Ana Sayfa > Ölkə > AYNA, AYNA, söylə mənə: M7 30 dəqiqədir harada?

AYNA, AYNA, söylə mənə: M7 30 dəqiqədir harada?


Bu gün, 15:10. Yazar: azer
AYNA, AYNA, söylə mənə: M7 30 dəqiqədir harada?

Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər yeni ekspres marşrutun fəaliyyətində yaranan problemlərdən narazıdırlar. Metronun “20 Yanvar” stansiyasından paytaxtın şərq istiqamətindəki bir sıra ərazilərinə hərəkət edən M7 avtobuslarının gecikməsi və dayanacaqlarda uzun müddət gözləmə sərnişinlərin gündəlik həyatını çətinləşdirib.

Musavat.com xəbər verir ki, sentyabrın 6-dan fəaliyyətə başlayan M7 ekspres marşrutu ilk vaxtlar sərnişinlərdə müsbət gözləntilər yaratsa da, son günlər avtobusların hərəkət intervalı ilə bağlı narazılıqlar artıb.

Sərnişinlərin sözlərinə görə, səhər saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığındakı dayanacaqda fərqli mənzərə ilə qarşılaşırlar. M4 və M5 marşrutlarına aid avtobuslar dayanacaqda sıra ilə gözlədiyi halda, sərnişin sıxlığının yüksək olduğu M7 xəttində avtobus tapmaq çətinləşib.

Nəticədə işə və dərsə tələsən insanlar dayanacaqda uzun müddət gözləməli olurlar. Sərnişinlər M7 avtobusunun gəlməsi üçün bəzən 25-30 dəqiqə vaxt itirdiklərini bildirirlər.

Yeni marşrutun yaradılmasında əsas məqsəd sərnişin sıxlığını azaltmaq və şəhərin müxtəlif istiqamətləri arasında nəqliyyat əlaqəsini yaxşılaşdırmaq olsa da, M7 avtobuslarının sayının yetərli olmaması bu gözləntiləri doğrultmur.

Sərnişinlər xüsusilə səhər saatlarında nəqliyyatın düzgün bölüşdürülməməsindən narazıdırlar. Onlar bir istiqamətdə bir neçə avtobusun gözlədiyi halda, digər istiqamətdə sərnişinlərin uzun müddət nəqliyyatsız qalmasını normal hesab etmirlər.

Qeyd edək ki, M7 ekspres marşrutu “20 Yanvar” metrostansiyasını “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyaları ilə əlaqələndirir. Marşrutun yaradılmasında məqsəd sərnişin tələbatını qarşılamaq və metro xətlərinin ayrılması ilə əlaqədar yaranan nəqliyyat ehtiyacını azaltmaqdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqladığı məlumata görə, avtobusların hərəkəti metronun iş rejiminə uyğun olaraq saat 06:00-dan 00:00-dək təşkil edilməlidir.

Sərnişinlər aidiyyəti qurumlardan M7 xəttində avtobusların sayının artırılmasını, hərəkət intervallarının optimallaşdırılmasını və xüsusilə pik saatlarda nəqliyyatın daha səmərəli təşkilini istəyirlər. Yeni marşrutun açılması ilə bağlı elan edilən məqsədlərə nail olmaq üçün yalnız xətt yaratmaq kifayət deyil. Sərnişinlərin real tələbatına uyğun avtobus sayı və hərəkət qrafiki də təmin edilməlidir.

Musavat.com məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb.

AYNA-dan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, M7 marşrut xəttində avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir:

"Avtobusun keçdiyi küçə və prospektlərdə, xüsusilə də avtobus zolağının olmadığı ərazilərdə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın arrtmasına səbəb ola bilir. Buna baxmayaraq, daşıyıca xüsusilə səhər və axşam pik saatlarında avtobus sayının sərnişin tələbatına əsasən tənzimlənməsi ilə bağlı tapşırıq verilib", - deyə quurmdan bildirilib.

Şahanə Rəhimli,
Musavat.com
Geri dön