Ana Sayfa > Manşet / Siyasət > Tolerantlıq nümunəsi olan Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verir

Tolerantlıq nümunəsi olan Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verir


Bu gün, 17:42. Yazar: azer
Tolerantlıq nümunəsi olan Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verir

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu, milli birliyini və müstəqil inkişaf strategiyasını səciyyələndirən mühüm məqamlarla yadda qalıb. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forum müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsi, dinlər və xalqlar arasında qarşılıqlı hörmətin təşviqi, eləcə də qlobal problemlərin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğunu bir daha təsdiqləyir.

2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan Forum ötən 15 il ərzində səmərəli və əhatəli dialoq platformasına çevrilib. 100-dən çox ölkəni təmsil edən iştirakçıların Bakıda bir araya gəlməsi ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin göstəricisidir. Azərbaycanın tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynaması, müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması bu təşəbbüsün möhkəm mənəvi əsaslarını təşkil edir.

Azərbaycanın multikulturalizm modeli təkcə tarixi ənənələrə deyil, həm də dövlət siyasətinin əsas prinsiplərinə söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Cəmiyyətdəki qarşılıqlı hörmət, həmrəylik və anlaşma Azərbaycanın sabit inkişafının mühüm amillərindəndir. Müasir dünyada dini və etnik zəmində qarşıdurmaların artdığı bir şəraitdə ölkəmizin təcrübəsi müxtəliflik daxilində birliyin qorunmasının mümkünlüyünü nümayiş etdirir.

Forumda azərbaycançılıq ideyasının əhəmiyyətinə də xüsusi diqqət yetirilib. Azərbaycan xalqını birləşdirən bu ideya milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlarımızın ümumi dövlətçilik maraqları ətrafında birliyini ifadə edir. Tarixin müxtəlif dövrlərində xalqımızın üzləşdiyi çətinliklər milli kimliyimizin qorunmasının nə qədər vacib olduğunu göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Dövlət müstəqilliyinin bərpasından sonra isə öz taleyimizin sahibinə çevrilərək ölkəmizin gələcəyini müəyyənləşdirmək imkanı qazanmışıq.

Milli həmrəyliyin ən parlaq təzahürlərindən biri Ermənistanın hərbi təcavüzü və İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirilib. Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin, müxtəlif etnik və dini qrupların nümayəndələrinin Vətən uğrunda vahid amal ətrafında birləşməsi tarixi Qələbəmizin mühüm mənəvi dayaqlarından biri olub. “Dəmir yumruq” rəmzi xalqımızın birliyini, qətiyyətini və dövlətimizin suverenliyini qorumaq iradəsini ifadə edib. Bu birlik bir daha sübut etdi ki, güclü dövlətin təməlində yalnız iqtisadi və hərbi potensial deyil, həm də milli həmrəylik və vətəndaş məsuliyyəti dayanır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq mövqelərinə də toxunub. Dövlətimizin başçısı ölkəmizin xarici borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olduğunu vurğulayaraq iqtisadi dayanıqlılığın əhəmiyyətini diqqətə çatdırıb. Enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması, müasir nəqliyyat infrastrukturunun yaradılması və regional bağlantı imkanlarının genişləndirilməsi Azərbaycanın strateji əhəmiyyətini artırır. Əlverişli coğrafi mövqeyimizlə yanaşı, həyata keçirilən infrastruktur layihələri və qonşu dövlətlərlə qurulan əməkdaşlıq əlaqələri ölkəmizi Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasında müstəqil və prinsipial xarici siyasət xüsusi rol oynayır. Ölkəmiz müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur, beynəlxalq təşkilatlarda fəal iştirak edir və qlobal problemlərin həllinə töhfə verməyə çalışır. Bu siyasətin əsasını dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsipləri təşkil edir. Prezident İlham Əliyevin Forumdakı çıxışında beynəlxalq münasibətlərdə ikili standartlara qarşı vurğulanan fikirlər də məhz bu yanaşmanın ifadəsidir.

Dövlətimizin başçısı Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğalın, etnik təmizləmənin və mədəni irsin dağıdılmasının beynəlxalq münasibətlərdə ədalət prinsipinin nə qədər vacib olduğunu göstərdiyini bildirib. Beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə seçici yanaşma dövlətlər arasında etimadı zəiflədir, münaqişələrin həllini çətinləşdirir. Müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etmək və onlara kənardan siyasi iradə diktə etmək cəhdləri əvəzinə qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlərə üstünlük verilməlidir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, davamlı beynəlxalq əməkdaşlıq yalnız bu prinsiplərin ardıcıl tətbiqi ilə mümkündür.

2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması baxımından mühüm hadisə olub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda münasibətlərin yeni mərhələyə keçməsi üçün zəmin yaradıb. İndi əsas vəzifə əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və regionda uzunmüddətli sülhün təmin edilməsidir. Bununla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Müxtəlif bölgələrdə münaqişələrin davam etməsi, yeni gərginlik ocaqlarının yaranması dövlətlərin təhlükəsizlik məsələlərinə daha həssas yanaşmasını tələb edir. Buna görə də Azərbaycanın iqtisadi gücünün artırılması, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, müasir infrastrukturun inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Ölkəmiz dialoq və əməkdaşlığın tərəfdarı olmaqla yanaşı, milli maraqlarının və təhlükəsizliyinin qorunmasını da prioritet hesab edir.

Beləliklə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın inkişafının təməlində dayanan milli birlik, multikulturalizm, iqtisadi dayanıqlılıq və müstəqil xarici siyasət amillərini bir daha ön plana çıxarır. Azərbaycan öz tarixi və milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Ölkəmizin təcrübəsi güclü dövlətçilik, cəmiyyətin həmrəyliyi və qarşılıqlı hörmət prinsiplərinin həm milli inkişafın, həm də beynəlxalq nüfuzun möhkəmlənməsinin əsas şərtlərindən olduğunun göstəricisidir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Geri dön