Ana Sayfa > Parlament > Hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılsın -

Hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılsın -


Bu gün, 12:24. Yazar: Subhan
Hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılsın -

"Yeni qanuna ehtiyacın miqyasını mötəbər məhkəmə statistikası göstərir. Ali Məhkəmənin 2025-ci ilin hesabatına görə, il ərzində təkcə birinci instansiyada baxılmış iki fərqli kateqoriya üzrə işlərin ümumi sayı 300 min 356 işdən çoxdur. Göstərilən statistikaya cinayət işləri, inzibati və kommersiya mübahisələri daxil edilməyib".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

O bildirib ki, məhkəmə orqanlarına müraciət edən insanların neçə nəfərinin vəkillərin müvafiq ödənişlərini qarşılaya bilmədiyini göstərən mötəbər tədqiqatlara ehtiyac var: "Yalnız birinci instansiyada baxılmış 300 min 356 işin 10 faizində vəkil haqqını ödəyə bilməyən vətəndaş varsa, onda 30 mindən artıq iş alınır. Yəni, dövlət siyasətinin maliyyə yükünü hesablamaq üçün təkcə iki sahədən ehtiyaclı insanların çəkisinin qat-qat çox olduğu görünür. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının- CEPEJ-in 2024-cü il üzrə Azərbaycana dair hesabatında dövlət hesabına hüquqi yardım göstərilməsi üçün 2 milyon 855 min avro xərcləndiyi bildirilir. Lakin vəsaitin 99,5 faizi cinayət işlərinə, 0,5 faizi isə digər məsələlərə yönəlib. Halbuki yaşayış evindən çıxarılmaq təhlükəsi ilə üzləşən, əməkhaqqını ala bilməyən, müavinətlə bağlı dövlət orqanının qərarından şikayət edən şəxsin də peşəkar hüquqi dəstəyə ehtiyacı var. 2024-cü ildə ölkəmizdə hər nəfərə düşən dövlət hüquqi yardımı xərci 0,28 avro təşkil edib. Müqayisə üçün Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstərici isə 0,86 avrodur. Məsələnin ikinci tərəfi vəkil sayıdır. Son illər Kollegiyanın uğurlu fəaliyyəti nəticəsində vəkillərin sayının artıb. 2020-ci ildə ölkəmizdə hər 100 min nəfərə 20,4 vəkil düşürdüsə, 2024-cü ildə müvafiq rəqəm 24,6 olub. Hazırda ölkəmizdə 3003 vəkil var. Avropa üzrə hər 100 min nəfərə orta hesabla 180 vəkil düşdüyü halda ölkəmizdə oxşar göstərici 23 vəkil təşkil edir. Əlbəttə, ölkələrin hüquq sistemləri və vəkillərin funksiyaları fərqlidir. Lakin aradakı fərq xeyli böyükdür. Üstəlik, ölkəmizdə vəkillərin regionlar üzrə sayı da bərabər deyil, yəni yalnız 538 nəfəri (18 faizi) bölgələrdə fəaliyyət göstərir. CEPEJ-in 2024-cü il məlumatına görə, Azərbaycanda 631 hakim, yəni, əhalinin 100 min nəfərinə 6.2 peşəkar hakim fəaliyyət göstərir. Oxşar göstəricilər Gürcüstanda 9,9, Ukraynada 12,1, Moldovada isə 13,7 olub. Ölkəmizdə məhkəmə orqanlarındakı iş yükünün böyük miqyasda olduğunu nəzərə alaraq, hakim və vəkillərin sayı artması, eyni vaxtda pulsuz hüquqi yardımın əsaslarının möhkəmləndirilməsi doğru addımdır".

Komitə sədri qeyd edib ki, layihənin maliyyələşmə müddəalarında ciddi müzakirə tələb edən bir məqam var: "12.1-ci maddəyə əsasən, peşəkar hüquqi yardım üçün hər iş saatına görə minimum aylıq əməkhaqqının 0,0275 misli məbləğində ödəniş nəzərdə tutulur. 2026-cı ildə minimum aylıq əməkhaqqı 400 manat olduğuna görə ödinişin miqdarı saatda 11 manat edir. İlkin hüquqi yardımın hər bir xidməti üçün isə minimum aylıq əməkhaqqının 0,015 misli, yəni 6 manat müəyyənləşdirilir. Hüquqi yardımın kadr təminatı da xüsusi əhəmiyyət daşıyır. 2024–2025-ci tədris ilində bakalavriat səviyyəsində hüquq ixtisasına ayrılan 1395 qəbul yerin hamısı tutulub. Onların təxminən 600 nəfəri Polis Akademiyası, təhlükəsizlik, gömrük və digər ixtisaslaşmış təhsil müəssisələrinin məzunlarıdır. Hüquqşünas çatışmazlığı inkaredilməzdir. Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, pulsuz hüquqi yardımın vahid modeli yoxdur. Bütün bunları nəzərə alaraq qanun layihəsinin növbəti oxunuşları üçün bir neçə konkret təklif irəli sürmək istəyirəm. Birinci təklifim hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılmasıdır. İkinci təklifim hüquqi yardımın tətbiq olunduğu iş kateqoriyalarının genişləndirilməsidir. Üçüncüsü, hüquqi yardımın idarə edilməsində hesabatlılığın daha dəqiq müəyyənləşdirilməsidir".

aia.az
Geri dön