Ana Sayfa > Özəl > Cənubi Qafqazda yeni iqtisadi birlik yarana bilər – Azərbaycan üçün hansı imkanlar açılır?

Cənubi Qafqazda yeni iqtisadi birlik yarana bilər – Azərbaycan üçün hansı imkanlar açılır?


Bu gün, 22:00. Yazar: vasif
Cənubi Qafqazda yeni iqtisadi birlik yarana bilər – Azərbaycan üçün hansı imkanlar açılır?




Cənubi Qafqaz ölkələri arasında vahid azad ticarət məkanının yaradılması təşəbbüsü gündəmə gəlib. Təklifin reallaşması Azərbaycan, Gürcüstan və Ermənistan arasında iqtisadi münasibətlərin genişlənməsinə, regionun beynəlxalq ticarətdə mövqeyinin güclənməsinə şərait yarada bilər.

Təşəbbüslə Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada “Geocase” analitik təşkilatının rəhbəri Viktor Kipiani çıxış edib. O bildirib ki, ümumi ticarət məkanının formalaşdırılması regional əməkdaşlığı gücləndirməklə yanaşı, Cənubi Qafqaz ölkələrinin beynəlxalq rəqabət qabiliyyətini də artıra bilər.

Məsələni dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov təşəbbüsün iqtisadi baxımdan perspektivli olduğunu, lakin onun həyata keçirilməsi üçün bir sıra siyasi və hüquqi şərtlərin təmin edilməsinin vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, azad ticarət məkanı yalnız gömrük rüsumlarının aradan qaldırılması demək deyil. Bunun üçün regionda davamlı sülh, qarşılıqlı etimad, nəqliyyat əlaqələrinin tam fəaliyyəti və vahid ticarət mexanizmləri formalaşdırılmalıdır.

Hazırda Cənubi Qafqaz ölkələrinin fərqli iqtisadi sistemlərə inteqrasiyası da prosesə təsir göstərən əsas amillərdəndir. Gürcüstan Avropa İttifaqı ilə geniş azad ticarət rejimindən istifadə edir, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür, Azərbaycan isə müstəqil ticarət siyasəti yürüdür.

Aydın Hüseynov hesab edir ki, bu fərqlər nəzərə alınaraq regional iqtisadi inteqrasiya mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə sərhəd-keçid və gömrük prosedurlarının sadələşdirilməsi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və tranzit imkanlarının inkişaf etdirilməsi məqsədəuyğundur.

Növbəti mərhələdə müəyyən məhsul qrupları üzrə güzəştli ticarət rejimlərinin tətbiqi, daha sonra isə ümumi azad ticarət məkanının yaradılması müzakirə oluna bilər.

Təşəbbüs Azərbaycan üçün də mühüm iqtisadi imkanlar yarada bilər. Regional bazarların yaxınlaşması yerli istehsalçıların ixrac imkanlarını genişləndirə, daşınma xərclərini azalda, Orta Dəhlizin əhəmiyyətini artıra və xarici investisiyaların cəlbini stimullaşdıra bilər.

Prezident İlham Əliyev də Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində Cənubi Qafqazda formalaşan sülh mühitinin ticarət, nəqliyyat və investisiya əməkdaşlığı üçün yeni perspektivlər açdığını vurğulayıb.

Ekspertlərin yanaşmasına görə, Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranması uzunmüddətli perspektivdə mümkün olsa da, bunun əsas şərti davamlı sülh və qarşılıqlı etimaddır. Belə bir modelin reallaşması regionun qarşıdurma məkanından daha geniş ticarət və iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsinə təkan verə bilər.
Geri dön