Ana Sayfa > Siyasət > Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub
Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olubBu gün, 14:33. Yazar: azer |
![]() Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş və qlobal miqyasda mədəniyyətlər arasında körpü rolunu oynayan “Bakı Prosesi”nin ən mühüm tərkib hissələrindən biridir. Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Tədbirdə 100-dən çox ölkədən iştirakçıların təmsil olunması və 2 mindən artıq şəxsin qeydiyyatdan keçməsi forumun geniş beynəlxalq əhatəsini göstərir. Müasir dünyada münaqişələr, dini və etnik zəmində gərginliklər, miqrasiya və mədəni fərqliliklərə münasibət kimi məsələlər dialoqun əhəmiyyətini artırır. Sözügedən Forum çərçivəsində bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Ümumi rəy ondan ibarət oldu ki, dialoqun real nəticələr verməsi üçün təkcə beynəlxalq tədbirlərin keçirilməsi deyil, gündəlik həyatda qarşılıqlı hörmətin, hüquq bərabərliyinin və davamlı əməkdaşlığın təmin edilməsi də vacibdir. Ölkəmizdə multikulturalizm ənənələri tarixi-coğrafi amillərin, müxtəlif dini və etnik icmaların birgəyaşayış təcrübəsinin, konstitusion hüquqların və mədəniyyətlərarası əməkdaşlıq təşəbbüslərinin qarşılıqlı təsiri nəticəsində formalaşıb. Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub” söylədi və onu da qeyd etdi ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular: “Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”. Cənab İlham Əliyev çıxışında bu reallıqlara da diqqəti yönəltdi ki, Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq. Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir. “Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik” deyən cənab İlham Əliyev bildirdi ki, həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların və ənənələrin qarşılıqlı əlaqədə olduğu məkan kimi tanınıb. Bu tarixi təcrübə müasir dövrdə mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və dini dözümlülüyün ölkənin ictimai həyatında və beynəlxalq əlaqələrində mühüm yer tutmasına zəmin yaradır. Cənab İlham Əliyev çıxışında bu çağırışı da etdi ki, biz əraziləri işğal altında olan ölkə, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik. Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Nihad Pənahov YAP Tovuz rayon təşkilatının sədri Geri dön |