Ana Sayfa > Siyasət > 20 Oktyabr – Zəngilan şəhəri günü: azadlıqdan dirçəlişə uzanan yol

20 Oktyabr – Zəngilan şəhəri günü: azadlıqdan dirçəlişə uzanan yol


Bu gün, 11:02. Yazar: azer
20 Oktyabr – Zəngilan şəhəri günü: azadlıqdan dirçəlişə uzanan yol

20 Oktyabr tarixi Azərbaycan xalqının yaddaşına şanlı Qələbə salnaməsinin parlaq səhifələrindən biri kimi həkk olunub. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu Vətən müharibəsi gedişində Zəngilan şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Otuz ilə yaxın həsrətlə gözlənilən bu gün Zəngilanın tarixində yeni mərhələnin başlanğıcı oldu və sonradan şəhərin adına bağlı xüsusi bayram kimi qeyd olunmağa başladı. Hər il bu tarixdə nəinki zəngilanlılar, bütün Azərbaycan xalqı Vətən torpağının bir parçasına qovuşmanın sevincini yaşayır, şəhidlərimizin əziz xatirəsini yad edir, qazilərimizə dərin minnətdarlığını bildirir.
Zəngilan rayonu Azərbaycanın cənub-qərb hissəsində, Kiçik Qafqazın cənub yamaclarında, Zəngəzur dağlarının ətəyində yerləşir. Ərazisi təxminən 707 kvadratkilometrdir. Rayon şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası ilə Araz çayı boyunca, qərbdən isə Ermənistanın Meğri bölgəsi ilə həmsərhəddir; ərazisinin müəyyən hissəsi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna da yaxındır. Relyefi dağlıq, dağətəyi və düzənlik zonalarının qovuşuğundan ibarətdir. Bərgüşad silsiləsinin yamacları rayonun şimal-qərbində ucalır, cənubda isə Araz boyunca məhsuldar ovalıqlar uzanır. Həkəri, Bərgüşad və Oxçu çayları ərazini kəsib keçərək Araza tökülür və torpağı həyat verən nəmliklə təmin edir. İqlimi mülayim-isti, yarımsəhra və quru çöl xüsusiyyətlidir; qışı yumşaq, yayı isə quraq keçir. Meşələri, dağ-çəmən örtüyü və Bəsitçay Dövlət Təbiət Qoruğunun məşhur şərq çinar meşəsi bu diyarın təbii sərvətləri sırasındadır. Zəngilan həm də strateji baxımdan mühüm mövqedə yerləşir, çünki Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən keçən nəqliyyat marşrutları məhz bu torpaqlardan başlayır.
İşğaldan əvvəl Zəngilanın iqtisadiyyatında kənd təsərrüfatı aparıcı rol oynamış, üzümçülük, tütünçülük və heyvandarlıq əhalinin əsas məşğuliyyət sahələrindən olmuşdur. Rayonun füsunkar təbiəti, geniş meşə sahələri və xüsusilə çinar meşələri onun təbii sərvətlərinin zənginliyini nümayiş etdirirdi. Zəngilan həm də qədim tarixə malik arxeoloji və memarlıq abidələri ilə tanınırdı. Orta əsr şəhər mədəniyyətinin izlərini yaşadan Şəhri Şərifan xarabalıqları bu ərazinin tarixi əhəmiyyətini əks etdirən mühüm abidələrdəndir.
1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Zəngilan rayonu işğal edilmiş, 1993-cü il oktyabrın 29-da rayon Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçmişdir. Uzun illər doğma yurdlarından ayrı düşən zəngilanlılar torpaq həsrəti ilə yaşamış, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləmişlər. İşğal dövründə rayonun yaşayış məntəqələri, infrastrukturu və təsərrüfat obyektləri dağıntılara məruz qalmış, bir vaxtlar həyatla dolu olan yurd yerləri viran edilmişdir.

2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi ilə bu həsrətin sona çatmasına aparan yeni mərhələnin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfərə doğru inamla irəliləyərək Zəngilanı işğaldan azad etdi. Bu qələbə yalnız bir şəhərin azadlığı deyil, həm də xalqımızın iradəsinin, ordumuzun gücünün və torpaqlarımıza bağlılığımızın təntənəsi idi. Zəngilanın azad olunması ilə Azərbaycan–İran dövlət sərhədinin həmin istiqamətdə 132 kilometrlik hissəsində nəzarət bərpa edildi. Rayonun azadlığı uğrunda döyüşlərdə igidlik və şücaət göstərmiş 6 974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.
Zəngilanın azadlığı ilə başlayan yeni dövr bu torpaqlarda həyatın yenidən canlandırılması, dağılmış yurd yerlərinin dirçəldilməsi və gələcəyə inamın möhkəmləndirilməsi ilə səciyyələnir. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə geniş vüsət verilmiş, Zəngilan bu prosesin əsas mərkəzlərindən birinə çevrilmişdir. Rayonun strateji mövqeyi və nəqliyyat imkanları nəzərə alınaraq mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Zəngilan Beynəlxalq Hava Limanının inşası regionun nəqliyyat əlaqələrinin genişləndirilməsi və beynəlxalq iqtisadi münasibətlərə inteqrasiyası baxımından mühüm addım olmuşdur. Bu torpaqlarda quruculuğun ən parlaq nümunələrindən biri Ağalı kəndidir. Müasir şəhərsalma və innovativ idarəetmə prinsipləri əsasında salınan Ağalı “Ağıllı kənd” layihəsinin ilk nümunələrindən biri kimi Azərbaycanın yenidənqurma təcrübəsində xüsusi yer tutur. Burada yaşayış evləri ilə yanaşı, sosial obyektlər, müasir infrastruktur və əhalinin rahat yaşayışını təmin edən şərait yaradılmışdır. Ağalı sakinlərinin doğma kəndlərinə qayıdaraq burada yeni həyata başlamaları Böyük Qayıdışın artıq gerçəkliyə çevrildiyini göstərir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bir zamanlar dağıntıların hökm sürdüyü ərazilərdə yollar çəkilir, yaşayış məntəqələri salınır, məktəblər, sosial və iqtisadi obyektlər tikilir. Ərazilərin minalardan təmizlənməsi və təhlükəsiz yaşayış şəraitinin yaradılması istiqamətində görülən işlər insanların doğma yurdlarına qayıdışını sürətləndirir. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Böyük Qayıdış yalnız insanların doğma evlərinə qayıtması deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın yaşadılması və gələcək nəsillər üçün firavan həyatın qurulması deməkdir. Zəngilanın timsalında Azərbaycan xalqı bir daha sübut edir ki, torpağa bağlılıq, milli birlik və qətiyyət ən ağır sınaqlar qarşısında belə öz gücünü itirmir. Bu gün Zəngilanın yenidən qurulan kəndləri, salınan yolları və doğma yurduna qayıdan sakinləri xalqımızın Zəfər salnaməsinin canlı səhifələridir.

Zəngəzurun tarixi yaddaşı, Zəngilanın azadlığı və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın keçmişdən gələcəyə uzanan mübarizə və inkişaf yolunun mühüm tərkib hissəsidir. Bu yolun əsas məqsədi tarixi torpaqlarımızda həyatın bərpası, milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə güclü, müstəqil və inkişaf edən Azərbaycan mirasının ötürülməsidir. Zəngilanın azad olunmasının 6-cı ildönümü bizə xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənə sədaqət ən böyük dəyərlərimizdəndir.

Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Geri dön