Ana Sayfa > Siyasət > Qubadlı – Zəfərin ucaltdığı bayraq, dirçəlişin yazdığı tarix

Qubadlı – Zəfərin ucaltdığı bayraq, dirçəlişin yazdığı tarix


Dünən, 11:21. Yazar: azer
Qubadlı – Zəfərin ucaltdığı bayraq, dirçəlişin yazdığı tarix

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərində bir şəhərin taleyi, bütöv bir xalqın iradəsi və illərlə davam edən yurd həsrətinin sonu ifadə olunub. 2020-ci il oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Həmin gün bu torpağın yollarına, dağlarına, çaylarına həsrətlə boylanan insanların qəlbində yeni bir ümid doğdu. Qubadlıya qayıdış artıq arzu deyil, gerçəkliyin özü idi.

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı təbiətinin gözəlliyi, zəngin torpaqları və əlverişli coğrafi mövqeyi ilə seçilir. Həkəri və Bərgüşad çaylarının vadiləri, meşələri, münbit düzləri bu diyarın təbii sərvətidir. İşğaldan əvvəl burada taxıl, üzüm, tütün və bostan məhsulları yetişdirilir, heyvandarlıq inkişaf etdirilirdi. Əkin sahələri, bağlar, kəndlər və el-obanın gündəlik həyatı Qubadlının özünəməxsus mənzərəsini yaradırdı. Bu torpaqda həyatın ritmi təbiətlə, zəhmətlə, el adətləri ilə birgə axırdı.

Lakin 1988-ci ildən başlayaraq Qubadlı ağır günlər yaşamağa başladı. Ermənistanla uzun sərhəd xəttində yerləşən rayonun dinc əhalisi hücumlara və terrora məruz qaldı. 1993-cü il avqustun 31-də Qubadlı tamamilə işğal edildi. İnsanlar ev-eşiklərini, doğma kəndlərini, ata-baba ocaqlarını tərk etməyə məcbur oldular. Bir vaxtlar qaynayan həyətlər səssizləşdi, yolların səsi kəsildi, doğma yurdun qapıları sakinlərinin üzünə bağlandı.
İşğalın ağrısı təkcə evlərin, məktəblərin, inzibati binaların dağıdılması ilə ölçülmürdü. Qubadlılılar öz həyatlarını yenidən qurmaq məcburiyyətində qaldılar. Rəsmi məlumatlara görə, 29 997 nəfər məcburi köçkün Azərbaycanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşdı. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi ev, sosial və mədəniyyət obyekti, körpülər və mühüm infrastruktur dağıdıldı, yararsız vəziyyətə salındı. Doğma yurddan uzaqda keçən illər insan yaddaşında silinməz izlər buraxdı. Ancaq Qubadlıya bağlılıq nə zamanla zəiflədi, nə də məsafə ilə azaldı. İnsanlar bir gün geri dönəcəklərinə inanırdılar.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu inamın gerçəkləşməsi üçün tarixi şərait yaratdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşlərə başladı. Hər gün cəbhədən gələn qələbə xəbərləri xalqın ruhunu yüksəldir, illərlə yığılıb qalmış həsrətin sona yaxınlaşdığını göstərirdi.

Qubadlı istiqamətində döyüşlər asan keçmədi. Şəhərə hakim yüksəkliklərdə möhkəmlənən düşmən mövqelərini ələ keçirmək, strateji ərazilərə nəzarəti təmin etmək və şəhərə doğru irəliləmək böyük hərbi peşəkarlıq tələb edirdi. Azərbaycan əsgərləri çətin relyefə, düşmənin müqavimətinə baxmayaraq, qarşıya qoyulan tapşırıqları yerinə yetirdilər. Xanlıq, Padar və Sarıyataq istiqamətlərində əldə olunan uğurlar Qubadlı əməliyyatının gedişində mühüm rol oynadı.
Oktyabrın 25-də şəhərin azad edilməsi xəbəri bütün Azərbaycanda böyük sevinc doğurdu. Qubadlı üzərində üçrəngli bayrağımızın dalğalanması sadəcə hərbi qələbə deyildi. Bu, doğma torpağa sahib çıxmağın, illərlə qorunan inamın və milli iradənin təntənəsi idi. Qubadlının azad olunması Vətən müharibəsinin gedişinə ciddi təsir göstərdi və böyük Zəfərə aparan yolu yaxınlaşdırdı. Noyabrın 9-dək şəhərlə yanaşı, rayonun 41 kəndi də işğaldan azad edildi.

Qubadlı uğrunda döyüşən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bu medala layiq görülən hərbçilərimizin şücaəti xalqımızın yaddaşında yaşayacaq. Çünki hər qarış torpağın azadlığının arxasında əsgərimizin cəsarəti, şəhidlərimizin fədakarlığı, qazilərimizin ağrı-acısı dayanır.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağının ucaldılması azadlığın rəmzi mənzərəsinə çevrildi. Sonrakı səfərlərdə yeni infrastruktur layihələrinin təməlləri qoyuldu, enerji təminatı, yollar, yaşayış məhəllələri və sosial obyektlərlə bağlı işlərə başlanıldı. Azad edilmiş torpaqlarda quruculuq fəaliyyəti genişləndikcə Qubadlının gələcək siması da aydınlaşmağa başladı.

2021-ci il oktyabrın 25-də 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının açılması şəhərin enerji təminatı baxımından əhəmiyyətli hadisə oldu. Elektrik verilişi xətləri ilə yanaşı, fiber-optik rabitə infrastrukturunun yaradılması da bölgənin müasir texnologiyalara çıxışını genişləndirdi. Bunlar ilk baxışda texniki layihələr təsiri bağışlasa da, əslində, yaşayışın bərpası, iqtisadi fəaliyyətin canlanması və insanların qayıdışı üçün zəruri addımlardır.
Qubadlıda indi yeni yaşayış məhəlləsi salınır, kəndlər yenidən qurulur, yollar çəkilir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın 2025-ci il sentyabrın 9-da təsdiqlənməsi gələcək quruculuğun əsas istiqamətlərini müəyyənləşdirir. İlk yaşayış məhəlləsində 21 binanın və 176 mənzilin inşası nəzərdə tutulub. Mahruzlu kəndində birinci mərhələdə 190 evin, Zilanlı kəndində isə 159 evin tikintisi planlaşdırılıb. Qubadlı–Eyvazlı və yeni Qubadlı–Laçın avtomobil yolları kimi layihələr rayonun nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edir.
Bu işlərin hər biri Qubadlının gələcəyinə qoyulan sərmayədir. Yeni evlərdə ailələrin səsi eşidiləcək, məktəblərdə uşaqların gülüşü duyulacaq, küçələrdə yenidən həyat qaynayacaq. İllərlə yurd həsrəti çəkən insanlar üçün qayıdış yalnız ünvan dəyişikliyi deyil. Bu, öz keçmişinə, xatirələrinə, doğma torpağın nəfəsinə qovuşmaqdır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən edilib. Bu tarix təqvimdə bir gün olmaqdan daha böyük məna daşıyır. O, xalqımızın torpağa bağlılığını, dövlətimizin ərazi bütövlüyünü bərpa etmək iradəsini və Azərbaycan əsgərinin qəhrəmanlığını xatırladır.

Qubadlı bu gün həm keçmişin ağrısını, həm də gələcəyin ümidini özündə daşıyır. Onun hər dağı, hər çayı, hər kəndi Vətən tarixinin bir parçasıdır. İşğal illəri bu torpağın yaddaşından silinməyəcək, amma Qubadlının gələcəyi dağıntılarla deyil, quruculuqla, ayrılıqla deyil, qayıdışla, həsrətlə deyil, həyatla yazılacaq.

25 oktyabr Qubadlının azadlıq günüdür. Bu günün ən böyük mənası isə doğma torpağa qayıtmaq haqqının zəfər çalmasıdır. Qubadlıda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin əmanətinə sədaqətin, milli birliyimizin və gələcəyə inamımızın rəmzidir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini

Geri dön