Ana Sayfa > Dünya > ABŞ İranda rejimi devirmək üçün taktikanı dəyişir?

ABŞ İranda rejimi devirmək üçün taktikanı dəyişir?


Bu gün, 15:17. Yazar: vasif
ABŞ İranda rejimi devirmək üçün taktikanı dəyişir?


“ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etmək fikrindədir”.

Belə bir iddianı ekspert Hüseyn Ağayi irəli sürüb. O deyib ki, budəfəki hücum əvvəlkilərdən fərqlənə, məhdud hücumdan rejimi dəyişdirməyə cəhdə qədər dəyişə bilər.

Bu arada “The New York Times" qəzeti mənbələrə istinadla yazıb ki, Amerika və İsrail hərbçiləri noyabr ayında ABŞ Konqresinə keçiriləcək ara seçkilərdən sonra İrana hücumları bərpa etmək planları hazırlayıb.

Nəşrə görə, “ehtimal olunan hədəflər İranın enerji infrastrukturunu, nüvə obyektlərini, raket və pilotsuz təyyarə arsenalını əhatə edəcək”. Qəzet daha sonra yazıb ki, bu, “qısa, lakin gərgin bir əməliyyat olacaq”.

Əlavə olaraq qeyd olunur ki, Pentaqon rəhbəri Pete Hegseth bu həftə İsrailin Baş naziri Binyamin Netanyahu ilə yeni zərbələri müzakirə etmək üçün görüşüb.

Prezidenti Donald Tramp isə jurnalistlərə bildirib ki, İranla bağlı bu və ya digər şəkildə tezliklə nəsə baş verəcək: “Əksər insanlar bunun seçkilərdən sonra (3 noyabr –red.) olacağını düşünür. Görək nə olacaq”.

ABŞ həqiqətənmi İranda rejimi devirmək üçün taktikanı dəyişir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, adətən super güclər özlərinə o qədər arxayın olurlar ki, savaş strategiyalarını asanlıqla dəyişdirmirlər: “Mən ABŞ-ın da son zamanlar İrana qarşı strategiyasını dəyişdirdiyinə inanmıram. Savaş başladığı andan indiyədək eyni fikirdəyəm: ABŞ-ın İrana qarşı müharibəsi eynilə İraqda olduğu kimi iki mərhələyə bölünəcək. Birinci mərhələnin son hissəsi ABŞ-da və İsraildə keçiriləcək seçkilərdən sonraya təsadüf edəcək. Vaşinqton və Təl-əviv seçkilərdən sonra İranı ağır şəkildə bombalayacaq, onun iqtisadi obyektlərini, strateji infrastrukturlarını böyük ölçüdə sıradan çıxaracaq. Neft alış-verişini tamamilə dayandıracaq. Ağır maliyyə sanksiyaları ilə İran xalqını çətin imtahana çəkəcək. Yaraladığı ölkəni qan itirib tamamilə çöküşə tərk edəcək və bir neçə ildən sonra ikinci həmləsini həyata keçirəcək. Necə ki, bunu İraqda etdi. I Körfəz savaşında (1990) İraqı yerlə yeksan edib çəkildi. İraq kürdlərinin daha rahat hərəkət etməsi üçün 36-cı paralelə uçuş qadağası gətirdi və aktıv döyüşlərdən geri çəkildi. Üzərindən 13 il keçəndən sonra - 2003-cü ildə II Körfəz savaşına başladı. Bu müddət ərzində tədricən tükənmə prosesi keçirərək bitab hala düşən İraqın ABŞ-a qarşı savaşmaq əzmi qalmadığından onu rahatlıqla işğal etdi. 13 il ərzində İraqda özünə tərəfdarlar da toplaya bilmişdi və İraqın işğalında onlardan da yardım aldı.

Nə yazıq ki, hazırda İranda da bu proseslər gedir. Qərb nəşrlərinin yazdığına görə, İranın bağladığı Hörmüz boğazı tamamilə onun nəzarətindən çıxıb. Artıq İraqa sığınan PKK qüvvələri də İranla sərhədə cəmləşib və hər an hücuma keçmək üçün əmr gözləyirlər. Təbii ki, I mərhələdə bu hücumlar nizami xarakter daşımayacaq, daha çox vur-qaç taktikası ilə terror hücumları şəklində özünü göstərəcək. Nəticədə İranın əsas sosial bazası sayılan Azərbaycan türkləri də aktivləşəcək və silahlanaraq özünü qorumağa çalışacaq. Silahlanma prosesi “arzuolunan” hala gəldikdən sonra ikinci mərhələyə start veriləcək”.

Heydər Oğuzun fikrincə, savaşın ikinci mərhələsində İranın qarşısında 3 seçənək qalacaq: ya etnik savaşlarla müxtəlif dövlətlərə parçalanaraq yox olacaq, ya İslam adlı rejimdən xilas olmaq üçün bütün etnik qruplar eyni hədəf ətrafında birləşərək demokratik və dünya ilə inteqrasiyaya meyilli, sekulyar cəmiyyət quracaqlar, ya da rejim nümayəndələri ağ bayraq qaldırıb ABŞ iradəsinə təslim olacaq. Amma dərd burasındadır ki, molla rejimi təslim olmaq istəsə belə, onun indiki müttəfiqləri – Çin və Rusiya müxtəlif təxribatlar törədərək buna imkan verməyə bilərlər. Çünki İran elə bir məkanda yerləşir ki, dünyanı idarə edən imperialist qüvvələr onu rəqibinə buraxmazlar. Əks halda, bu, dünya enerji mənbələrinin rəqibin əlinə keçməsi anlamına gələr. Odur ki, bütün güc mərkəzləri bacardıqları qədər İranı müharibələrlə çalxalamağa çalışacaqlar. Açığını deyim ki, İran bir çox fürsətləri mənasız dirənişi ilə itirmiş vəziyyətdədir. Bu qədər inadkarlığa ehtiyac yox idi. Vaxtında anlaşıb müəyyən güzəştlərlə mövcudluğunu davam etdirə bilərdi. Amma bunu etmədi və nəticədə ən ağır ssenarilərlə üzləşmək məcburiyyətindədir”.

Heydər Oğuzun fikrincə, ABŞ-İran müharibəsi yalnız İranla da məhdudlaşmayacaq: “Bu müharibə İraq, Livan, Yəmən kimi ölkələrə də yayılacaq. Ən pisi isə odur ki, Məkkə İttifaqının da bu proseslərə qoşulma ehtimalı var və bu da İslam dünyasında yeni məzhəb müharibələrinin çıxması anlamına gəlir”.
Geri dön