Ana Sayfa > Siyasət > Qubadlının azadlığı Zəfər tariximizin mühüm mərhələsi

Qubadlının azadlığı Zəfər tariximizin mühüm mərhələsi


Bu gün, 13:07. Yazar: azer
Qubadlının azadlığı Zəfər tariximizin mühüm mərhələsi

Azərbaycanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi xalqımızın yaddaşına şanlı Zəfər tarixinin ən mühüm səhifələrindən biri kimi həkk olunub. Bu müharibə zamanı əldə edilən əhəmiyyətli qələbələrdən biri də 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi idi. Düşmənin ərazidə möhkəm müdafiə istehkamları yaratmasına və şəhərə hakim yüksəkliklərdə hərbi mövqelər qurmasına baxmayaraq, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti, peşəkarlığı və qəhrəmanlığı sayəsində qarşısına qoyulan tapşırıqları uğurla həyata keçirdi. Döyüşlərin ilk mərhələsində strateji əhəmiyyətli yüksəkliklər ələ keçirildi, ardınca Xanlıq, Padar və Sarıyataq kəndləri də daxil olmaqla ətraf yaşayış məntəqələri azad edildi. Oktyabrın 25-də Qubadlı şəhəri düşmən işğalından qurtuldu. Noyabrın 9-dək rayonun daha 41 kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Qubadlının azad olunması müharibənin sonrakı mərhələlərinə mühüm təsir göstərərək tarixi qələbəmizin əldə edilməsini daha da yaxınlaşdırdı. Şəhərin və rayonun azadlığı uğrunda döyüşən hərbi qulluqçularımızın göstərdikləri igidlik və fədakarlıq dövlətimiz tərəfindən yüksək səviyyədə qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında döyüşlərdə şəxsi cəsarət və şücaət nümayiş etdirən minlərlə hərbçimiz həmin medalla təltif olundu. Vətən müharibəsinin başa çatmasından sonra, 2020-ci il dekabrın 23-də Qubadlıya səfər edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi hadisə milli suverenliyimizin bərpasını, torpaqlarımızın öz həqiqi sahiblərinə qayıtmasını və dövlətimizin ərazi bütövlüyünün təmin olunmasını təcəssüm etdirən rəmzi məna daşıyır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 25-nin Qubadlı şəhəri günü elan edilməsi isə bu şanlı tarixin xalqımızın milli yaddaşında daim qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

İşğaldan azad olunmuş ərazilərdə geniş vüsət alan bərpa və yenidənqurma işləri Qubadlının da qarşısında yeni inkişaf imkanları açıb. Vətən müharibəsində qazanılan Zəfərdən sonra azad edilmiş torpaqlarda müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Qubadlı rayonunda görülən işlər də dövlətin bu istiqamətdə müəyyənləşdirdiyi strategiyanın mühüm hissəsini təşkil edir. Cənab Prezident İlham Əliyevin rayona mütəmadi səfərləri aparılan quruculuq tədbirlərinin vəziyyətinin qiymətləndirilməsi, layihələrin sürətləndirilməsi və qarşıda duran məsələlərin yerində araşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının Qubadlıya səfərləri çərçivəsində Xanlıq-Qubadlı avtomobil yolunun təməli qoyulub, rayonun enerji təminatında mühüm rol oynayan “Qubadlı” yarımstansiyası istifadəyə verilib. Bununla yanaşı, şəhərin ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird üçün nəzərdə tutulan tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Həyata keçirilən bu layihələr ərazidə sosial infrastrukturun bərpasına, əhalinin gündəlik ehtiyaclarının qarşılanmasına və sakinlər üçün müasir yaşayış şəraitinin formalaşdırılmasına yönəlib.

Qubadlının gələcək inkişafı təsadüfi və qısamüddətli tədbirlərlə deyil, uzunmüddətli perspektivləri nəzərə alan planlaşdırma əsasında qurulur. 2025-ci il sentyabrın 9-da Qubadlı şəhərinin 2040-cı ilədək inkişafını müəyyənləşdirən Baş planın təsdiqlənməsi bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Həmin sənəd şəhərin gələcək simasının formalaşdırılmasını, yaşayış və ictimai ərazilərin düzgün təşkilini, eləcə də mühəndis-kommunikasiya və digər infrastruktur şəbəkələrinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, rayonun fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin edilməsi üçün müasir enerji sistemləri qurulur, nəqliyyat infrastrukturunun yenilənməsi məqsədilə yeni yolların tikintisi həyata keçirilir. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın istiqamətlərində aparılan yol layihələri rayonun digər ərazilərlə əlaqələrinin yaxşılaşdırılmasına, insanların rahat hərəkətinə və iqtisadi münasibətlərin genişlənməsinə şərait yaradacaq.

Ermənistanın işğalı dövründə Qubadlının təbii sərvətləri, meşə örtüyü və tarixi-mədəni abidələri ciddi zərər görüb. Yaşayış məntəqələri ilə yanaşı, rayonun turizm imkanlarını müəyyən edən bir sıra ərazilər də dağıntılara və baxımsızlığa məruz qalıb. Hazırda əsas vəzifələrdən biri bu itkilərin aradan qaldırılması, təbii sərvətlərin qorunması, tarixi irsin bərpası və Qubadlının özünəməxsus gözəlliklərinin gələcək nəsillərə çatdırılmasıdır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və münbit torpaq sahələri iqtisadi fəaliyyətin yenidən canlandırılması üçün geniş potensial yaradır. Bu imkanlardan səmərəli istifadə edilməsi kənd təsərrüfatının inkişafına, turizm sahəsinin canlanmasına və yeni məşğulluq imkanlarının yaranmasına töhfə verə bilər.

Qubadlıda həyata keçirilən quruculuq prosesi yalnız dağıdılmış binaların və infrastruktur obyektlərinin yenidən tikilməsi ilə məhdudlaşmır. Əsas məqsəd müasir şəhər mühitinin yaradılması, kəndlərin əvvəlki həyat ritminə qaytarılması, əhalinin sosial rifahının yaxşılaşdırılması, iqtisadi fəallığın artırılması və Böyük Qayıdış proqramının uğurla reallaşdırılmasıdır. Bu istiqamətlər bir-birini tamamlayaraq rayonun davamlı inkişafının əsasını təşkil edir. Qubadlının azadlığı uğrunda əldə edilən tarixi Zəfər bu gün onun yenidən qurulması və dirçəldilməsi üçün möhkəm zəmin yaradıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl bərpa və inkişaf siyasəti nəticəsində Qubadlı özünün yeni inkişaf mərhələsinə qədəm qoyur, gələcəyə inamla irəliləyir və doğma torpaqlarına qayıdan insanların firavan yaşayışı üçün yenidən formalaşır.

Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.


Geri dön