Ana Sayfa > Özəl > Zəfərdən gələcəyə uzanan siyasi yol

Zəfərdən gələcəyə uzanan siyasi yol


Bu gün, 11:22. Yazar: azer
Zəfərdən gələcəyə uzanan siyasi yol

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələni ifadə etməklə yanaşı, dövlətimizin qazandığı tarixi nailiyyətlərin, qarşıda duran vəzifələrin və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qurultay nümayəndəsi kimi iştirak etdiyim bu mötəbər tədbirdə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkəmizin keçdiyi mürəkkəb tarixi yolun, əldə edilən Zəfərlərin və müstəqil dövlət quruculuğunun məntiqi nəticələrinin dərindən dərk olunması üçün mühüm siyasi mənbə təsiri bağışladı. Çıxışın əsas qayəsi aydın idi: Azərbaycanın bugünkü qüdrəti təsadüfi uğurların deyil, uzunmüddətli strategiyanın, milli birliyin və ardıcıl dövlət siyasətinin nəticəsidir.

Qurultayın əhəmiyyətini artıran başlıca amillərdən biri onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk partiya qurultayı olması idi. Bu reallıq tədbirin siyasi məzmununa xüsusi çalar verirdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın dövlətçilik salnaməsində yeni səhifə açdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, 8 Noyabr və 20 Sentyabr tarixləri milli iradənin, qətiyyətin və suverenlik hüququnun təntənəsidir. Qurultay zalında bu tarixi hadisələrin siyasi mahiyyətinə bir daha nəzər salarkən aydın görünürdü ki, əldə edilmiş nəticələr yalnız hərbi üstünlüklə məhdudlaşmır, bütövlükdə ölkənin beynəlxalq mövqeyini və gələcək inkişaf imkanlarını müəyyənləşdirir.

Bu möhtəşəm nəticələrin təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin dərin siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir dövrün tələbindən irəli gəlirdi. Xalqın taleyinə məsuliyyətlə yanaşan insanların Ulu Öndərin ətrafında birləşməsi milli dövlətçiliyin qorunması və Azərbaycanın gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi sabitliyin yaradılması, beynəlxalq təcridin aradan qaldırılması və enerji strategiyasının həyata keçirilməsi ölkəmizin güclənməsinə möhkəm zəmin hazırladı.

Qurultay nümayəndəsi kimi mənim üçün Prezident İlham Əliyevin çıxışında bu tarixi varisliyin xüsusi vurğulanması da diqqətəlayiq idi. Ulu Öndərin siyasi xətti dəyişməz qalaraq müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Müstəqilliyin qorunması, iqtisadi suverenliyin möhkəmləndirilməsi, hərbi qüdrətin artırılması və milli maraqların beynəlxalq müstəvidə ardıcıl müdafiəsi bu siyasətin əsas istiqamətləridir. Məhz həmin strateji ardıcıllıq Azərbaycanın uzun illər ərzində qarşılaşdığı çətinlikləri arxada qoymasına, öz gücünə arxalanan dövlət kimi formalaşmasına imkan verib.

VIII Qurultayda səsləndirilən fikirlər bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu onun iqtidar partiyası statusu ilə məhdudlaşmır. Partiya milli maraqların müdafiəsi, cəmiyyətin siyasi həmrəyliyinin qorunması və dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması baxımından da mühüm məsuliyyət daşıyır. Prezidentin ideoloji fəaliyyətin müasir tələblərə uyğun qurulması, formal yanaşmalardan uzaqlaşılması və həqiqətlərin cəmiyyətə dolğun çatdırılması barədə fikirləri bu baxımdan xüsusi aktuallıq kəsb edir. İnformasiya mühitində müxtəlif manipulyasiyaların yayıldığı şəraitdə vətənpərvərlik, savadlılıq və milli dəyərlərə bağlılıq cəmiyyətin ideoloji təhlükəsizliyinin mühüm dayaqlarıdır.

Çıxışın digər mühüm istiqaməti Azərbaycanın gələcək inkişafının təhlükəsizlik, iqtisadi güc və fəal xarici siyasət arasında üzvi əlaqə əsasında qurulması idi. Prezident İlham Əliyev hərbi potensialın daim artırılmasını zəruri vəzifə kimi müəyyənləşdirərkən sülhün qorunmasının da güclü dövlət və etibarlı müdafiə imkanları tələb etdiyini diqqətə çatdırdı. Eyni zamanda, ölkəmizin müxtəlif beynəlxalq platformalarda qazandığı nüfuz, genişlənən tərəfdaşlıq əlaqələri və müstəqil siyasi xətti Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirir. Azərbaycan artıq yalnız öz milli maraqlarını qoruyan deyil, həm də beynəlxalq əməkdaşlığa töhfə verən etibarlı tərəfdaş kimi tanınır.

İqtisadi inkişafla bağlı səsləndirilən prioritetlər də ölkənin gələcək imkanlarının genişliyini göstərirdi. Enerji təhlükəsizliyində artan rolumuz, nəqliyyat dəhlizlərinin inkişafı, investisiyaların cəlbi və maliyyə dayanıqlığının qorunması Azərbaycanın strateji mövqeyini möhkəmləndirən əsas amillərdəndir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni yaşayış məntəqələrinin salınması dövlət siyasətinin sosial və humanitar mahiyyətini ortaya qoyur. Böyük Qayıdışın sürətləndirilməsi ölkənin tarixi ədaləti bərpa etmək əzminin real nəticələrindən biridir.

Mənim qurultay nümayəndəsi kimi iştirak etdiyim bu tədbirdən aldığım əsas qənaət budur ki, Yeni Azərbaycan Partiyasının siyasi xətti keçmişin uğurlarını qorumaqla kifayətlənmir, gələcəyin çağırışlarına da məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin çıxışı partiyanın qarşısında duran vəzifələri dövlətin strateji hədəfləri ilə əlaqələndirərək hər bir üzvün üzərinə düşən məsuliyyəti aydın şəkildə müəyyənləşdirdi. Azərbaycanın qarşıdakı dövrdə də öz müstəqil inkişaf yolunu inamla davam etdirməsi milli birliyin qorunmasından, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindən və ümummilli məqsədlər naminə birgə fəaliyyət göstərilməsindən asılıdır. VIII Qurultayın siyasi əhəmiyyəti də məhz bu həqiqəti bir daha təsdiqləməsindədir.

İlkin Hüseynov,
Tovuz Su Melorasiya Sistemlerinin İstismarı idarəsinin Abonent xidmətləri şöbəsinin rəisi,qurultay nümayəndəsi

Geri dön