Ana Sayfa > Özəl > Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Milli hədəflər, güclü dövlət və savadlı gələcək
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Milli hədəflər, güclü dövlət və savadlı gələcəkBu gün, 16:35. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi tarixi yolun, qazandığı nailiyyətlərin geniş mənzərəsini əks etdirir. Qurultayda Dövlət başçısının çıxışı təkcə daxili auditoriya üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyan mesajlarla zəngin idi. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, partiyanın fəaliyyəti və siyasi xətti artıq yalnız ölkə daxilində deyil, Cənubi Qafqaz miqyasında da aparıcı qüvvəyə çevrilib: “Partiyamızın qəbul etdiyi qərarlar və seçdiyi yol təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün böyük önəm daşıyır. Otuz ildən artıqdır ki, müxalifət partiyası kimi yaranmış Yeni Azərbaycan Partiyası ölkəni idarə edir və bu dövrdə əldə edilən bütün uğurlarda onun fəallarının əvəzsiz payı var.” Bu gün Azərbaycan yalnız öz gücü, xalqın yumruq kimi birliyi və Ali Baş Komandanın qətiyyətli siyasəti sayəsində ədaləti bərpa etmiş qalib ölkədir. Azərbaycanın müasir tarixində ən əlamətdar səhifələrdən biri Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpasıdır. Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi “Bu iki hərbi qələbə təkcə xalqımız və dövlətimiz üçün deyil, bütün dünya üçün yeni bir presedent yaratdı. Azərbaycan təkbaşına, böyük güclərin açıq və gizli müqavimətinə baxmayaraq, işğala və separatizmə son qoydu. Bölgəmizdə və dünyanın müxtəlif nöqtələrində baş verən qlobal münaqişələr fonunda hər zaman ayıq-sayıq olmalı, ordumuzu və təhlükəsizlik sistemimizi ən yüksək səviyyədə saxlamalıyıq ki, heç bir xarici qüvvə ölkəmizə qarşı hər hansı təxribat törətmək cəsarətində bulunmasın.” Bu gün fiziki təhlükəsizliklə yanaşı, ideoloji müstəvidə ayıq-sayıqlığın qorunması da xüsusi əhəmiyyət daşıyır. Qloballlaşma və rəqəmsal əsr dövründə xalqın milli birliyini sarsıtmağa, gənclərin şüurunu zəhərləməyə yönəlmiş xarici təbliğat kampaniyalarına qarşı ən güclü qalxan keyfiyyətli təhsil, dərin vətənpərvərlik və milli dəyərlərə sadiqlikdir. Prezident İlham Əliyevin çıxışında təhsilin ideoloji təhlükəsizliyin təmin olunmasında mühüm vasitə kimi dəyərləndirilməsi hər bir təhsil işçisi üçün xüsusi məna daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ideoloji təxribatlara və saxta məlumatlara qarşı ən güclü səngər təhsildir: “Xalqımız nə qədər savadlı, bilikli və yüksək təhsilli olarsa, kənar dairələrin cəmiyyətimizi çaşdırmağa, gənclərimizin düşüncəsini zəhərləməyə yönəlmiş çirkin planları bir o qədər boşa çıxacaqdır.” Bu fikir təhsil işçiləri üçün birbaşa vəzifədir. Qloballaşan dünyada, kiberhücumların və informasiya müharibələrinin səngimədiyi bir dövrdə gənclərin şüurunu yad təsirlərdən, zərərli ideologiyalardan qorumaq üçün hər bir müəllim ön cəbhədə xidmət edən əsgər kimi ayıq-sayıq olmalıdır. Müasir dövrdə sərhədləri tanımayan ideoloji hücumlar, xüsusilə internet məkanında və süni intellekt vasitəsilə gənclərin beyninə yönəlib. Bəzi qüvvələr Azərbaycan dilində resurslar yaradaraq xalqımızı çaşdırmaq, birliyimizi pozmaq və müstəqillik yolumuzdan döndərmək istəyirlər. Belə bir şəraitdə məktəbin vəzifəsi yalnız şagirdlərə fənn bilikləri verməklə məhdudlaşmır. Məktəb eyni zamanda müstəqil düşünən, məlumatı təhlil etməyi bacaran, həqiqətlə yanlış məlumatı fərqləndirən, milli və ümumbəşəri dəyərlərə hörmətlə yanaşan şəxsiyyət yetişdirməlidir. Müəllim şagirddə araşdırmaq həvəsi, düzgün qərar vermək bacarığı, vətənə bağlılıq və cəmiyyət qarşısında məsuliyyət hissi də formalaşdırmalıdır. Çünki güclü dövlətin gələcəyi, ilk növbədə, savadlı, yaradıcı və milli maraqları dərk edən gənclərdən asılıdır. Prezidentin çıxışında vurğulanan vətənpərvərlik ideyası təhsil müəssisələrinin gündəlik fəaliyyətində də əsas istiqamətlərdən biri olmalıdır. Vətənpərvərlik yalnız tarixi günlərin qeyd edilməsi və tədbirlərin təşkili ilə məhdudlaşmır. O, şagirdin öz dilinə, tarixinə, mədəniyyətinə, dövlət rəmzlərinə və xalqının mənəvi irsinə hörmətində, təhsilə münasibətində, əməksevərliyində və ictimai məsuliyyətində özünü göstərir. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin, şəhidlərimizin qəhrəmanlığının və xalqımızın birliyinin gənc nəslə düzgün çatdırılması milli yaddaşın qorunması baxımından vacibdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin reallıqları, xalqımızın təkbaşına əldə etdiyi ədalət və qürur hissi dərsliklərdən tutmuş auditoriyalara qədər hər yerdə gənc nəslə aşılınmalı, qürur mənbəyimiz kimi təbliğ olunmalıdır. Bu gün ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan misli görünməmiş quruculuq işləri fonunda təhsil infrastrukturu da tamamilə yenilənir. Azad olunmuş torpaqlarımızda tikilən müasir məktəblər, bərpa olunan təhsil ocaqları “Böyük Qayıdış” proqramının ayrılmaz tərkib hissəsidir. Həmin bölgələrdə balaca məktəblilərin səslərinin eşidilməsi, yeni intellektual mühitin formalaşması dövlətimizin qüdrətinin və uzaqgörən siyasətinin əyani sübutudur. Məktəblərdə keyfiyyətli təhsilin təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və müasir dünyagörüşünə malik gənclərin yetişdirilməsi hamımızın ortaq məsuliyyətidir. Hər bir dərs, hər bir maarifləndirici fəaliyyət, hər bir şagirdin qazandığı uğur ölkəmizin gələcəyinə qoyulan sərmayədir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən strateji fikirlər bu baxımdan hər bir təhsil işçisini öz fəaliyyətinə daha böyük məsuliyyətlə yanaşmağa, müasir tələblərə uyğun işləməyə və gələcəyin vətəndaşlarının yetişdirilməsi naminə səylərini artırmağa çağırır. Biz dərk edirik ki, cəmiyyətin inkişafı, ideoloji təmizliyi və intellektual potensialının yüksəldilməsi birbaşa təhsilin keyfiyyətindən asılıdır. İnanırıq ki, YAP fəalları və ölkənin ziyalı ordusu birlikdə dövlətimizin inkişafı, gənclərimizin layiqli vətəndaş kimi yetişməsi istiqamətində bundan sonra da yorulmadan çalışacaq, qarşıya qoyulan bütün strateji hədəflərin həyata keçirilməsinə öz dəyərli töhfələrini verəcəklər. Vüsalə Xaməmmədqızı YAP Zəngilan rayon təşkilatının fəalı Geri dön |