Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Şuşa Zəfəri Azərbaycanın tarixi iradəsinin təntənəsidir"
Səttar Möhbalıyev: "Şuşa Zəfəri Azərbaycanın tarixi iradəsinin təntənəsidir"Bu gün, 12:24. Yazar: azer |
![]() Elə şəhərlər var ki, onların taleyi bütöv bir xalqın taleyi ilə birləşir. Şuşa da Azərbaycan üçün belə şəhərdir. Bu qədim qala şəhəri tariximizin, mədəniyyətimizin, milli qürurumuzun və mənəvi yaddaşımızın ayrılmaz parçasıdır. Şuşanın azadlığına qovuşması yalnız hərbi qələbə deyil, xalqımızın tarixi ədaləti bərpa etmək əzminin, dövlətimizin qüdrətinin və milli birliyimizin möhtəşəm təntənəsidir. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı uzun illər gözlədiyi müjdəni aldı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edildiyini bəyan etdi. Həmin gün təkcə bir şəhərin azadlığı deyil, Azərbaycanın gələcəyinə inamı, milli iradəsi və dövlətçilik əzmi də yeni tarixi zirvəyə yüksəldi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu dövlət quruculuğu strategiyası Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, gələcək qələbələr üçün möhkəm zəmin yaratdı. Cənab Prezident İlham Əliyev bu siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirərək iqtisadi cəhətdən güclü, beynəlxalq münasibətlər sistemində öz mövqeyi olan, müasir hərbi potensiala malik Azərbaycan dövləti qurdu. Ordumuzun maddi-texniki təminatı gücləndirildi, döyüş qabiliyyəti yüksəldildi, hərbi qulluqçularımızın peşəkarlığı və mənəvi hazırlığı daim diqqətdə saxlanıldı. Bununla yanaşı, Azərbaycanın diplomatik mübarizəsi də davam etdirildi. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi və icra olunmayan dörd qətnaməsinin tələbləri nəhayət, Azərbaycan Ordusunun gücü ilə həyata keçirildi. Bu, dövlətimizin siyasi iradəsinin, hərbi qüdrətinin və xalqımızın ədalətli mübarizəsinin nəticəsi idi. Qələbənin mühüm dayaqlarından biri də xalqın öz Prezidenti ətrafında sıx birləşməsi oldu. Vətən müharibəsi günlərində nümayiş etdirilən milli həmrəylik Azərbaycan cəmiyyətinin sarsılmaz iradəsini ortaya qoydu. Hər kəs torpaqlarımızı işğaldan azad etmək, tarixi ədaləti bərpa etmək və doğma yurda qayıtmaq.amalı uğrunda birləşmişdi. Vətən müharibəsinin ilk günlərindən cənab Prezident İlham Əliyev Şuşanın azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayırdı. Çünki Şuşasız Qarabağ Zəfəri bütövlüyünə qovuşa bilməzdi. Şəhərin coğrafi mövqeyi, hərbi-strateji əhəmiyyəti və milli-mənəvi dəyəri onu müharibənin əsas hədəflərindən birinə çevirirdi. Noyabrın 8-də Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində Şuşa azad edildi. Döyüşçülərimiz ağır relyef şəraitində, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşmənin möhkəmləndirilmiş mövqelərinə doğru irəlilədilər. Bu əməliyyat hərbi məharətin, cəsarətin, döyüş ruhunun və Vətən sevgisinin unudulmaz nümunəsinə çevrildi. Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsi oldu. Azərbaycan Ordusu sübut etdi ki, xalqın iradəsi ilə dövlətin qüdrəti birləşəndə ən çətin görünən hədəflərə belə çatmaq mümkündür. Şuşanın azadlığı ilə Azərbaycan tarixində yeni səhifə açıldı, xalqımızın qüruru və özünəinamı daha da yüksəldi. Cənab Prezident İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində səsləndirdiyi qələbə müjdəsi həmin günün mənəvi mahiyyətini bütün dünyaya çatdırdı. Dövlət başçısının xalqın birliyini ifadə edən “Dəmir yumruq” rəmzi də məhz bu tarixi məqamda milli həmrəyliyin yaddaşlara həkk olunmuş ifadəsinə çevrildi. Millət vəkili onu da deyib ki, cənab Prezident İlham Əliyevin Şuşanın azad edildiyi gün Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər bu tarixi qələbənin mahiyyətini dolğun ifadə edir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq”. Bu sözlər yalnız böyük bir hərbi uğurun bəyanı deyildi. Onlar illərlə davam edən mübarizənin, xalqımızın sarsılmaz iradəsinin və Azərbaycanın öz tarixi taleyinə sahib çıxmaq əzminin ifadəsi idi. Şuşanın azadlığı ilə sübut olundu ki, milli məqsədlərə sədaqət, güclü dövlətçilik və Vətən sevgisi bir araya gələndə ən çətin hədəflər belə gerçəyə çevrilir. 2021-ci il yanvarın 14-də Şuşada Azərbaycan bayrağının ucaldılması isə qələbənin dövlətçilik rəmzinə çevrilən unudulmaz hadisələrindən biri oldu. Üçrəngli bayrağımızın doğma şəhərimizdə dalğalanması Azərbaycanın suveren iradəsinin və tarixi haqqının təntənəsi idi. Şuşanın azad edilməsindən sonra da Azərbaycan öz suverenliyinin tam bərpası istiqamətində qətiyyətli addımlarını davam etdirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən dövlət suverenliyinin tam bərpası əməliyyatı ilə Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. Beləliklə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində tarixi mərhələ başa çatdı. Şuşa Zəfəri bizə bir daha göstərdi ki, milli məqsədlərə çatmaq üçün güclü dövlət, qüdrətli ordu, ardıcıl siyasət və xalq birliyi vacibdir. Bu qələbə həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır: Vətən sevgisi yalnız duyğu deyil, məsuliyyət, fədakarlıq və əməl deməkdir. Bu gün 8 Noyabrın Şuşa şəhəri günü kimi qeyd edilməsi həmin tarixi həqiqətin əbədiləşdirilməsinə xidmət edir. Şuşanın azadlığına qovuşması Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Şuşa bizim üçün yalnız keçmişin əziz yadigarı deyil. O, dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını ifadə edən canlı tarixdir. Şuşa Zəfəri Azərbaycanın öz taleyinə sahib çıxmaq əzminin, milli qürurunun və müstəqil dövlətçilik iradəsinin təntənəsi kimi tarixdə qalacaq-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb. Geri dön |