Ana Sayfa > Özəl > Ərdoğanın türk dünyası planı Moskvada müzakirə doğurdu – Ankara sammiti öncəsi diqqətçəkən təhlil
Ərdoğanın türk dünyası planı Moskvada müzakirə doğurdu – Ankara sammiti öncəsi diqqətçəkən təhlilBu gün, 20:18. Yazar: vasif |
![]() Oktyabrın 30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ərəfəsində Rusiya mətbuatında Türkiyənin regional siyasəti və türk dövlətləri arasındakı münasibətlərlə bağlı diqqətçəkən təhlil yayımlanıb. Rusiyanın “Nezavisimaya qazeta” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyasının birliyini pozmağa çalışan qüvvələrə qarşı “vahid cəbhə” çağırışını təhlil edərək təşkilat daxilində mümkün fikir ayrılıqlarına diqqət yönəldib. Nəşrə danışan politoloq Dərya Karayevin fikrincə, Mərkəzi Asiya dövlətlərinin müstəqil xarici siyasət yürütməsi və Türkiyədən kənar tərəfdaşlarla əməkdaşlığı genişləndirməsi Ankaranın regiondakı roluna təsir göstərir. Təhlildə Azərbaycanla Qazaxıstan və Özbəkistan arasında əlaqələrin güclənməsi, xüsusilə Orta Dəhliz layihəsinin inkişafı ayrıca vurğulanıb. Ekspert hesab edir ki, bu əməkdaşlıq türk dünyasında yeni iqtisadi və siyasi imkanlar yaradır. Rusiya nəşri ortaq əlifba, tarix, təhsil və Şimali Kiprlə bağlı diplomatik mövqeləri də təşkilat daxilində fərqli yanaşmaların mövcud olduğu məsələlər kimi təqdim edib. Bununla yanaşı, Ankara sammitində gömrük prosedurlarının sadələşdirilməsi, elektron məlumat mübadiləsi və Türk İnvestisiya Fondunun imkanlarından istifadə kimi iqtisadi təşəbbüslərin müzakirəsi gözlənilir. Nizamnamə kapitalı 600 milyon dollar olan fondun üzv ölkələr arasında birgə layihələrin maliyyələşdirilməsinə dəstək verməsi nəzərdə tutulur. Təhlildə qeyd olunur ki, türk dövlətləri arasında nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi Rusiyanın ənənəvi təsir imkanlarının olduğu regionda yeni əməkdaşlıq imkanları formalaşdırır. Ankara sammitinin əsas nəticələrindən biri Ərdoğanın siyasi həmrəylik çağırışının hansı konkret qərar və layihələrlə müşayiət olunacağı olacaq. Sammitin yekun bəyannaməsi TDT-nin gələcək istiqamətləri baxımından xüsusi əhəmiyyət daşıyacaq. Geri dön |