Ana Sayfa > Özəl > Kriptovalyuta bazarında böyük çöküş – 1,48 milyard dollarlıq mövqelər bağlandı

Kriptovalyuta bazarında böyük çöküş – 1,48 milyard dollarlıq mövqelər bağlandı


Bu gün, 21:33. Yazar: vasif
Kriptovalyuta bazarında böyük çöküş – 1,48 milyard dollarlıq mövqelər bağlandı




Dünya kriptovalyuta bazarında kəskin qiymət enişləri müşahidə olunur. Son 24 saat ərzində 242 mindən çox treyderin ticarət mövqeyi məcburi şəkildə bağlanıb.

“Coinglass” platformasının məlumatına görə, likvidasiya olunan mövqelərin ümumi dəyəri 1,48 milyard dollara çatıb. Ən böyük itkilər Bitcoin üzrə qeydə alınıb. Bu kriptovalyutada bağlanan mövqelərin həcmi 476,36 milyon dollar təşkil edib.

Ümumi likvidasiyaların təxminən 1,28 milyard dolları qiymət artımına hesablanmış uzun mövqelərin, 195,88 milyon dolları isə qısa mövqelərin payına düşüb.

Ən böyük tək likvidasiya “Binance” birjasında BTC/USDT cütlüyü üzrə baş verib və 11,09 milyon dollar təşkil edib.

“CoinMarketCap” məlumatlarına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,58 trilyon dollar səviyyəsində olub. Bunun 1,54 trilyon dolları Bitcoin, 270,58 milyard dolları isə Ethereumun payına düşüb.

Məlumatda Bitcoinin 5,49 faiz ucuzlaşaraq təxminən 76 760 dollara, Ethereumun isə 6,46 faiz geriləyərək 2 205 dollara düşdüyü bildirilir.

Likvidasiya əsasən borc vəsaiti ilə ticarət edən investorların mövqelərinin qiymət dəyişiklikləri səbəbindən avtomatik bağlanmasıdır. Bu proses bazarda satış təzyiqini gücləndirərək qiymət enişlərini daha da sürətləndirə bilər.

Qeyd edək ki, 1,48 milyard dollar birbaşa bazardan silinən pul deyil, məcburi bağlanan ticarət mövqelərinin ümumi dəyəridir.
Geri dön