Ana Sayfa > Siyasət > Qubadlı – Zəfərin işığında doğma yurda qayıdış

Qubadlı – Zəfərin işığında doğma yurda qayıdış


Bu gün, 11:01. Yazar: azer
Qubadlı – Zəfərin işığında doğma yurda qayıdış

Hər bir xalqın tarixində milli yaddaşa əbədi həkk olunan, qürur və iftixar mənbəyinə çevrilən əlamətdar günlər var. 25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycan xalqının yaddaşında məhz belə bir tarix kimi yaşayır. Bu gün dövlətimizin qüdrətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və xalqımızın doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirir.

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrindən biridir. Özünəməxsus təbiəti, qədim abidələri və milli-mənəvi dəyərləri ilə tanınan bu torpaq əsrlər boyu insanların doğma yurd sevgisinin, el-obaya bağlılığının rəmzi olub.

Lakin 1993-cü il avqustun 31-də rayonun işğal edilməsi Qubadlı sakinlərini doğma evlərindən didərgin saldı. Uzun illər qubadlılılar ata-baba torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. Bu arzu bütövlükdə Azərbaycan xalqının tarixi ədalətin bərpasına inamını ifadə edirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və hərbçilərimizin fədakarlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu mühüm hərbi qələbə Laçın istiqamətində irəliləyiş üçün də strateji əhəmiyyət daşıyırdı.

Qubadlının azad olunması təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi idi. 2020-ci il dekabrın 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını ucaltması şəhərin tarixində yeni mərhələnin başlanğıcını simvolizə etdi.

Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 25-i Qubadlı Şəhəri Günü elan edildi. Bu əlamətdar tarix Zəfər salnaməmizin yaşadılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlıda yeni infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və sosial obyektlərin inşası doğma yurdda həyatın dirçəldilməsinə xidmət edir. Böyük Qayıdış çərçivəsində sakinlərin öz torpaqlarına qayıtması, rahat yaşayış şəraitinin yaradılması və bölgənin iqtisadi potensialının reallaşdırılması əsas prioritetlərdəndir.

Qubadlının gələcəyi onun insanları, tarixi-mədəni irsi və inkişaf imkanları ilə bağlıdır. Şəhərin yenidən qurulması ilə yanaşı, milli ənənələrin qorunması, gənc nəslin doğma yurda bağlılıq ruhunda yetişdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Qubadlının dirçəlişi Azərbaycanın quruculuq əzminin və gələcəyə inamının ifadəsidir.

25 Oktyabr – Qubadlı Şəhəri Günü Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını minnətdarlıqla anmaq üçün də əlamətdar gündür. Bu tarix bir daha sübut edir ki, milli birlik, dövlət qətiyyəti və xalqın Vətənə bağlılığı ən çətin sınaqlardan belə qalib çıxmağa imkan verir.

Qubadlı bu gün azadlığın, milli qürurun və dirçəlişin rəmzidir. Onun yenidən qurulması, sakinlərinin doğma torpaqlara qayıdışı Zəfərimizin davamı və gələcək nəsillərə ünvanlanan mühüm tarixi mesajdır.

25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın Zəfər salnaməsinin parlaq səhifəsi, doğma yurda qayıdışın və yeni həyatın təntənəsidir. Azad Qubadlı Azərbaycanın müstəqilliyinin, birliyinin və qüdrətinin təcəssümüdür.

Əminə Ağazadə,
Milli Məclisin deputatı


Geri dön