəvidə həyata keçirdiyi təşəbbüslər bu yanaşmanın real və uğurlu nümunəsidir. Millət vəkili Tamam Cəfərova belə deyib. Geri dön |