Ana Sayfa > Ölkə > Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq


Bu gün, 15:49. Yazar: azer
Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

Bugünkü günümüzə min şükür, dədə-baba yurdumuza qayıdırıq. Prezidentimizə təşəkkür edirik ki, torpaqlarımızı azad edib yenidən bizə qovuşdurdu. Bu sevinci bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, Allah onlara rəhmət eləsin. Qazilərimizə və müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayırıq.

Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Heyvalı kəndinə qayıdan Zöhrə Qasımova söyləyib.

Otuz ildən artıq davam edən köçkünlük həyatının çətinliklərindən danışan Zöhrə Qasımova deyib: “Doğma yurddan kənar düşmək çox çətindir. Amma bu gün sevincimizin həddi-hüdudu yoxdur. Gedib kəndimizdə yeni həyat quracağıq. Övladlarımızla birlikdə öz şəraitimizi yaradıb doğma kəndimizdə firavan yaşayacağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı və Ağdərə rayonlarına yola salınıb. Bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülür.
Geri dön