Ana Sayfa > Özəl > Fransada vəziyyət gərginləşir – 70 min polis səfərbər olunur

Fransada vəziyyət gərginləşir – 70 min polis səfərbər olunur


Bu gün, 18:14. Yazar: vasif
Fransada vəziyyət gərginləşir – 70 min polis səfərbər olunur


Fransada sentyabrın ortalarından davam edən kütləvi etiraz aksiyaları zamanı yüzlərlə hüquq-mühafizə əməkdaşı xəsarət alıb. Hakimiyyət növbəti nümayişlər ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşır.

Fransanın daxili işlər naziri Loran Nunyes bildirib ki, etirazlar zamanı ümumilikdə 1193 polis və jandarm yaralanıb. Onların əksəriyyətinin xəsarətlərinin ağır olmadığı qeyd edilib.

Nazirin sözlərinə görə, bəzi aksiyalar zorakılıq, vandalizm və talançılıq halları ilə müşayiət olunub. Nümayişçilərin hüquq-mühafizə əməkdaşlarına daş və pirotexniki vasitələr atdığı, hətta binaların damlarından ağır əşyalar tulladığı bildirilib.

Oktyabrın 31-nə planlaşdırılan yeni etiraz aksiyaları ilə əlaqədar ölkə üzrə 70 min polis və jandarmın səfərbər edilməsi nəzərdə tutulur.

Təhlükəsizlik tədbirlərinə xüsusi təyinatlı qüvvələr, atlı polis bölmələri və xidməti it dəstələri də cəlb olunacaq. Bundan əlavə, dronlar, helikopterlər və zirehli nəqliyyat vasitələrindən istifadə planlaşdırılır.

Loran Nunyes şəhər mərkəzlərində toplaşmaqla bağlı qüvvədə olan məhdudiyyətləri bir daha xatırladıb.

Fransa hakimiyyəti genişmiqyaslı təhlükəsizlik tədbirləri ilə növbəti nümayişlər zamanı zorakılığın və qarşıdurmaların qarşısını almağı hədəfləyir.
Geri dön