Ana Sayfa > Siyasət > İrəvan sülh prosesində yenidən durğunluq yaradır
İrəvan sülh prosesində yenidən durğunluq yaradırBu gün, 13:53. Yazar: azer |
![]() Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ilə bağlı son aylar Ermənistan daxilində müzakirələrə, Baş nazir Paşinyan və digər rəsmilər tərəfindən səsləndirilən fikirlərə diqqət yetirdikdə sülh gündəliyinin irəlilədilməsi istiqamətində bu ölkə tərəfindən daha ciddi və nəticəyönümlü addımlar atılmasının müşahidə edilmədiyi təəssüflə vurğulanmalıdır. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib. Onun sözlərinə görə, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin 2025-ci ilin mart ayında razılaşdırılmasının ardınca həmin ilin iyul ayında BƏƏ-də ikitərəfli formatda iki ölkə liderinin vasitəçisiz görüşünün baş tutması, xüsusilə də həmin ilin 8 avqust tarixində ABŞ prezidentinin şahidliyi ilə Vaşinqton görüşü zamanı normallaşma prosesi tarixində ATƏT-in Minsk qrupunun ləğvi və sülh sazişinin paraflanması kimi çox mühüm qərarların qəbul olunması sülh prosesinə müsbət təsir göstərib. “Belə ki, məhz Prezident İlham Əliyevin sülh təşəbbüsü çərçivəsində irəliləyən normallaşma prosesi sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların fəaliyyəti, o cümlədən komissiyaların həmsədrlərinin Azərbaycan və Ermənistan ərazilərində görüşlərinin baş tutması, vətəndaş cəmiyyəti təmsilçilərinin görüşləri, Ermənistanın işğalçılıq siyasəti səbəbindən bu ölkəyə tətbiq edilən ticarət və tranzit məhdudiyyətlərinin Azərbaycan tərəfindən birtərəfli qaydada aradan qaldırılması və nəticədə istər neft məhsullarımızın, istərsə də 3-cü ölkələrdən, xüsusilə Rusiyadan malların Ermənistana göndərilməsi kimi mühüm addımlar qeyd edilməlidir. Unutmayaq ki, Ermənistan iqtidar partiyasının və şəxsən Paşinyanın seçki kampaniyası prosesində sülh gündəliyi məsələsi də öndə olan məqamlardan idi. Hazırda iki ölkə arasında sülh sazişinin imzalanması və sonrakı mərhələdə diplomatik münasibətlərin qurulması yolunda maneə Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müstəqillik bəyannaməsinə istinadın yer almasıdır”, - deyə deputat vurğulayıb. Zaur Şükürov əlavə edib ki, sülh gündəliyi çərçivəsində sazişin imzalanması, ratifikasiya olunması və iki dövlət arasında diplomatik əlaqələrin qurulması ardıcıl şəkildə atılmalı olan addımlardır: “Lakin, bir neçə gün öncə Ermənistanın Baş nazirinin Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalamaq niyyətini bəyan etməsi, eksklavlar/anklavlar mövzusunun hökumətlərarası komissiyada müzakirə olunmamasına baxmayaraq, bu məsələni gündəmə gətirməsi qeyri-müəyyənliyi daha da artırmaqla yanaşı, komissiyanın effektivliyinə mənfi təsir göstərir. Həmçinin, Ermənistanın ədliyyə naziri S.Qalyanın cari ilin sentyabr və oktyabr aylarında yeni konstitusiya layihəsi ilə əlaqədar səsləndirdiyi fikirlərə baxmayaraq, layihənin müzakirə və ya dərc olunmasına dair konkret əməli fəaliyyətin, TRIPP layihəsinin reallaşdırılması istiqamətində işlərin gedişində də intensivliyin nəzərə çarpmaması bu prosesdə, əvvəlki dövrlərdə olduğu kimi, Ermənistan tərəfinin sözü ilə əməlinin yenə də uzlaşmaması anlamına gəlir. Daha doğrusu, Ermənistanın mövqeyi səbəbindən son 2-3 ayda prosesdə demək olar ki, müəyyən durğunluq müşahidə edilir və Paşinyan hökumətinin siyasi iradə nümayiş etdirməsi, seçki kampaniyası zamanı sülh tərəfdarı olması ilə bağlı sərgilədiyi mövqeyinə sadiqliyini təsdiq edərək, daha qətiyyətli addımlar atması vacibdir. İstər Ermənistan cəmiyyəti, istərsə də sülh prosesinin yekunlaşmasında marağını ifadə edən dövlətlər və beynəlxalq təşkilatlar anlamalı və qəbul etməlidirlər ki, Ermənistanda ölkəmizə qarşı ərazi iddialarının yer almayacağı yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması baş tutmayacaq”. Geri dön |