Ana Sayfa > Siyasət > Bakıdan Asiyaya uzanan əməkdaşlıq mesajı: Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə çıxışı

Bakıdan Asiyaya uzanan əməkdaşlıq mesajı: Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə çıxışı


Bu gün, 17:49. Yazar: azer
Bakıdan Asiyaya uzanan əməkdaşlıq mesajı: Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə çıxışı

Azərbaycanın beynəlxalq nüfuzu, regional əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüququn prinsiplərinin müdafiəsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı bu prioritetlərin beynəlxalq müstəvidə bir daha ifadəsi oldu.
Dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin iştirak etdiyi Zirvə Görüşü Asiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik məsələlərinin müzakirəsi və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və qlobal məsələlərin həllində fəal iştirakını nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Ermənistanın uzun illər davam etmiş işğalçılıq siyasətinin nəticələri, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyi xüsusi yer tutdu.Dövlətimizin başçısı vurğuladı ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən təsirli mexanizmlərin mövcudluğu sülhün və təhlükəsizliyin qorunması üçün mühüm şərtdir. Azərbaycanın üzləşdiyi işğal faktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin uzun illər icrasız qalması beynəlxalq münasibətlər sistemindəki ikili standartların və selektiv yanaşmaların yaratdığı problemləri aydın şəkildə göstərdi.
Azərbaycan uzun müddət münaqişənin sülh yolu ilə həllinə çalışsa da, nəticə əldə olunmadı. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa olundu. Beləliklə, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanan tarixi ədaləti öz gücü hesabına təmin etdi.
Prezident İlham Əliyevin çıxışında mühüm məqamlardan biri də Azərbaycanın qələbədən sonra revanşizm siyasətinə deyil, sülhün təmin edilməsinə üstünlük verməsi idi. Dövlətimizin başçısı ölkəmizin müharibədən sonra Ermənistana sülh təklif etdiyini vurğulayaraq, regionda davamlı sabitliyin qorunmasının vacibliyini diqqətə çatdırdı.
AQEM çərçivəsində əməkdaşlığın yeni mərhələsi
Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Prezident İlham Əliyev çıxışında nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyini bildirdi. Bu istiqamətlər müasir dövrdə dövlətlər arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, yeni imkanların yaradılması və ortaq çağırışlara birgə cavab verilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Zirvə Görüşü zamanı Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv qəbul edilməsi də təşkilatın coğrafiyasının və əməkdaşlıq imkanlarının genişlənməsinin göstəricisi oldu. Bu qərar Azərbaycanın sədrliyi dövründə təşkilatın daha əhatəli dialoq platformasına çevrilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilə bilər.
Bakıda keçirilən görüş bir daha təsdiqlədi ki, müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, iqtisadi inkişaf və sabitlik bir-biri ilə sıx bağlıdır. Bu məqsədlərə nail olmaq üçün dövlətlər arasında qarşılıqlı hörmətə, suverenliyə və ərazi bütövlüyünə əsaslanan əməkdaşlığın gücləndirilməsi vacibdir.
Azərbaycanın artan beynəlxalq nüfuzu
AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakının, müxtəlif dövlətlər arasında dialoqun təşviqinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqi oldu.
Son illərdə Azərbaycan yalnız regional məsələlərdə deyil, daha geniş coğrafiyanı əhatə edən beynəlxalq əməkdaşlıq proseslərində də fəal iştirak edir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və həyata keçirdiyi enerji və bağlantı layihələri Şərqlə Qərb arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasının əsas prinsiplərini bir daha ortaya qoydu: milli maraqların qorunması, beynəlxalq hüquqa hörmət, dövlətlərin suveren bərabərliyi və münaqişələrin davamlı sülh yolu ilə həlli.
Zirvə Görüşünün nəticələri Azərbaycanın AQEM-ə sədrliyinin əhəmiyyətini artırmaqla yanaşı, təşkilat daxilində gələcək əməkdaşlıq üçün də yeni imkanlar yaratdı. Üzv dövlətlərin ortaq təşəbbüsləri Asiyada etimadın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqenin, dövlət suverenliyinin qorunmasına verdiyi önəmin və sülhə əsaslanan əməkdaşlıq prinsipinə sadiqliyinin ifadəsi oldu.
Bakı Zirvəsi göstərdi ki, Azərbaycan beynəlxalq dialoqun inkişafına töhfə verməklə yanaşı, regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində də fəal rol oynayır. Ölkəmizin təşəbbüsləri və diplomatik fəaliyyəti Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və davamlı inkişafın təşviqi üçün mühüm zəmin yaradır.
Azərbaycanın sədrliyi dövründə AQEM-in fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin əhəmiyyətini bir daha nümayiş etdirir. Bu baxımdan, VII Zirvə Görüşü təkcə diplomatik tədbir deyil, həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun və müasir çağırışlar qarşısında fəal mövqeyinin göstəricisidir.

Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri

Geri dön