Ana Sayfa > Siyasət > Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır
Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradırBu gün, 17:01. Yazar: azer |
![]() Dünyada münaqişələrin, dini və mədəni ziddiyyətlərin, qlobal qütbləşmənin dərinləşdiyi bir dövrdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Belə bir şəraitdə Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki təcrübəsi əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə, dini və mədəni müxtəlifliyə hörmətə əsaslanır. Ölkəmizdə müsəlmanların, xristianların və digər dini icmaların dinc şəraitdə birgə yaşaması multikultural dəyərlərin cəmiyyət həyatındakı rolunu nümayiş etdirir. Dünyəvi dövlət quruluşu və müxtəlif mədəniyyətlərə açıq münasibət Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinə də möhkəm zəmin yaradır. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. O bildirib ki, 2008-ci ildən əsası qoyulan “Bakı Prosesi” və onun mühüm tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal miqyasda dialoq mədəniyyətinin təşviqinə verdiyi töhfənin göstəricisidir. Prezident İlham Əliyevin söylədiyi kimi, “biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır”. Deputat qeyd edib ki, Forumun əsas üstünlüyü fərqli mövqelərə malik insanları ortaq müzakirə müstəvisində birləşdirməsi, problemlərin həlli üçün qarşılıqlı anlaşma imkanları yaratmasıdır. Forum çərçivəsində səsləndirilən fikirlər, irəli sürülən təkliflər və qurulan əməkdaşlıq əlaqələri zamanla konkret təşəbbüslərə çevrilir. Əsas məsələ müzakirələrin davamlı əməkdaşlığa, qarşılıqlı etimada və münaqişələrin qarşısının alınmasına xidmət etməsidir. Qloballaşma və rəqəmsallaşma dövründə gənclərin bu proseslərə cəlb olunması da xüsusi əhəmiyyət kəsb edir. Dezinformasiya və nifrət çağırışlarının geniş yayıldığı bir şəraitdə gənclərin dialoq mədəniyyətini mənimsəməsi, texnologiyalardan məsuliyyətlə istifadə etməsi daha sülhsevər dünyanın qurulmasına töhfədir. “Azərbaycanın bu istiqamətdə formalaşdırdığı beynəlxalq platforma göstərir ki, dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır. Bakı Forumuna qatılan nümayəndələr də bu fikri bölüşür ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq hər zamankından daha çox lazımdır. Sivilizasiyaların öz daxilində də dialoqa ehtiyac var. Bu baxımdan, növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq”, - deyə N.Məmmədova vurğulayıb. Geri dön |