Ana Sayfa > Ölkə > Yerdə pul tapıb götürənlərin diqqətinə!
Yerdə pul tapıb götürənlərin diqqətinə!Bu gün, 00:46. Yazar: vasif |
![]() İnsanlar gündəlik həyatda küçədə, ictimai nəqliyyatda və ya müxtəlif məkanlarda sahibsiz əşyalar tapa bilərlər. Belə hallarda əşyanın sahibini müəyyənləşdirmək mümkün olmadıqda, tapan şəxsin həmin əşyanı özündə saxlayıb-saxlaya bilməyəcəyi və mükafat tələb etmək hüququnun olub-olmadığı sual doğurur. Bəs qanun bu cür hallarda hansı qaydaları müəyyən edir? aia.az xəbər verir ki, vəkil Babək Umudov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində tapılmış əşyalarla (tapıntı ilə) bağlı hüquqi tənzimləmə dəqiq müəyyən edilir. Onun sözlərinə görə, Mülki Məcəlləyə əsasən, əşyanın sahibini və ya onun olduğu yeri müəyyən etmək mümkün olmadıqda, əşyanı tapan şəxsin hüquq və öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir: "Əşyanı tapan şəxs onu dərhal öz mülkiyyətinə keçirə bilməz. Qanunvericiliyə görə, həmin şəxs əşyanı itirənə, onun sahibinə və ya əşyanı geri almaq hüququ olan digər şəxsə xəbər verməli və tapıntını ona qaytarmalıdır. Əgər əşyanı kimin itirdiyini və ya onun harada olduğunu müəyyən etmək mümkün deyilsə, bu barədə polisə məlumat verilməlidir. Əşyanı tapan şəxs onu özündə saxlaya və ya saxlanılması üçün polisə təhvil verə bilər. Lakin əşyanı özündə saxladığı halda, onun qorunub saxlanılmasına görə məsuliyyət daşıyır. Əşya qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində zədələnərsə və ya məhv olarsa, tapan şəxs məsuliyyətə cəlb edilə bilər. Polisə məlumat verildiyi tarixdən etibarən altı ay ərzində əşyanın sahibi tapılmazsa və ya öz hüququnu bəyan etməzsə, tapan şəxs həmin əşyanın mülkiyyətçisi ola bilər. Əgər o, əşyanı mülkiyyətinə götürməkdən imtina edərsə, əşya dövlətin mülkiyyətinə keçir. Bununla yanaşı, tapılmış əşyanı sahibinə qaytaran şəxsin mükafat tələb etmək hüququ da var. Mükafatın məbləği əşyanın dəyərinin 20 faizindən çox ola bilməz. Əgər əşyanı itirən şəxs əvvəlcədən onu tapana mükafat verəcəyini elan edibsə, ödəniş elan edilmiş şərtlərə uyğun həyata keçirilir. Ancaq tapan şəxs tapıntı barədə polisə məlumat verməyibsə və ya onu gizlətməyə cəhd edibsə, mükafat almaq hüququnu itirir. Əşyanı saxlayan, qoruyan və ya sahibinə çatdıran şəxs, həmçinin onun saxlanılması və sahibinin tapılması üçün çəkdiyi zəruri xərclərin əvəzini də tələb edə bilər". Geri dön |