Ana Sayfa > Siyasət > Qubadlı zəfəri Azərbaycanın qələbə salnaməsinin şanlı səhifəi

Qubadlı zəfəri Azərbaycanın qələbə salnaməsinin şanlı səhifəi


Bu gün, 13:44. Yazar: azer
Qubadlı zəfəri Azərbaycanın qələbə salnaməsinin şanlı səhifəi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad olunmuş ərazilərdə şəhər günlərinin təsis edilməsi xalqımızın tarixi Zəfərinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il qeyd olunan bu əlamətdar tarixlər xalqımızın doğma torpaqlarına bağlılığını, milli tarixinə və yaddaşına olan hörmətini ifadə edir. Həmin Sərəncama uyğun olaraq, oktyabrın 25-i Qubadlı şəhəri günü elan edilib.

Qubadlı rayonunun Ermənistanla 120 kilometrlik sərhədə malik olması onun uzun müddət düşmən hücumları ilə üzləşməsinə səbəb olmuşdu. 1988-ci ildən başlayaraq həm Ermənistan ərazisindən, həm də keçmiş Dağlıq Qarabağ istiqamətindən rayona qarşı təcavüzkar hərəkətlər həyata keçirilir, dinc sakinlər terror və zorakılıqlara məruz qalırdılar. Bu hadisələrin nəticəsi olaraq, 1993-cü il avqustun 31-də Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində 29 997 nəfər öz doğma yurdunu tərk etməyə məcbur oldu. Rayonun 94 yaşayış məntəqəsinə, minlərlə evə, sosial təyinatlı binalara və mədəniyyət obyektlərinə ciddi ziyan vuruldu, bölgənin iqtisadi imkanları böyük ölçüdə məhv edildi. İşğal illərində Ermənistan beynəlxalq hüququn tələblərinə zidd şəkildə qanunsuz məskunlaşdırma siyasəti də aparırdı. Xaricdən köçürülən ermənilər üçün Qubadlının Xanlıq kəndində yaşayış məntəqəsinin salınması bu siyasətin bariz nümunələrindən biri idi. İşğal edilmiş ərazilərdə belə fəaliyyətlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir. Azərbaycan Prezidentinin təşəbbüsləri və məqsədyönlü fəaliyyəti nəticəsində işğal dövründə törədilmiş dağıntıların, eləcə də qanunsuz əməllərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsi Vətən müharibəsinin gedişində mühüm hərbi nailiyyətlərdən biri oldu. Düşmən şəhərdə möhkəm müdafiə istehkamları qurmuş, ətrafdakı strateji yüksəkliklərdə hərbi mövqelərini yerləşdirmişdi. Bu səbəbdən əməliyyatın uğurla həyata keçirilməsi üçün ilk növbədə həmin yüksəkliklərin nəzarətə götürülməsi tələb olunurdu. Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirərək düşmənin müdafiə xəttini yarıb keçdi və oktyabrın 25-də Qubadlı şəhərini azad etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu qələbənin tarixi əhəmiyyətini belə ifadə edib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Qubadlı uğrunda əməliyyatın uğurla başa çatması Azərbaycan Ordusunun növbəti hərbi əməliyyatlarını daha əlverişli şəraitdə davam etdirməsinə imkan yaratdı. Noyabrın 9-dək şəhərlə yanaşı, rayonun daha 41 kəndi də işğaldan azad olundu. Əldə edilən bu uğur Laçın istiqamətində irəliləyişin təmin edilməsinə, strateji mövqelərin nəzarətə götürülməsinə və qarşı tərəfin hərbi imkanlarının zəiflədilməsinə mühüm təsir göstərdi. Azərbaycan əsgərlərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində torpaqlarımızın azadlığı təmin edildi.

Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri tarixi Qələbənin mühüm nəticələrindən biri kimi diqqət çəkir. Şəhərin Baş planının təsdiqlənməsi, enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi, yeni avtomobil yollarının salınması, Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma tədbirlərinin aparılması əhalinin doğma torpaqlarına qayıdışı üçün zəruri şərait formalaşdırır. Bu layihələr yalnız dağıdılmış infrastrukturun bərpasına deyil, həm də rayonun iqtisadi və sosial həyatının yenidən canlandırılmasına xidmət edir. Qubadlı şəhəri günü bir tərəfdən xalqımızın qəhrəmanlıq salnaməsini, digər tərəfdən isə azad edilmiş torpaqlarda başlanan yeni quruculuq mərhələsini təcəssüm etdirir. Hər il bu tarixi günün qeyd olunması Vətən uğrunda mübarizədə göstərilən igidliyin unudulmamasına, milli birliyin möhkəmlənməsinə və Qubadlının gələcək inkişafının əhəmiyyətinin vurğulanmasına xidmət edir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.


Geri dön