Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Sülhün, təhlükəsizliyin təmin edilməsinə töhfə

Anar Nəbiyev: Sülhün, təhlükəsizliyin təmin edilməsinə töhfə


Bu gün, 12:08. Yazar: azer
Anar Nəbiyev: Sülhün, təhlükəsizliyin təmin edilməsinə töhfə

Ölkəmizin xarici və daxili siyasətində mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi hər zaman gündəliyin ən ön sıralarında yer alır. Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanın ölkələr, xalqlar arasında körpü rolu geniş müzakirə edildi.  Forumdakı çıxışında 35 illik müstəqillik tariximizin reallıqlarından geniş bəhs edən Prezident İlham Əliyev “Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq” söyləyərək onu da qeyd etdi ki, həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar.

Cənab İlham Əliyev vurğuladı ki, biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik. Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik.

“Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir” deyən dövlət başçısı İlham Əliyev bildirdi ki, qələbə qazanmaq da çox çətindir. Ona görə də Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır: “Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır”.

Cənab İlham Əliyev bu çağırışı da etdi ki, bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir: “Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Qeyd etdiyim kimi, hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik”.

Əsas məqsədi fərqli mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında qarşılıqlı anlaşmanı, sülhü, tolerantlığı və sosial həmrəyliyi qlobal miqyasda gücləndirmək olan və iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları dövrün çağırışlarını özündə ehtiva edən mövzuları müzakirəyə çıxarmaqla birliyə, əməkdaşlığa geniş imkanlar yaradır. Çıxışlarda da qeyd edildi ki, parçalanan dünyada körpülərin salınması məsələsi əlbəttə ki, olduqca önəmlidir. Təbii ki, bu, dünyada sülhün, təhlükəsizliyin daha da mükəmməl şəkildə təmin edilməsinə töhfəsini verir. Bu fikir dönə-dönə vurğulandı ki, həqiqətən Azərbaycanda İslami dəyərlər və dinlərarası birgəyaşayış olduqca yüksək səviyyədədir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön