Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: “Zəngilanın bugünkü siması Azərbaycanın postmüharibə siyasətinin mahiyyətini əks etdirir”

Tamam Cəfərova: “Zəngilanın bugünkü siması Azərbaycanın postmüharibə siyasətinin mahiyyətini əks etdirir”


Bu gün, 17:36. Yazar: azer
Tamam Cəfərova: “Zəngilanın bugünkü siması Azərbaycanın postmüharibə siyasətinin mahiyyətini əks etdirir”

Zəngilan şəhərinin işğaldan azad edilməsindən altı il ötür. Bu tarix Azərbaycanın müasir tarixində yalnız bir şəhərin azad olunmasını ifadə etmir. Zəngilanın azadlığı dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş tarixi Zəfərin mühüm mərhələlərindən biri olmaqla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətdə hərbi qələbəni siyasi, iqtisadi və sosial dirçəlişə çevirən strategiyasının da başlanğıc nöqtələrindən biridir. Bu gün Zəngilanın timsalında biz işğalın dağıtdığı məkanın necə yenidən qurulduğunu, məcburi köçkünlük yaddaşının Böyük Qayıdışla necə əvəzləndiyini və tarixi torpaqların müasir inkişaf məkanına çevrildiyini görürük.

Bu fikirləri aia.az-a açıalamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Zəngilanın tarixi taleyi Azərbaycanın son iki əsrlik siyasi tarixinin mühüm prosesləri ilə sıx bağlıdır. XIX əsrin əvvəllərində Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati-ərazi bölgüsü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın həmin inzibati vahidin tərkibində olmuşdur. Sonrakı siyasi proseslər və xüsusilə 1920-ci ildə Azərbaycanın bolşevik işğalından sonra həyata keçirilən ərazi dəyişiklikləri tarixi-coğrafi bütövlüyümüzə ciddi zərbə vurmuşdur. Zəngəzurun böyük hissəsinin Ermənistanın tərkibinə verilməsi ilə Azərbaycanın qərb istiqamətində ərazi bütövlüyü pozulmuş, Zəngilan, Qubadlı və Laçın isə Azərbaycanın tərkibində qalmışdır.
Bu baxımdan Zəngilanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Rayon Azərbaycanın cənub-qərbində, Araz çayı boyunca İranla dövlət sərhədində yerləşir, şimaldan Qubadlı, şərqdən Cəbrayıl, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Araz, Həkəri, Oxçuçay və Bəsitçay kimi çayların keçdiyi Zəngilan həm təbii ehtiyatları, həm də mühüm geostrateji mövqeyi ilə seçilir. Məhz bu coğrafi mövqe Zəngilanı Azərbaycanın regional təhlükəsizliyi və nəqliyyat-kommunikasiya imkanları baxımından da əhəmiyyətli əraziyə çevirir.
1993-cü ilin oktyabrında Zəngilanın işğalı rayonun tarixində ən ağır səhifələrdən birini yaratdı. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra 67 gün ərzində tam mühasirə şəraitində qalan Zəngilan əhalisi doğma torpaqlarını son ana qədər müdafiə etdi. 25–29 oktyabr 1993-cü ildə 235 nəfər şəhid və itkin verən rayon sakinləri Araz çayını keçərək məcburi köçkün vəziyyətinə düşdülər. İşğal nəticəsində Zəngilanın yaşayış məntəqələri, tarixi-mədəni irsi və infrastrukturu böyük dağıntılara məruz qaldı. Lakin bu işğal Zəngilanın Azərbaycanla tarixi və mənəvi bağlarını heç vaxt qıra bilmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün yeni mərhələ yaratdı. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində əldə etdiyi hərbi uğurlar Zəngilanın azad edilməsi üçün strateji imkanlar formalaşdırdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyat başladı və cəmi iki gün sonra – 20 oktyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Həmin gün Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin də azad edilməsi Zəngilanın bütövlükdə azadlığı istiqamətində mühüm tarixi nəticə oldu. Zəngilan döyüşləri nəticəsində şəhərlə yanaşı, rayonun 4 qəsəbəsi və 49 kəndi də işğaldan azad edildi.

Zəngilanın azadlığı həm də Azərbaycanın İranla dövlət sərhədinin bərpası baxımından mühüm hadisə idi. İşğal altında qalmış 132 kilometrlik sərhəd xəttinin bərpası Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsinin mühüm göstəricisinə çevrildi. Müharibədən dərhal sonra sərhəd boyunca mühafizə və təhlükəsizlik infrastrukturunun yaradılması isə azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsinin dövlət siyasətində prioritet istiqamət olduğunu göstərdi.
Lakin Zəngilanın 2020-ci ildə azad edilməsi ilə başlayan proses yalnız hərbi-siyasi qələbə ilə məhdudlaşmadı. Azərbaycanın qarşısında daha böyük və uzunmüddətli vəzifə – dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi və regionun dayanıqlı inkişafının formalaşdırılması dayanırdı. Bu gün Zəngilan məhz həmin strategiyanın ən mühüm nümunələrindən biridir.

Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi Azərbaycanın Böyük Qayıdış siyasətinin mahiyyətini aydın şəkildə nümayiş etdirir. Burada müasir sosial və iqtisadi infrastrukturun yaradılması, informasiya texnologiyalarının tətbiqi, enerji səmərəliliyinə və ekoloji dayanıqlılığa üstünlük verilməsi göstərir ki, məqsəd sadəcə dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil. Məqsəd insanların təhlükəsiz, müasir və yüksək həyat standartlarına malik yaşayış mühitinə qayıtmasını təmin etməkdir.

Bu mənada Zəngilanın bugünkü siması Azərbaycanın postmüharibə siyasətinin mahiyyətini də əks etdirir. Altı il əvvəl hərbi əməliyyatlarla azad edilən ərazi bu gün yolların, infrastrukturun, yaşayış məkanlarının, sosial obyektlərin və iqtisadi imkanların yaradıldığı yeni inkişaf məkanına çevrilir. İşğalın yaratdığı boşluğun yerini həyat, dağıntıların yerini quruculuq, məcburi köçkünlük yaddaşının yerini isə Böyük Qayıdış tutur.

Zəngilan şəhərinin işğaldan azad edilməsinin altıncı ildönümü bu baxımdan həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq üçün mühüm fürsətdir. Bu tarix bizə bir daha göstərir ki, Azərbaycanın Zəfəri yalnız torpaqların hərbi-siyasi yolla azad edilməsindən ibarət deyil. Əsl tarixi nəticə həmin torpaqlarda həyatın bərpası, insanların doğma yurdlarına qayıtması və azad edilmiş ərazilərin ölkənin ümumi inkişafına inteqrasiyasıdır.

Altı il əvvəl Zəngilan azad edildi. Bu gün isə Zəngilan yenidən qurulur, yaşayır və gələcəyə doğru inamla addımlayır. Bu, Azərbaycanın gücünün, milli iradəsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının ən aydın təzahürlərindən biridir. Zəngilanın keçdiyi yol işğaldan azadlığadək uzanan tarixi mübarizənin artıq dirçəliş və inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön