Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Şuşanın azad olunması ölkəmizin müasir tarixində dönüş yaradan hadisə kimi yadda qaldı”

Azər Kərimli: “Şuşanın azad olunması ölkəmizin müasir tarixində dönüş yaradan hadisə kimi yadda qaldı”


Bu gün, 21:08. Yazar: azer
Azər Kərimli: “Şuşanın azad olunması ölkəmizin müasir tarixində dönüş yaradan hadisə kimi yadda qaldı”

“Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərin ən parlaq səhifələrindən biri Şuşanın işğaldan azad edilməsidir. Bu qələbə xalqımızın uzun illər qəlbində yaşatdığı arzunun gerçəkləşməsi ilə yanaşı, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin təntənəsi kimi tarixə düşdü. Qarabağın mədəniyyət mərkəzi olan Şuşanın azadlığı Vətən müharibəsinin gedişində həlledici rol oynadı və Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmaq əzmini nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin ilk günlərindən Şuşanın azad olunmasını strateji hədəflərdən biri kimi müəyyənləşdirməsi şəhərin qələbənin əldə edilməsindəki müstəsna yerini göstərirdi. Dövlət başçısının vurğuladığı kimi, Şuşa Azərbaycan xalqının qəlbində xüsusi mövqeyə malik tarixi şəhərdir və onun azadlığı olmadan Qarabağ mübarizəsinin mənəvi baxımdan tamamlanması mümkün deyildi. Şuşanın azad edilməsi Azərbaycan hərbçilərinin qəhrəmanlığını, yüksək döyüş hazırlığını və qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək əzmini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı Ordumuzun ardıcıl irəliləyişi Şuşa istiqamətində həlledici əməliyyatın həyata keçirilməsi üçün zəruri şərait yaratdı. Şəhərin sıldırım qayaları, mürəkkəb relyefi və düşmənin möhkəmləndirilmiş müdafiə mövqeləri hərbi tapşırığın icrasını son dərəcə çətinləşdirirdi. Buna baxmayaraq, Azərbaycan əsgərləri böyük cəsarət və peşəkarlıq göstərərək ağır texnikanın hərəkəti üçün əlverişli olmayan ərazilərdən keçib düşmənin müdafiəsini yarmağa nail oldular. Şuşa əməliyyatı hərbi taktikanın çevikliyi, şəxsi heyətin fədakarlığı və yüksək mənəvi ruhun qələbəyə necə təsir göstərdiyini sübut etdi. Noyabrın 8-də şəhərin azad edilməsi barədə Prezident İlham Əliyevin xalqa müraciəti isə ölkəmizin müasir tarixində dönüş yaradan hadisə kimi yadda qaldı.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.

Parlament üzvü qeyd edib ki, Şuşa Zəfərinin siyasi əhəmiyyəti onun hərbi nəticələri ilə məhdudlaşmır: “Bu qələbə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi idi. Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, ordunun müasirləşdirilməsi, müdafiə sənayesinin inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi qələbəyə aparan yolun əsas istiqamətlərini təşkil edirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək gücünə malik dövlətə çevrildi. Beləliklə, Şuşanın azad edilməsi həm də Ulu Öndərin başladığı dövlət quruculuğu xəttinin tarixi nəticəsini, xalqın öz liderinə inamını və milli birliyin qüdrətini təcəssüm etdirdi. Şuşanın azad olunmasına verilən yüksək dövlət qiyməti bu tarixi hadisənin gələcək nəsillərin yaddaşında yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 8 Noyabrın Zəfər Günü elan edilməsi və həmin tarixin Şuşa Şəhəri Günü kimi təsis olunması qələbənin tarixi və mənəvi məzmununu daha da möhkəmləndirib. 2021-ci il yanvarın 14-də dövlət başçısının Şuşada üçrəngli bayrağımızı ucaltması şəhərin azadlığının dönməzliyini nümayiş etdirən rəmzi hadisə oldu. Bu gün Şuşada həyata keçirilən bərpa-quruculuq layihələri, tarixi abidələrin qorunması və mədəni həyatın canlandırılması şəhərin öz əvvəlki mövqeyinə qaytarılması istiqamətində mühüm addımlardır.” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön